Şriftin ölçüsü:
27.11.2012 05:14 | Oxunma sayı: 561
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da uğurla həyata keçirilir. Dövlət Proqramına uyğun olaraq son aylarda burada tikinti, abadlıq, yenidənqurma işləri xüsusilə geniş vüsət almışdır. Hazırda Lənkəran şəhərində, rayonun kənd və qəsəbələrində qazlaşdırma işləri sürətlə davam etdirilir. Artıq bir çox yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi başa çatmışdır. Əhali illərlə həsrətini çəkdiyi mavi yanacaqdan lazımınca istifadə edir.
Bu günlərdə rayonun Girdəni kəndində əsl bayram ovqatı hökm sürürdü. İyirmi illik fasilədən sonra kəndə təbii qazın verilişi bərpa edilirdi. Bu münasibətlə kəndin mərkəzində təntənəli mərasim keçirildi. Kənd inzibati ərazi dairəsinin mümayəndəsi Mahir Rəhimov mərasimi giriş sözü ilə açaraq sakinlər adından ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə etdi. Sakinlərdən Adil Əsgərov, Xatimə Rəhmanova və Fətulla Babayev bu əlamətdar hadisədən hədsiz sevinc duyduqlarını söylədilər, dövlətimizin iqtisadi siyasətinin daha çox sosialyönümlü olmasından razılıqlarını bildirdilər.
Sonra söz Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədova verildi. O, sakinlərə təbriklərini çatdırdı, bundan sonra da sosial məsələlərin sürətlə həll ediləcəyinə əminliyini bildirdi. "Qaz həyatdır, ruzi-bərəkətdir" - deyən şirkət rəsmisi ölkə başçısının təsdiqlədiyi Dövlət Proqramına əsasən qazlaşdırmanın genişləndiyini konkret faktlarla diqqətə çatdırdı. Dedi ki, bu gün 7 kəndə qaz verilişi reallaşdırılır, ilin sonunadək daha 13 yaşayış məntəqəsi mavi yanacaqla təchiz ediləcək. Novruz bayramına qədər isə Lənkəranın qalan 18 kənd və qəsəbəsi də təbii qaz alacaq.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından dərin minnətdarlığını bildirərək qeyd etdi ki, bu qışqabağı dövrdə təbii qaz alan kəndlərin sayının artması dövlətimizin sosial siyasətinin daha bir təntənəsidir. Bildiyiniz kimi, cənab İlham Əliyevin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri əhalinin sosial rifah halının durmadan yaxşılaşdırılmasıdır. Fərəhlidir ki, Lənkəranda bu vəzifələr uğurla həyata keçirilir. Sonda T.Qaraşov bütün lənkəranlılar adından bu layihəni gerçəkləşdirən "Azəriqaz" İstehsalat Birliyinin kollektivinə təşəkkür etdi.
Mərasim iştirakçılarının alqışları altında məşəllə təbii qaz yandırıldı. Sonra qonaqlar kənd sakini Tahir Həsənovun evində mavi yanacağın istifadəyə verilməsi tədbirində iştirak etdilər.
Həmin gün Lənkəranın İstisu qəsəbəsində də təbii qazın verilməsinə həsr olunmuş tədbir keçirildi. Qəsəbə inzibati ərazi nümayəndəsinin müavini Xanbala Məmmədov, sakinlərdən ağsaqqal Maşallah Talıbov, müəllim Elsevər Həsənov çıxış edərək sevinc hisslərini bölüşdülər.
ARDNŞ-in vitse-prezidenti X. Məmmədov təbrik nitqində bildirdi ki, sosial-iqtisadi inkişafa dair ikinci Dövlət Proqramının icrasının sonuna, yəni 2013-cü ilin axırınadək respublika ərazisinin 95 faizdən çox hissəsində qazlaşdırma başa çatdırılacaq. İftixar hissilə demək olar ki, Lənkəranda da bu iş sürətlə reallaşdırılır.
İcra hakimiyyətinin başçısı T.Qaraşov bildirdi ki, ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi bütün bu işləri görməyə imkan vermişdir. Son aylarda rayonda qazlaşdırma xüsusilə sürətlənmişdir. İndiyədək şəhərin 75 faizi, Liman şəhəri və cəmi 8 yaşayış məntəqəsi təbii qaz alırdısa, artıq mavi yanacaqla təchizat daha geniş ərazini əhatə edir. Bu temp get-gedə artırılacaq və ilin sonunadək daha 20 min abonent qaz alacaq. Hazırda Lənkəranda bu işlə 5 icraçı şirkət, 80 briqada məşğuldur. Sonra natiq üzünü qəsəbə sakinlərinə tutaraq onları təbrik etdi: "Arzum budur ki, bu mavi yanacaq evlərinizə daim hərarət gətirsin, ürəklərinizi qızdırsın! Xeyirliyə işlədəsiniz!"
Mərasimin sonunda məşəllə qəsəbənin təbii qazı alovlandırıldı.
Həmin gün Lənkəranın Gərmətük və Hirkan qəsəbələrinin, Boladi, Bürcəli və Xanbulan kəndlərinin sakinləri də evlərinə mavi yanacaq verilməsinin böyük sevincini yaşadılar.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.