Vətəndaşları siyasi partiyaya üzvlüyə məcbur edənlər azadlıqdan məhrum oluna bilərlər

Noyabrın 15-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət, Mülki və İnzibati Prosessual məcəllələrinə, habelə, "Həmkarlar ittifaqları haqqında", "Dövlət qulluğu haqqında" və "Mühasibat uçotu haqqında" qanunlara əlavələrin və dəyişikliklərin edilməsi barədə qanun layihələrinə baxılmışdır.
Komitənin sədri Əli Hüseynli bildirmişdir ki, Cinayət Məcəlləsinə əlavə olunan yeni maddədə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə 1000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması məsələsi öz əksini tapmışdır.
İnzibati Xətalar Məcəlləsinin "Siyasi partiyalar haqqında" qanunvericiliyin pozulmasına görə cərimələr bölməsinə edilən dəyişikliklərdə də cərimələrin məbləği artırılmışdır. Dəyişikliyə əsasən, siyasi partiyalar tərəfindən dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edilməsinə, həmçinin xarici dövlətlərin siyasi partiyalarının, onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə, ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə görə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində iştirak etməyə görə fiziki şəxslər 750-1500, vəzifəli şəxslər 1500-3000, hüquqi şəxslər 8000-15000 manat miqdarında cərimə ediləcəklər. Bu əməlin təkrar törədilməsinə görə fiziki şəxslər 1500-3000 manat, vəzifəli şəxslər 3000-6000 manat, hüquqi şəxslər 15000-30000 manat miqdarında cərimə olunacaqlar.
"Dövlət qulluğu haqqında" Qanuna edilən dəyişiklikdə bildirilir ki, dövlət orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə və ictimai birliklərin strukturlarının yaradılmasına yol verilmir.
"Mühasibat uçotu haqqında" Qanuna edilən dəyişiklikdə isə deyilir ki, siyasi partiyalar illik maliyyə hesabatlarını hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Onların illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc edilməlidir. Müzakirələrdən sonra sənədlər təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında