Bu gün Sabirabad öz keçmiş şöhrətini qaytarmaq əzmindədir. Rayonda böyük tikinti, quruculuq və abadlıq işlərinə start verilib. Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində Sabirabadın infrastukturu dinamik inkişaf etməkdədir.
İlin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağının nikbin ruhda keçməsi də ilk növbədə məhz bu amillə izah edilməlidir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov fəallar yığıncağını açaraq 10 oktyabr 2012-ci il tarixdə Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarının müzakirəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışdı. İnkişafın kökündə dövlət başçısının gərgin işi, yorulmaz fəaliyyəti dayandığını deyən, icra başçısı rayonda əldə edilən uğurlardan ətraflı bəhs etdi. O bildirdi ki, bu ilin 9 ayında aparılan məqsədyönlü işlər nəticəsində irəliləyişlər əldə olunmuşdur. Hesabat dövründə 261 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz çoxdur. Əsas kapitala yönələn investisiyaların həcmi 81 milyon 907 min manat olmuşdur ki, bu da əvvəlki ildəkindən 19 milyon manat və ya 30.1 faiz çox deməkdir. 2011-ci ildə 69 milyon manat həcmində tikinti quraşdırma işləri aparıldığı halda bu il həmin rəqəm 78 milyon manat təşkil edir ki, bu da ötən illə müqayisədə 9 milyon çoxdur. Sənaye məhsulunun həcmi 3 milyon 362 min manat, rabitə xidmətinin həcmi 407 min manat, pərakəndə əmtəə dövriyyəsi 120 milyon 355 min manat, əhaliyə göstərilən pullu xidmətin həcmi 27 milyon 67 min manat olmuşdur.
Cari ildə rayonda 11 yeni müəssisənin yaradılması məhsul istehsalı ilə yanaşı, yeni iş yerlərinin açılmasına da müsbət təsirini göstərmişdir. 2012-ci ilin 9 ayında rayonda 403 iş yeri açılmışdır ki, bunun da 323-ü daimi iş yerləridir.
2012-ci ilin 9 ayında Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 10198 nəfərə 5 milyon 209 min 524 manat məbləğində sosial müavinət ödənilmişdir. Aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən vacib tədbirlərdən biri də əhaliyə ünvanlı sosial yardımların verilməsidir. Cari ilin 9 ayında 1167 ailəyə, 5212 nəfərə 122 min 855 manat məbləğində ünvanlı sosial yardım verilmişdir. Əlillər və tənha-ahıllar da dövlət qayğısı ilə əhatə olunmuşlar. 185 nəfər əlil və tənha-ahıla evlərdə sosial məişət xidmətləri göstərilir.
Sabirabad rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin sərəncamları uğurla həyata keçirilir. Bunun nəticəsi olaraq rayonda abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Şəhərin Heydər Əliyev prospektində və 20 Yanvar küçəsində yerləşən beşmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilir, yeni plastik pəncərələr quraşdırılır və fasad hissələri müasir materialla üzlənir. Prospektdə yerləşən və primitiv üsulla tikilən sosial və ticarət obyektlərində yenidənqurma işləri aparılır. Yağış sularının ötürülməsi ilə bağlı prospekt və küçələrdə su ötürücü kanallar çəkilir, müasir işıqlandırma sistemi qurulur, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Maliyyə idarəsi üçün yeni üçmərtəbəli binalar inşa edilir, 205 çarpayılıq xəstəxana binasının və 1200 şagird yerlik Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı tam orta məktəb binalarının tikintisinə başlanılmışdır. Rayon icra hakimiyyətinin, keçmiş rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin inzibati binalarında və mərkəzi meydanda əsaslı təmir-yenidənqurma işləri davam etdirilir.
2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə "2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci il tarixli sərəncamı əhali tərəfindən razılıqla qarşılanmışdır. Fəlakətdən keçən dövr ərzində rayon üzrə 1439 ev tikilmiş, 380-də son tamamlama işləri gedir. Rayonun Ulacalı kəndində su daşqını nəticəsində evləri yararsız vəziyyətə düşmüş sakinlər üçün bütün infrastruktura malik 77 fərdi yaşayış evindən ibarət yeni qəsəbələr salınmışdır. Ötən müddət ərzində təbii fəlakətdən ziyan çəkmiş 16099 nəfərə 17 milyon 247 min manat məbləğində müxtəlif təyinatlı kompensasiya verilmişdir.
Bu ilin 9 ayında gələcəkdə baş verə biləcək su daşqınlarının qarşısını almaq məqsədilə Sabirabad rayonu ərazisində Kür çayının sağ və sol sahilləri boyunca 813 kubmetr həcmində, 28,3 kilometr məsafədə bəndin təmiri və qayakəsmə işləri, 1292 kubmetr həcmində betonla, 774 kubmetr maşınla sahilbərkitmə işləri aparılmışdır.
Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. 35 saylı Yol İstismar İdarəsi tərəfindən 18 kilometr uzunluğunda Surra-Padar, 46 kilometr uzunluğunda Sabirabad-Həşimxanlı-Şirvan, 26 kilometr uzunluğunda Nizami-Moranlı-Sarxanbəyli, 12 kilometr uzunluğunda Qaratəpə-Həşimxanlı, 10 kilometr uzunluğunda Cavad-Zəngənə, 4 kilometr uzunluğunda Zalqaraağac-Çöl Beşdəli avtomobil yollarında cari təmir işləri aparılmışdır, kəndarası yollarda işlər davam etdirilir.
Hacıqabul-Bəhrəmtəpə magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən keçən hissəsində yenidənqurma işləri aparılır.
Şirvan ərazisində yaşayan insanların rayon mərkəzinə gediş-gəlişini asanlaşdırmaq məqsədilə dövlət başçısının müvafiq sərəncamı ilə Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikintisi başa çatmaq üzrədir.
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin 9 ayında 67670 ton taxıl, 13922 ton kartof, 43215 ton tərəvəz, 8001 ton meyvə, 54375 ton bostan məhsulları istehsal edilmişdir. Ötən illə müqayisədə taxıl istehsalı 13570 ton (25,1 faiz), tərəvəz istehsalı 1705 ton (4,1 faiz), meyvə istehsalı 913 ton (12,9 faiz), pambıq istehsalı 764 ton (56,4 faiz) çox istehsal olunmuşdur. Taxıl istehsalında hər hektardan məhsuldarlıq ötən illə müqayisədə 3 sentner artaraq 33,3 sentner olmuşdur.
Heyvandarlığın inkişafına da diqqət artırılmışdır. Rayonda iribuynuzlu mal-qaranın sayı xeyli artaraq 110936, xırdabuynuzlu mal-qaranın sayı 189193 baş olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na əsasən dövlət torpaq fondu hesabına iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində müəyyən işlər görülmüşdür. 11667 hektar ərazinin bu məqsəd üçün ayrılması planlaşdırılmışdır. İlkin mərhələdə 6000 hektar ərazi seçilmiş və həmin ərazidə meliorativ tədbirlərin aparılması nəzərdə tutulmuşdur. Layihəyə əsasən seçilmiş sahələrə mənbəyini Kür çayından götürməklə gücü saniyədə 12-14 kubmetr olmaqla 12 kilometr uzunluğunda baş suvarma kanalı çəkiləcəkdir. Ərazilərdə 2 meliorativ nasos stansiyası tikiləcəkdir.
Tədbirdə əhalinin dayanıqlı elektrik enerjisi və təbii qazla təminatı sahəsində görülən işlərdən də ətraflı danışıldı. Bildirildi ki, cari ilin 9 ayında transformatorlar əsaslı təmir edilərək bərpa olunmuş, bəzi transformatorlar yeniləri ilə əvəz olunmuşdur. 286 ədəd "Smart" kart tipli yeni elektrik sayğac quraşdırılmış və bu tipli sayğaclardan istifadə edən abonentlərin sayı 11487-yə çatmışdır.
Əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq istiqamətində işlər sürətləndirilmişdir. Şəhərin qazlaşmayan 27 küçəsindən 15-nə müxtəlif diametrli polietilen boru çəkilmişdir. Muğan prospektində 5281 metr, Heydər Əliyev prospektindən T.Novruzov küçəsi istiqamətində 1200 metr, R.Behbudov küçəsinə 264 metr məsafəyə qaz xətti çəkilmişdir. Qalağayın kəndində evlərə təbii qaz xətti çəkilişi başa çatmaq üzrədir. Nərimankənd kəndində 523 abonentə, Ulacalı kəndində 810 abonentə təbii qaz verilmişdir.
Digər kəndlərdə də işlər görülür. Cari ildə görülən işlər nəticəsində 1735 nəfər abonentə təbii qaz verilmişdir. İndi təbii qaz alan abonentlərin sayı 8304-ə çatmışdır.
16 iyul 2012-ci il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Hacıqabul rayonunda keçirilən Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində təqdim olunan layihədə Sabirabad rayonunun 13 kəndinə də içməli suyun verilməsi planlaşdırılmışdır. Kənd əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədilə rayonun 19 kəndində modul tipli sutəmizləyici qurğu tikilib istifadəyə verilmişdir. Ölkə rəhbərinin 23 avqust 2011-ci il tarixli 1694 saylı sərəncamına əsasən rayonun 5 kəndində o, cümlədən Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtoğay yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğular tikilmişdir.
Hazırda rayon mərkəzində çirkab sular yığınağı olan "Axmaz" adlanan ərazinin qurudulması ilə bağlı tədbirlər görülür. Heydər Əliyev Fondu tərəfindən rayona 4 ədəd müasir avtobusun hədiyyə edilməsi əhali tərəfindən razılıqla qarşılanmışdır.
Tədbirdə təhsil və səhiyyə obyektlərinin əsaslı təmir edilməsi və yenilərinin tikilməsi və onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamtində geniş tədbirlərin həyata keçirildiyindən də danışıldı. Bildirildi ki, yeni tədris ilində hər biri 480 şagird yerlik olmaqla Eynulla Nadirov adına şəhər 8 saylı, Nərimankənd və 240 şagird yerlik Yuxarı Axtaçı kənd tam orta və Ulacalı kəndində 12 sinif otağından ibarət ibtidai məktəblərin binaları tikilib istifadəyə verilmişdir.
Mərkəzi Rayon Xəstəxanası üçün müasir tələblərə cavab verən 205 çarpayılıq xəstəxana binasının tikintisinə başlanılmışdır. Yaponiya səfirliyinin dəstəyi ilə rayonun Qəzli kəndində 15 çarpayılıq xəstəxana binası tikilərək istifadəyə verilmişdir.
Mədəniyyət və Turizm şöbəsi əhalinin asudə vaxtının, kitabxana və muzey xidmətinin təşkili, maddi texniki bazanın möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görmüşdür. Mədəni-maarif müəssisələrinin maddi- texniki bazasının möhkəmləndirilməsi, bədii özfəaliyyətin inkişaf etdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, gənc istedadların üzə çıxarılması diqqət mərkəzində olmuşdur.
N.İsmayılov sonra dedi:
- Ölkə Prezidentinin Nazirlər Kabinetinin son iclasındakı yekun fikirlərini xatırlatmaq istəyirəm: "Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Mən buna əminəm, şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirəm ki, Sabirabad Rayon İcra Hakimiyyəti qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da maksimum səy göstərəcəkdir.
Yığıncaqda çıxış edən Təhsil şöbəsinin müdiri Elman Bünyadov, Sosial Müdafiə Mərkəzinin direktoru Oktay Həsənov, "Kapitalbank"ın rayon filialının müdiri Qəşəm Pənahov, RİHB-nın şəhər ərazi nümayəndəsi Əhədağa Əliyev, şəhər 2 saylı uşaq bağçasının müdiri Kəmalə Babayeva, Qaz istismarı sahəsinin rəisi Qənimət Səmədov görülən işlərdən danışdılar və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da səylə çalışacaqlarına əmin etdilər.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.