Uruqvay Senatı nəqliyyat və ictimai işlər komitəsinin sədri, senator cənab Daniel Martinezə
Uruqvay Senatı ictimai fondlar və büdcə komitəsinin üzvü, Nümayəndələr Palatasının sabiq sədri, Latın Amerikası Parlamentinin vitse-prezidenti, senator cənab Karlos Baraybara
Sənaye, enerji və təbii resurslar komitəsinin üzvü, konqresmen cənab Felipe Carballoya
Uruqvay Senatı səhiyyə komitəsinin sədri, senator cənab Karlos Moreiraya
Nümayəndələr Palatası xarici işlər komitəsinin sədri, Nümayəndələr Palatasının sabiq sədri, konqresmen cənab Ceym Mario Troboya
Nümayəndələr Palatası ictimai fondlar komitəsinin üzvü, kənd təsərrüfatı və balıqçılıq komitəsinin sədri, konqresmen cənab Xose Karlos Kardosoya
Nümayəndələr Palatası ərazi idarəetmə və ətraf mühit komitəsinin üzvü, konqresmen cənab Mario Silveraya
Uruqvay Senatı sədrinin üçüncü müavini, ətraf mühit komitəsinin sədri, senator cənab Tabare Vieraya
Uruqvay Nümayəndələr Palatası sədrinin birinci müavini, konqresmen cənab Daniel Biançi Salomona
Nümayəndələr Palatası ictimai fondlar komitəsinin üzvü, konqresmen, Uruqvay Nümayəndələr Palatasının baş katibi cənab İvan Posadaya
Uruqvay Nümayəndələr Palatasının baş katibi, Parlament Baş Katibləri Assosiasiyasının üzvü cənab Xose Pedro Monteroya
Latın Amerikası və Karib hövzəsi Parlamentlərarası İttifaqın Uruqvay Geopolitik Qrupunun katibi cənab Oskar Pikinelaya, Uruqvay-Azərbaycan dostluq qrupunun bütün üzvlərinə
Hörmətli cənablar!
Bu ilin oktyabr ayında sizin Azərbaycan Respublikasına səfəriniz və Beynəlxalq Humanitar Forumda iştirakınız Uruqvay və Azərbaycan parlamentləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması baxımından əhəmiyyətli olmuşdur. İki ölkənin parlament üzvləri arasında ilk təmaslar qurulmuş, iki gün ərzində keçirilən görüşlərdə sizə Azərbaycanın keçmişi və bu günü barəsində geniş məlumat verilmişdir.
Ölkəmizin dinamik inkişaf yolunda olması, böyük beynəlxalq nüfuz qazanması, dünyanın bütün dövlətləri, xüsusən, Uruqvay da daxil olmaqla Latın Amerikası ölkələri ilə münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilmişdi. Uruqvay parlamenti üzvlərinin nəzərinə çatdırılmışdı ki, Azərbaycanın əzəli və tarixi torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlar, yəni ölkə ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1 milyon azərbaycanlı Ermənistanın öz ərazisindən və işğal edilmiş ərazilərdən qovulub didərgin salınmışdır. İşğal altında olan ərazilərdə oyuncaq bir rejim qurulmuş, bu rejim dünyanın heç bir dövləti, o cümlədən Ermənistan tərəfindən tanınmamışdır. Ermənistan Respublikasının Azərbaycana Respublikasına silahlı təcavüzünün ağır nəticələri Cənubi Qafqazda və dünyada sabitliyə təhlükə törədir, region ölkələrinin hərtərəfli inkişafına mane olur. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası müvafiq qətnamələr qəbul edərək, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasını tələb etmişlər. Dünya birliyinin bütün cəhdlərinə baxmayaraq, Ermənistan Respublikası işğalçılıq siyasətinə son qoymaqdan, öz qoşunlarını işğal edilmiş torpaqlardan çıxarmaqdan, qaçqın və köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasına şərait yaratmaqdan imtina edir.
Hörmətli həmkarlar, Siz burada əldə etdiyiniz məlumatları Uruqvay hökumətinə və ictimaiyyətinə çatdırmaqda, Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli mövqe nümayiş etdirməkdə və münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesində Azərbaycanın haqlı mövqeyini müdafiə etməkdə qərarlı olduğunuzu ifadə etmişdiniz. Biz də buna ümid bəsləyir və parlamentlərimiz arasında münasibətlərin ardıcıl və davamlı inkişafı üçün təməl yaradılması işinə kiçik də olsa töhfə verdiyimizə görə məmnunluq hissi keçirirdik.
Lakin noyabr ayının 13-də Uruqvay Nümayəndələr Palatası sədrinin və üzvlərinin Ermənistana səfəri çərçivəsində nümayəndə heyətinin bir neçə üzvünün Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsi barədə aldığımız məlumat bizi çox təəccübləndirmişdir. Azərbaycan ilə dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edən Uruqvay Respublikasının bir qrup siyasətçisinin Azərbaycanın xəbəri olmadan onun işğal altında olan ərazilərinə səfər etməsi beynəlxalq hüquq normalarına zidd olan qeyri-qanuni akt kimi qiymətləndirilməlidir.
Ermənistana rəsmi səfərə gəlmiş Uruqvay nümayəndə heyəti üzvlərinin Ermənistan rəhbərliyi tərəfindən Dağlıq Qarabağa səfər etməyə təhrik olunması və bu səfəri Ermənistanın öz işğalçılıq siyasətinə beynəlxalq dəstək kimi qələmə verməsi həm siyasi, həm də mənəvi cəhətdən qəbuledilməzdir. Bu cür səfərlərin təşkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dünya birliyi, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən göstərilən çoxillik səyləri heçə endirir, münaqişənin qeyri-müəyyən müddətə uzadılmasına xidmət edir. Belə bir qanunsuz aktda Uruqvay konqresmenlərinin iştirakı bizdə təəssüf hissi doğurur.
Biz uruqvaylı həmkarlarımızı bu cür həssas məsələlərdə qərəzsiz və ədalətli mövqe tutmağa və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə kömək göstərəcək addımlar atmağa çağırırıq. Münaqişə ilə bağlı həqiqətlərin Uruqvay siyasi dairələrinə və ictimaiyyətinə çatdırılması üçün birgə əməkdaşlıq etməyə hazır olduğumuzu bəyan edirik.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.