Vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı dələduzluqla ələ keçirən mütəşəkkil dəstə ifşa olunmuşdur

Ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək məqsədilə dələduzluqla məşğul olan mütəşəkkil dəstə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa olunmuşdur.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan vətəndaşları Cəfərov İlham Nuhu oğlu və Məmmədov Əhliman Məhəmməd oğlu digər vətəndaşlar - Bayramov Eyvaz İbrahim oğlu, Əsədov Natiq Məhər oğlu, Cabbarov Talıb Yusif oğlu, Məmmədov Samir Yusif oğlundan və qeyrilərindən ibarət mütəşəkkil dəstə yaradaraq ona rəhbərlik etmiş və dəstə üzvləri arasında vəzifə bölgüsü aparmışlar. Müəyyən edilmişdir ki, mütəşəkkil dəstənin üzvləri Azərbaycanda güzəştli kreditlərin alınması, həmçinin ayrı-ayrı vəzifələrə təyin olunmaları adı ilə müxtəlif fiziki şəxslərə yalan vədlər verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə onların külli miqdarda əmlaklarını ələ keçirmiş, həmin şəxslərə böyük ziyan vurmuşlar.
Məlum olmuşdur ki, İlham Cəfərov və Əhliman Məmmədov birlikdə cinayət əməllərini həyata keçirmək məqsədilə 2011-ci ilin oktyabr ayında kəndli-fermer təsərrüfatının inkişafı məqsədilə uzunmüddətli güzəştli kreditlər vermək adı ilə "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İqtisadi İnkişaf Birliyi" adlı saxta təşkilat yaratmışlar. Əvvəlcədən hazırladıqları saxta sənədlərdə İlham Cəfərov özünü "Hacıyev A.Ş" adı ilə "Nazirlər Kabinetinin İcra Aparatının rəhbəri" kimi qələmə vermiş və mütəşəkkil dəstənin digər rəhbəri Əhliman Məmmədov vasitəsi ilə müxtəlif fiziki şəxslərə təqdim olunmuş, bu sahədə müəyyən təbliğat işləri də aparmışdır. Bu yolla İlham Cəfərov və Əhliman Məmmədov həmin şəxslərə yalan vədlər verərək, onların etibarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlaklarını ələ keçirməklə öz aralarında bölmüşlər.
Bir müddətdən sonra İlham Cəfərov və Əhliman Məmmədov əmlaklarını aldatma yolu ilə mənimsədikləri vətəndaşların narazılıq etdiklərini görüb onları inandırmaq məqsədilə əlavə daha bir saxta qurum - "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu"nu yaratmışlar. Bu dəfə dəstə üzvləri, o cümlədən İlham Cəfərov özünü "Abbasov Nəriman Zülfüqar oğlu" adı ilə həmin saxta fondun prezidenti, Əhliman Məmmədov vitse-prezidenti, Eyvaz Bayramov isə eksperti kimi təqdim etmişlər.
Əhliman Məmmədov və İlham Cəfərov qeyri-qanuni təsisatlarının fəaliyyətini genişləndirmək məqsədilə həmin uydurma "Kreditləşmə Mərkəzi Fondu"nun Bakı şəhəri və respublikanın 9 regionu üzrə saxta şöbələrini yaratmışlar. Sonra onlar 2012-ci ilin martında Natiq Əsədovu, Talıb Cabbarovu və Samir Məmmədovu saxta fondun fəaliyyəti barədə təlimatlandırmış və guya, Talıb Cabbarovu həmin qanunsuz təsisatın mütəxəssisi, Natiq Əsədovu Beyləqan regional şöbəsinin rəisi, Samir Məmmədovu isə sürücü vəzifələrinə təyin etmişlər.
2012-ci ilin martından sentyabrın sonunadək olan müddətdə mütəşəkkil dəstənin üzvləri dövlət və qeyri-dövlət, beynəlxalq kredit təşkilatlarının rəhbərlərinin iştirakı ilə toplantıların keçirilməsi barədə, eləcə də yaratdıqları saxta qurumların adından sərəncamlar, təlimatlar, qərarlar, xüsusi əmrlər və ştat cədvəlləri hazırlamış, onları Bakı şəhərində fəaliyyət göstərən çap və tərcümə mərkəzlərində sənəd formasında nəşr etdirmişlər. Dəstə üzvləri həmin saxta sənədlərin üzərilərinə elektron möhür və ştamplar vuraraq, onları imzalayıb döş nişanları ilə birlikdə təqdim etməklə vətəndaşları mövcud olmayan vəzifələrə, o cümlədən Əliyev İbrahim Hümbət oğlunu və Piriyev Natiq Allahverdi oğlunu ayrı-ayrı vaxtlarda qeyri-qanuni "Kreditləşmə Mərkəzi Fondu"nun Bərdə regional şöbəsinin rəisi, Abdulhəmidov Murad Əvəz oğlunu Beyləqan regional şöbəsinin rəisi, Bəşirov Babaverdi Ovçu oğlunu Xaçmaz regional şöbəsinin rəisi, Hüseynov Ədalət Qiyas oğlunu isə Şəki regional şöbəsinin rəisi vəzifələrinə təyin etmiş və onların külli miqdarda əmlaklarını təkrarən dələduzluq yolu ilə ələ keçirib aralarında bölmüşlər.
Bundan sonra, İlham Cəfərov və Əhliman Məmmədovun tapşırığı ilə dəstə üzvləri Talıb Cabbarov, Natiq Əsədov və Samir Məmmədov Şəki, Beyləqan, Bərdə, Şamaxı, Quba və Xaçmaz rayonlarının ərazilərində malik olduqları torpaq sahələrində kəndli-fermer təsərrüfatını inkişaf etdirmək istəyən Cəlilabad, Bərdə, Beyləqan, İmişli Ağsu rayonlarının bir qrup sakininin etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə onlara, guya uzunmüdndətli güzəştli kredit verəcəklərini yalandan vəd edərək, təkrarən dələduzluq etməklə onların hər birinin müəyyən məbləğdə pullarını ələ keçirib mənimsəmişlər. Həmçinin dəstə üzvləri Quba, Beyləqan, İmişli, Cəlilabad, Bərdə rayonlarının bir qrup sakinini saxta "Kreditləşmə Mərkəzi Fondu"nun regional şöbələrinə işə götürmə adı ilə aldadıb, onların etibarından sui-istifadə edərək hər birinin müəyyən məbləğlərdə pul vəsaitlərini ələ keçirib öz aralarında bölmüşlər.
Daha sonra müəyyən edilmişdir ki, İlham Cəfərov və Əhliman Məmmədov cinayətkar niyyətlərini davam etdirmək məqsədilə dəstənin digər üzvü Eyvaz Bayramovu qeyri-qanuni "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu"nun eksperti kimi müxtəlif vətəndaşlara təqdim etmişlər. Eyvaz Bayramov Şəki və Bərdə rayonlarına gedərək heç bir səlahiyyəti olmadan güzəştli kredit almağa çalışan şəxslərə onların girov qoymaq istədikləri torpaq sahələrinə rəy vermiş və yalandan kredit ayrılacağını vəd edərək, həmin sahələrə baxmış və fotoşəkillərini çəkmişdir.
Beləliklə, mütəşəkkil dəstənin üzvləri qısa müddət ərzində vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara ümumilikdə 215 min manat məbləğində ziyan vurmuşlar.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci, 178.2.2-ci və 178.3.2-ci (dələduzluq, yəni mütəşəkkil dəstə tərəfindən təkrar törədilməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddələri ilə cinayət işi başlanılmışdır. İlham Cəfərov, Əhliman Məmmədov, Eyvaz Bayramov, Samir Məmmədov, Talıb Cabbarov və Natiq Əsədov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə bütün halların araşdırılması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İlham Cəfərov, Əhliman Məmmədov, Eyvaz Bayramov, Samir Məmmədov, Talıb Cabbarov və Natiq Əsədovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinin ərazi orqanlarına müraciət etmələri xahiş olunur. Əlaqə telefonu: 405-99-99.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında