Azərbaycanın son 20 ildə qazandığı uğurlar artıq beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.Bu illər ərzində ölkəmizin xarici siyasət sahəsində qazandığı nailiyyətlər yadda qalan olmuşdur. Müstəqil dövlətimizin BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, hətta bu quruma sədrlik etməsi Azərbaycanın dünya birliyində artan reytinqinin göstəricisidir.
Artıq dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar da bu uğurlardan fəxrlə söhbət açır və ölkəmizin sürətli inkişafından qürur duyduqlarını bildirirlər. Ancaq adlarını müxalifət qoyan radikal yönümlü dairələr respublikamızın bu uğurlarından sevinmək əvəzinə, nədənsə qısqanclıq hissi keçirirlər. Bu da başadüşüləndir. Çünki xarici himayədarlarının çirkli pulları hesabına daim öz Vətəninə, xalqına və millətinə xəyanət edən belə dairələr hələ də öz antimilli mövqelərindən əl çəkə bilmirlər. AXCP və Müsavat partiyası arasında belə xəyanətkarlara, vəzifəyə görə hətta ermənilərlə də əməkdaşlıq edənlərə daha tez - tez rast gəlinir. Biz zaman - zaman bunun şahidi olmuşuq. Partiya rəhbərlərinin antimilli yol tutmalarına ciddi etiraz edən öz həmfikirləri də onlardan uzaqlaşdıqlarını açıq şəkildə bəyan etmişlər.
Son illər AXCP və Müsavat partiyalarından istefa verənlərin sayı xeyli artmışdır. Xüsusilə, ziyalılar bu partiyaların sıralarında qalmağı özlərinə ar bilmişlər. Onların əksəriyyəti son illərdəki uğurlarımızı yüksək qiymətləndirərək ölkə başçısının ətrafında birləşdiklərini vurğulamışlar. Müxalifətin isə getdikcə nüfuzdan düşməsinin, xalq tərəfindən dəstəklənməməsinin əsas səbəbini daxili didişmələrdə, birincilik üstündə dava - dalaşda görmüşlər. Bir sıra konstruktiv müxalifət partiyalarının rəhbərləri də bildiriblər ki, son illərdə müxalifətin ciddi bir iş görməməsinin, xalq arasında nüfuzdan düşməsinin başlıca səbəbi Müsavat ilə AXCP arasında münasibətlərin qeyri-səmimi qurulması, bu iki partiya arasında ziddiyyətlərin son həddə çatması və "ana müxalifət" davasıdır. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bununla əlaqədar sualları cavablandırarkən deyib:"Uzun müddətdir ki, biz Azərbaycanda siyasi mühitdəyik və ardıcıl olaraq Azərbaycan müxalifətində bir çox mənfi tendensiyalar məhz Müsavat ilə AXCP arasında münasibətlərin düzgün qurulmaması ilə bağlı olub. Biz bundan xeyli qabaq demişdik ki, heç bir halda bu iki qrup bir-birinə güzəştə getməyəcək və İctimai Palatanın tərkibində də vahid namizədlə çıxış etməyəcəkdi". O vurğulayıb ki, İctimai Palata da bu iki partiyanın monopoliyasındadır. Bu qurumun "fəaliyyəti" yalnız Əli Kərimli ilə İsa Qəmbərin diktəsi ilə tənzimlənir. İctimai Palatanın bütün toplantıları "birlik görüntüsü" yaratmaq naminədir.
Əslində, İctimai Palata adlı qondarma qurum iki qruplaşma üzərində yaradılıb. Bir qismi Müsavatın tərəfdarları və üzvləridir, digər qismi isə AXCP tərəfdarları və üzvləridir. Bu onunla bağlıdır ki, İctimai Palata yaradılanda guya müxalifətin bir yerdə olmasını nümayiş etdirmək istəyirdilər. Hadisələrin gedişi isə göstərir ki, radikal müxalifət heç vaxt bir yerdə olamayıb. Ötən illərdə müxalifətin yaratdığı saysız - hesabsız "qurumlar" da bunu təsdiqləyib. Bələdiyyə, parlament və prezident seçkiləri başa çatdıqdan sonra həmin qurumların da "ömrü" dərhal sona çatıb. İctimai Palata da belələrindəndir. Bu qurum hec vaxt indiki iqtidara alternativ ola bilməz. Bunu muxalifət partiyalarının təmsilciləri də etiraf edirlər. BAXCP sədri, Milli Məclisin deputatı Qudrət Həsənquliyevin fikirlərinə diqqət yetirsək bunu aydın hiss edərik. Partiya sədri deyib:"Əvvəla onu deyim ki, ora mənim çox hörmət etdiyim insanlar da qatılıb. Amma orada toplaşan insanların bəziləri son illər ərzində özünü gözdən salıb, xoşagəlməz fəaliyyətlə məşğul olublar. Bu insanların səmimi olaraq bir yerdə birləşməsi mümkün deyil. Bir dəfə belə bir fikir işlətmişdim ki, Azərbaycan siyasətində Əli Kərimli ilə İsa Qəmbər qədər bir-birilərinə patoloji nifrəti olan başqa adam tanımıram. Sən öz rəqibindən çox müttəfiqinə nifrət edirsənsə, necə güzəştə gedə bilərsən, necə uğur qazana bilərsən? Misal üçün, İsa Qəmbər niyə sözündən qaçdı?! Görünür, bu sözü deyəndə birləşməni qeyri-real hesab edirdi, amma hesablamanı da düz aparmamışdı. Yəqin buna Əli Kərimova olan nifrəti mane olmuşdu. İnsana həm həddən artıq bağlı olanda, həm də həddən çox nifrət edəndə onun keyfiyyətlərini görə bilmirsən... Əli Kərimli heç bir zaman müstəqil fəaliyyət göstərə bilmir. Hər zaman kiminsə yanına sığınır. Hətta görəndə ki, özünə başqa müttəfiq tapa bilmir - keçmişdə belə hallar olub, - ən nifrət etdiyi adamın belə qoltuğunun altına sığınıb... İsa Qəmbər də nəzərə almadı ki, o, həmişə özünü çətir altında görmək istəyən siyasətçidir".
Növbəti prezident seçkilərinin başlanmasına hələ xeyli vaxt qalmasına baxmayaraq, artıq İctimai Palatanın da görüntü xatirinə, antiazərbaycan qüvvələrdən qrant almaq üçün yaradıldığı özünü büruzə verir. Qondarma qurumdakı AXCP - Müsavat qruplaşması, necə deyərlər, elə indidən, yəni prezident seçkilərinə hələ xeyli vaxt qalmış öz xislətlərini büruzə verdi. Onlar prezidentlyə "vahid namizədlik" uğrunda açıq savaşa keçiblər. AXCP-nin hədəfi İsa Qəmbər, müsavatçılarınkı isə Əli Kərimlidir. Radikal mövqeli müxalifətin qənaətinə görə, sanki ölkədə bu iki partiyadan başqa müxalifət yoxdur. ADP sədri S.Cəlaloğlu hesab edir ki, bu, düzgün yol deyil və gülüncdür. Müsavat və AXCP-nin bu cür münasibəti bütünlükdə Azərbaycan müxalifətinin məğlubiyyətinə gətirib çıxarıb.
ADP sədri bildirib ki, İctimai Palatanın ümumi rəyi bunlar üçün bir o qədər də önəm daşımır və ən başlıcası da budur ki, hər iki partiyanın qrup və fərdi maraqları ictimai maraqlardan çox-çox üstündür. Hətta müttəfiqləri ilə məsləhətləşmədən hərə öz bildiyi kimi bəyanat verir, özünün namizədliyini elan edir və bu da arzuolunmaz reaksiyalara gətirib çıxarır. Onun qənaətinə görə, bu iki partiya arasında səmimi əməkdaşlıq yoxdur. Bu da bütövlükdə Azərbaycan müxalifətini gözdən salıb. İndi müxalifət adı çəkiləndə hər bir kəsin gözləri önündə vəzifədən ötrü hər cür rəzil hərəkətlərə yol verən insanlar canlanır. Bütün bunların səbəbkarı AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbərdir.
Azadlıq Partiyasının sədri Əhməd Oruc da Müsavat və AXCP-nin 20 ildir uğursuz fəaliyyət göstərdiyini vurğulayıb. O, Müsavat başqanı İsa Qəmbər və ya AXCP sədri Əli Kərimlinin prezident seçkilərində namizədliklərini irəli sürüb-sürməməyinin heç bir əhəmiyyət kəsb etmədiyini bildirib. Onsuz da xalq onların heç birinə səs verməyəcək. Çünki Azərbaycanın indiki sürətli inkişafı, beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmlənməsi, ölkə vətəndaşlarının həyat tərzinin yüksəlməsi, regionlarda yeni iş yerlərinin açılması və yoxsulluğun səviyyəsinin aşağı düşməsi hər bir kəsin ürəyincədir. Müstəqil dövlətimiz bir vaxtlar hər bir azərbaycanlının arzuladığı səviyyəyə çatmaq üzrədir. Bütün bunlara təbii ki, Prezident İlham Əliyev tərəfindən düşünülmüş, məntiqli şəkildə həyata keçirilən daxili və xarici siyasəti sayəsində nail olmuşuq. Bu yüksəlişdən, nailiyyətlərdən sonra kimsə ölkəmizin yenidən 1990-1992-ci illərdəki aclıq, səfalət, yoxsulluq, özbaşınalıq dövrünə qayıtmasını istəyərmi? Axı xalqa çox yaxşı məlumdur ki, həmin illərdəki acınacaqlı vəziyyətin əsas səbəbkarı məhz AXCP və Müsavat Partiyası olmuşdur. Bütün bunlardan sonra bu partiyaların rəhbərləri Əli Kərimli ilə İsa Qəmbərə yenidən səs verən olarmı? Əsla yox! Əgər xatirinizdədirsə, ötən seçkilərin birində İsa Qəmbərin oğlu atasına səs vermədiyini bildirmişdi. AXCP sədri Əli Kərimlinin ən yaxın qohumları da ona səs vermədiklərini bəyan etmiş və nə qədər gec deyil, Prezident İlham Əliyevin ətrafında birləşməsini tövsiyə etmişlər.
