Milli Məclis bir neçə beynəlxalq sənədi təsdiq etmişdir

Noyabrın 20-də Milli Məclisin növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 10 məsələ daxil edilmişdir.
Əvvəlcə "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" Sazişin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" Sazişin təsdiq edilməsi barədə" qanun layihələrinə baxılmışdır.
Hər iki sənədlə bağlı Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, ekologiya və energetika komitəsinin sədri Valeh Ələsgərov məlumat vermişdir. O demişdir ki, bir vaxtlar xaricə çıxış imkanları olmayan Azərbaycan artıq yeddi kəmərlə öz qazını dünya bazarlarına çıxaracaqdır. Azərbaycan qazını Avropa bazarlarına çıxarmaq üçün yeni layihələrə ehtiyac vardır. Aparılan danışıqlar nəticəsində yeni qaz kəməri inşa olunacaqdır. Yeni qaz yataqları kəşf olunduqca və hasilat artdıqca Azərbaycan qazını, o cümlədən Xəzər regionunda olan ölkələrin istehsal etdiyi təbii qazı Avropa bazarlarına çıxara bilən kəmərə ehtiyac duyulur. Bu gün Azərbaycan qaz kəmərlərini Avropanın qaz kəmərlərinə birləşdirən layihəyə imza atmışdır. Müzakirəyə təqdim olunan bu 2 saziş hər iki ölkə üçün çox əhəmiyyətlidir. Həmin sazişlərin birincisi İzmirdə, ikincisi isə Ankarada imzalanmışdır. Birinci sazişlə tərəflər arasında müəyyən münasibətlər, yəni Azərbaycanın "Şahdəniz" qaz yatağının ikinci mərhələsində istehsal olunan qazın Türkiyə bazarlarına çatdırılması və bu qazın illik həcmi "BOTAŞ" ilə ARDNŞ arasında imzalanmış alqı-satqı sazişinə uyğun olaraq satılacaqdır. Sazişdə qaz kəmərinin inşası ilə bağlı bütün şərtlər, tədbirlər əhatə olunmuşdur. Vergi məsələsi, nəql etmə tarifləri, gömrük rüsumları öz əksini tapmışdır. Bu layihəyə qoyulan sərmayələr Türkiyədə qəbul edilmiş qanunvericiliyə uyğundur və sərmayəçilər müvafiq imtiyazlar, güzəştlər əldə edə bilərlər. Bu sazişə əsasən, Azərbaycandan Türkiyəyə nəql edilən qaz Türkiyə tərəfindən üçüncü ölkələrə ixrac edilə bilər.
Sonra ARDNŞ-in prezidenti, deputat Rövnəq Abdullayev bəzi məsələlərə aydınlıq gətirmişdir.
Milli Məclis hər iki sazişin təsdiq edilməsi haqqında qanun layihələrini səsə qoyaraq qəbul etmişdir
Sonra iclasda "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələri və "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında" qanun layihələrinə baxılmışdır.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirmişdir ki, prezidentlərin birgə bəyannaməsi Azərbaycan ilə Tacikistan arasındakı əlaqələrin daha da möhkəmlənməsinə, siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Digər sənədlər barədə parlamentin elm təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat vermişdir. Bildirilmişdir ki, ilk sənəd hər iki ölkə vətəndaşlarının və müəlliflik hüquqlarının qorunması ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Digər sənəd isə hər iki ölkə vətəndaşlarının əldə etdikləri sənədlərin qarşılıqlı tanınması məsələsini tənzimləyəcəkdir. Sənədlərin tanınması ilə yanaşı onların ekvivalentliyi də qəbul ediləcəkdir.
"Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında" qanun layihəsi ilə bağlı məlumat verən iqtisadi siyasət komitəsinin üzvü İlham Əliyev demişdir ki, bu sənəd hər iki dövlət arasında iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi daşıyır. Bu proqram hər iki ölkənin bilavasitə mənafeyinə xidmət edir və iqtisadi münasibətlərin yeni mərhələsi başlayır.
Deputatlar hər üç qanun layihəsinə müsbət münasibət bildirmişlər.
Sonra Cinayət-Prosessual Məcəlləsinə, "Dövlət rüsumu haqqında" və "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunlara dəyişikliklər edilmişdir.
İş gününün sonunda "Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə baxılmışdır.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə demişdir ki, bu dəyişikliklə Qəbələ rayonunun ərazisi genişləndirilir. Bunun səbəbi isə odur ki, rayonda 11 beş və dörd ulduzlu otellər, ilk dəfə olaraq isə qolf klubu yaradılmışdır.
Dəyişikliyə əsasən, Qəbələ rayonunun Soltannuxa kənd inzibati ərazi dairəsi tərkibindəki Soltannuxa kəndinin ərazisindən 144,97 ha (bundan dövlət mülkiyyətində olan 22,70 ha, bələdiyyə mülkiyyətində olan 112,39 ha və xüsusi mülkiyyətdə olan 9,88 ha) və Qəbələ şəhərinə bitişik dövlət mülkiyyətində olan 1950,35 ha torpaq sahəsi bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Qəbələ şəhərinin inzibati ərazisinə veriləcək.
Layihə səsverməyə çıxarılaraq qəbul olunmuşdur.
Bununla da Milli Məclisin plenar iclası başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında