Yeni Azərbaycan Partiyası (YAP) müstəqil dövlətimizin memarı və qurucusu, YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında xalq yazıçısı Anarın "Unudulmaz görüşlər" kitabının təqdimatını keçirmişdir.
{nl}
Tədbirdə YAP İdarə Heyəti və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və tanınmış ziyalılar iştirak edirdilər.
{nl}
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov mərasimi açaraq bildirmişdir ki, artıq neçə gündür qədirbilən Azərbaycan xalqı ənənəsinə sadiq qalaraq Fəxri Xiyabana gəlir, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndərin məzarı önünə gül dəstələri düzür, onun əziz xatirəsini dərin ehtiramla anır.
{nl}
Xalqımızın dahi oğlu Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərdən danışan sədr müavini demişdir ki, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasi və dövlət xadimi Heydər Əliyev əsrlər boyu xalqımıza xidmət edəcək çox böyük irs qoyub getmişdir. Müstəqil Azərbaycan dövləti bu irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini getdikcə möhkəmləndirir.
{nl}
Hər bir xalqın öz keçmişinə hörmətlə yanaşdığını qeyd edən Əli Əhmədov vurğulamışdır ki, ulu öndər Heydər Əliyev xalqımız üçün keçmiş deyildir. Son illər qazanılan uğurlar ulu öndərin bu gün də bizimlə olduğunu təsdiq edir. Bu gün dünyada öz yeri, öz səsi olan müstəqil Azərbaycan dövləti məhz ümummilli liderimizin misilsiz xidmətlərinin bəhrəsidir. Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının yaşaması və qalib gəlməsi deməkdir. Nə qədər ki, Azərbaycan var, ulu öndər Heydər Əliyev də vardır və onun ideyaları xalqımızı xoşbəxt gələcəyə aparacaqdır.
{nl}
YAP sədrinin müavini bildirmişdir ki, Heydər Əliyev şəxsiyyətinə xalqımız tərəfindən sonsuz hörmət yalnız xatirəsini anma günlərində ifadə olunmur. Bu çoxsaylı kitabların, əsərlərin nəşrində də öz təsdiqini tapır. Bugünkü tədbir də belə əsərlərdən birinə - xalq yazıçısı Anarın "Unudulmaz görüşlər" kitabına həsr olunmuşdur.
Hər bir kitabın 3 məziyyəti ilə -mövzu, məzmun və müəllifi ilə diqqəti cəlb etdiyini deyən Əli Əhmədov vurğulamışdır ki, təqdimatına toplaşdığımız əsər bu baxımdan çox dolğun bir nəşrdir. Onun həsr olunduğu mövzu xalqımızın dahi oğlu, Azərbaycan tarixində silinməz iz qoymuş Heydər Əliyevlə bağlıdır. Məzmun baxımından bu kitab o qədər maraqlı, əhatəlidir ki, istər-istəməz hər bir oxucunu özünə cəlb edir. Müəllifə gəldikdə isə, söz sahibinin hörməti, nüfuzu nə qədər böyükdürsə, onun ifadə etdiyi fikirlər də həmin çəkiyə malikdir. Bütün bunlar "Unudulmaz görüşlər" kitabının dəyərini daha da artırır.
{nl}
Partiya sədrinin müavini vurğulamışdır ki, kitabda müəllif Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün mədəni intibahının və sürətli inkişafının anatomiyasını açmağa müvəffəq olmuşdur. Ulu öndərin mədəniyyətə, ədəbiyyata, mənəvi dəyərlərə, bütün bunların ağırlığını çiynində daşıyan insanlara münasibəti kitabda konkret faktlarla öz əksini tapmışdır.
YAP sədrinin müavini xalq yazıçısı Anarı ulu öndər Heydər Əliyevə olan məhəbbətini bu kitabda uğurla əks etdirməsi münasibətilə təbrik etmişdir.
{nl}
Mərasimdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Rafael Hüseynov, Fəttah Heydərov, Elmira Axundova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək kitabın məziyyətlərindən danışmış, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin bənzərsiz həyat yolundan söhbət açmış, xalq yazıçısı Anarın kitabında ulu öndərin parlaq obrazının təcəssümünü tapdığını vurğulamışlar. Bildirmişlər ki, bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev fenomenal yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və polad iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə müasiri olduğu insanların dərin rəğbətini və sevgisini qazanmışdır. Kitabda ümummilli liderin bu xüsusiyyətləri 40 ilə yaxın bir dövrü əhatə edən konkret faktlarla və böyük səmimiyyətlə əks olunmuşdur. Eyni zamanda, Heydər Əliyevin insanlara istedadına, bacarığına görə qayğı göstərməsi, elm və sənət xadimlərindən tutmuş sadə zəhmət adamlarına qədər hamının əməyini layiqincə qiymətləndirməsi kimi yüksək keyfiyyətləri yazıçının diqqətindən kənarda qalmamışdır.
Kitab haqqında səslənmiş xoş sözlərə görə təşəkkürünü bildirən Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ulu öndərin böyük dövlətçilik fəaliyyətinin təhlilinə, öyrənilməsinə və təbliğinə dair hələ çox kitabların yazılmasına ehtiyac duyulduğunu bildirmiş, qeyd etmişdir ki, bu əsərlər konkret sənədlərə əsaslanmalıdır.
{nl}
Mərasimə yekun vuran Əli Əhmədov "Təhsil" nəşriyyatında Azərbaycan və rus dillərində nəşr olunmuş kitabın mütaliəsevərlər tərəfindən maraqla qarşılanacağını və Heydər Əliyev irsini öyrənənlər üçün əvəzsiz mənbə olacağını bildirmiş, müəllifə uğurlar arzulamışdır.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.