Şriftin ölçüsü:
28.11.2012 03:54 | Oxunma sayı: 539
Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilmiş, onlardan ümumilikdə 30 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Azərbaycan Respublikasının vətəndaşları-Haxıyev Tural Tahir oğlu, Məmmədov Qabil Sabir oğlu və onun oğlu Asiman Məmmədov saxlanılmışlar. Məlum olmuşdur ki, adları çəkilən şəxslər və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Əhəd adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni - 10 kiloqrama yaxın tiryəki və 977,9 qram heroini İrandan gömrük sərhədindən, gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmişlər.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində İran İslam Respublikasının vətəndaşı Arami Kiyomərs Hüseyn oğlu saxlanılmışdır. Müəyyən edilmişdir ki, Kiyomərs Arami və qeyriləri tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə İran istiqamətindən külli miqdarda narkotik vasitəni qaçaq yolla, yəni gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətirmişlər. Keçirilmiş baxış zamanı Kiyomərs Araminin idarə etdiyi "Volvo" markalı avtobusun arxa oturacağından içərisində 15 kiloqram 162,86 qram həşiş qətranı gizlədilmiş dəmir boru aşkarlanaraq götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Mirzəyev Ağahüseyn Əlihüseyn oğlu və Abdullayev Samir Əyyar oğlu saxlanılmışlar. Keçirilmiş baxış zamanı Ağahüseyn Mirzəyevin idarə etdiyi "VAZ-2121" markalı avtomobilin qabaq oturacağının altından 2 kiloqram 055,14 qram tiryək aşkarlanaraq götürülmüşdür. Məlum olmuşdur ki, Ağahüseyn Mirzəyev, Samir Abdullayev və hazırda şəxsiyyəti istintaqla araşdırılan Nadir adlı İran vətəndaşı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə həmin narkotik vasitəni İran istiqamətindən Azərbaycana qaçaq yolla gətirmişlər.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Kazımov Elxan Şahi oğlu və İran İslam Respublikasının vətəndaşı Bani Reza Soltanəli Bairaməli saxlanılmış, 1 kiloqram 092,11 qram heroin aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, qrup üzvləri arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən həmin narkotik vasitəni İran istiqamətindən Bani Reza Soltanəli Bairaməli idarə etdiyi "Dang Fang" markalı yük avtomobilində qaçaq yolla Azərbaycana gətirmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir neçə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları saxlanılmışlar. Əliyev Kamran Cəbrayıl oğlundan 220,19 qram tiryək, Mehrəliyev Rövşən Yədulla oğlu və Əliyev Cavanşir Cəbrayıl oğlundan isə 257,4 qram heroin aşkarlanaraq götürülmüşdür.
Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq-əməliyyat tədbirləri davam edir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.