Müxalifətin, xüsusilə AXCP və Müsavat Partiyasının prezidentliyə "vahid namizədlik" davası artıq açıq müstəvidə davam etdirilir. Müsavat Partiyasının başqanı İsa Qəmbər öz namizədliyini irəli sürdükdən sonra AXCP sədri Əli Kərimli də gələn il keçiriləcək seçkilərdə namizəd olacağını gizlətməyib. O, "Amerikanın səsi" radiosuna verdiyi müsahibədə bildirib ki, qarşıdan gələn prezident seçkilərində müxalifətin əsas namizədi qismində iştirak edə bilər. Bu açıqlama ilə Müsavat Partiyası rəhbərliyinə qarşı mübarizə aparacığını gizlətmir. Əslində isə bu açıqlama İctimai Palatadakı qruplaşmalar arasındakı qarşıdurmanın daha da kəskinləşdiyindən xəbər verir.
AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbərin özlərini "demokrat", "müxalifət lideri" və ya "ana müxalifət" adlandırmaları müxalifət düşərgəsində gülüşlə qarşılanıb. ASDP sədri Araz Əlizadənin səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. O, Əli Kərimli ilə İsa Qəmbərin özlərini demokrat adlandırmasını demokratiyaya ləkə hesab edərək deyib: "Bu gün özlərini "ana müxalifət", "demokratik qüvvələr" kimi təqdim edənlər 1988-ci ildən xalqı aldatmaqla məşğuldurlar. Məhz onların fəaliyyəti nəticəsində "müxalifət", "demokrat" sözləri hörmətdən düşüb. Ötən illər ərzində onlardan hansı dəyişib, hansı inkişaf edib və yaxud da hakimiyyətdə olduqları dövrdə hansıları özlərini qabiliyyətli siyasətçi kimi aparıblar ki, xalq onlara etimad göstərsin." Hər iki partiya sədri uzun illərdir ki, sədrlik postunu zəbt ediblər və müxtəlif bəhanələrlə təşkilatın qurultayını keçirmirlər. Yaxşı bilirlər ki, artıq onların öz həmfikirləri arasında da nüfuzları qalmayıb. Əgər qurultay keçirilərsə, "20 illik dostları" olan kreslo əllərindən çıxa bilər. İndi onlar ərtaflarına daha çox təəssübkeş toplamaq üçün yalan vədlərə əl atıblar. Xəyallarında prezident "seçilən" radikallar indidən vəzifə bölgüsü də aparırlar. Hazırda aralarında ciddi konflikt yaşanan cəbhəçilərlə müsavatçılar bir - birilərini sıradan çıxarmaqla məşğuldurlar. Məsələn İ.Qəmbər deyib ki, mən AXCP-nin"sözə baxan" funksionerlərini öz komandama götürəcəyəm. Ə.Kərimli də rəqibindən daha qabağa gedərək bildirib ki, biz İsa Qəmbəri komandamıza qəbul edəcəyik. Bu o deməkdir ki, artıq Müsavat Partiyasında İ.Qəmbərin ərtafında heç kim qalmayıb və cəbhəçilər də bir növ onun halına acıyaraq komandalarına sıravi bir üzv kimi qəbul ediblər.
Ümidləri hər yerdən üzülən Müsavat başqanı indi də Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılanan "Rusiya Azərbaycan Təşkilatlar İttifaqı" adlanan qurumla sövdələşməyə getmək, həmin qurumda toplaşmış zəngin şəxslərin imkanlarından yararlanmaq istəyir. O, faktiki olaraq RATİ-yə müraciət edib və onlardan kömək istəyib. İ.Qəmbər həmişə olduğu kimi, bu dəfə də hakimiyyətə gəlməyin yolunu xalqın dəstəyində deyil, xarici qüvvələrin dəstəyində, onların çirkli pullarında axtarır. Biz zaman- zaman şahidi olmuşuq ki, AXCP sədri Ə.Kərimli ilə Müsavat başqanı İ.Qəmbəri və onların əlaltılarını xalqın mənafeyi deyil, şəxsi siyasi ambisiyalarını istənilən çirkin qeyri sivil, antikonstitusion yollarla reallaşdırmağı düşündürür.
Prezidentliyə "vahid namizəd" məsələsi müxalifət düşərgəsində ciddi qarşıdurma yaradıb. Hətta qondarma İctimai Palata bu məsələnin müzakirəsini qadağan etsə də, məlum olduğu kimi, İsa Qəmbər artıq özünü prezidentliyə namizəd elan edib. Bundan sonra İctimai Palatada gərginlik daha da artıb və qurumun əldəqayırma olması barədə deyilənlər öz təsdiqini tapıb. İ.Qəmbərin bu bəyanatının arxasında da bəzi xarici antiazərbaycan qüvvələrin olduğu istisna olunmur.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.