Lənkəran: uğurlar hər kəsin ürəyindən xəbər verir

"Cənub mirvarisi" Lənkəran sürətlə dəyişir, gözəlləşir. Bu ulu diyar indi müasir şəhər atributları, yeni memarlıq elementləri ilə zəngindir. Prezident İlham Əliyev dövlət başçısı kimi Lənkərana səkkiz dəfə səfər edib, burada gedən yenidənqurma işlərini bəyənib, şəhərdən qayğısını heç vaxt əsirgəməyib.
...Lənkəranın mərkəzində, Qala xiyabanında maraqlı bir heykəltəraşlıq nümunəsi var. Yanından ötənlər bir anlıq da olsa, dayanıb bu sənət əsərinə - skamyada oturub söhbətləşən iki qocaya baxır, hətta heykəllərə salam verirlər. Axı yerli heykəltəraş Məmmədsadıq Axundov öz əsərində lənkəranlıların yaxşı tanıdığı və demək olar, hər gün rastlaşdığı filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı və 90 yaşlı adlı-sanlı veteran Kamal Kələntərlinin obrazlarını yaradıb.
M.Talışlı Lənkəran Dövlət Univesitetində işləyir, şəhərin tarixinə dair bir neçə kitabın müəllifidir. K.Kələntərli sinninin bu çağında da Ağsaqqallar Şurasına bacarıqla sədrlik edir. Məmmədhüseyn Şəhriyar demişkən, söhbətləri ağızlar ləzzətidir. Ağsaqqallarla elə öz heykəllərinin yanındaca görüşüb söhbət elədik.
Lənkəranın hazırkı vəziyyəti, sosial-iqtisadi inkişafı ilə bağlı sualıma hər ikisi həvəslə cavab verdi.
-Hazırda Lənkəranın tarixi ensiklopediyası üzərində işləyirəm - deyə M.Talışlı bildirdi. -Lənkəran bizim cənub bölgəsinin vizit kartıdır. Son illərdə çox irəli gedib. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqəti sayəsində qədim şəhər artıq xeyli gəncləşib. Biz də baxıb fərəhlənirik. Bu ilin aprelində idarəetmə sahəsində böyük təcrübəsi olan Taleh Qaraşovun Lənkərana icra hakimiyyəti başçısı təyin edilməsi uğurlu seçimdir. İndi rayonda xüsusi bir canlanma hiss olunur. Yeni başçının ilk tədbirlərindən biri məhz biz ağsaqqallarla görüş keçirməsi oldu...
K.Kələntərli dostunun sözünə qüvvət olaraq əlavə etdi:
-Həmin görüşdə Taleh müəllim dedi ki, həmişə ağsaqqallara, onların nəsihətlərinə, təkliflərinə böyük ehtiyacımız var. Bu görüşdən də məqsəd sizin fikirlərinizi öyrənmək, tövsiyələrinizi eşitməkdir. Bütün bunlar fəaliyyətimizin mühüm elementi olacaq... Orada söylənənlər sonradan rayonun inkişaf proqramına daxil edildi və bir-bir icra olunmağa başladı. Qısa müddətdə Lənkəranda çox işlər görüldü: yolların çəkilişi, qaz təchizatının sürətlənməsi, sosial obyektlərin inşası və sair. İşin işbilənə tapşırılması, bax, budur!
Bir müddət öncə dövlət başçısının tapşırığı ilə Hacı Mirhaşım Talışlının evi əsaslı təmir edilib. Rayon rəhbərliyi onun zəngin kitab fondunun olmasını nəzərə alaraq məxsusi bir kitabxana yaradıb. Klassikanı və əruz vəznini gözəl bilən ağsaqqal filoloq burada XIX əsrdə əlli il fəaliyyət göstərmiş "Fövcül-Füsəha" (Natiqlər yığıncağı) ədəbi məclisini bərpa edib.
İyulun 22-də Lənkəranda Kamal Kələntərlinin 90 illik yubileyi təntənə ilə qeyd edildi. Rayonun möhtərəm adamları, ziyalılar, Bakıdan gəlmiş qonaqlar "Qafqaz-Sahil" istirahət və turizm mərkəzində yubilyarın başına toplaşdılar. T.Qaraşov el ağsaqqalını təbrik etdi, onun yüksək mənəvi keyfiyyətlərə, dəyişməz xarakterə malik hörmətli bir insan olduğunu söyləyərək ona cansağlığı arzuladı. Yubilyara fəxri-fərman və pul mükafatı, hədiyyələr verildi.
Onu da deyim ki, Lənkəranda istisnasız olaraq hər bir ağsaqqala sayğı və qayğı ilə yanaşılır. Elə 1 Oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Veteranlar klubunda düzənlənən bayram tədbirinə uzun illər təsərrüfatda işləyib saç ağartmış, şöhrət qazanmış arxa cəbhə və müharibə veteranlarının hamısı dəvət olunmuşdu. Tədbirdə hər kəsə hədiyyələr təqdim olundu, maraqlı konsert verildi. Ahıllar Lənkəranın tərəqqisinə və onlara göstərilən qayğıya görə rəhbərliyə minnətdarlıqlarını bildirdilər.
Üç "Şöhrət" ordenli veteran, Prezident təqaüdçüsü Ağadadaş Səmədovun da adı rayonda uca tutulur. Ona şəxsi minik avtomobili verilib, məişət qayğıları tamamən çözülüb, müalicəsinə köməklik göstərilir. Müharibə qəhrəmanı çevrəsinin heç zaman boş qalmamasından razılıq edir.
Xatirə parkında, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsinin önündə görüşüb söhbət etdiyimiz bir qrup ağsaqqal da ölkə başçısının Lənkərana xüsusi münasibətindən iftixarla danışdı, şəhərdəki quruculuq meyllərini təqdir elədi. Onların fikirlərinin mötəbərliyi sübut istəmir ki...
Sərhəd Məmmədov, Ağsaqqallar Şurasının sədr müavini:
-Mən vaxtilə Yardımlıda 1-ci katib vəzifəsində işləmişəm. O zamanlar rayonlarda abadlıq-quruculuq işləri bu cür vüsətlə görülmürdü, çətinliklər çox idi. Dağlara adi yol belə çəkilmirdi. Amma indi, maşallah, bütün ölkə sanki bir abadlıq yürüşünə qoşulub. Əgər "Əsrin müqaviləsi"ni ulu öndərin şah əsəri saysaq, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı da möhtərəm prezidentimizin şah əsəridir. Görün, bölgələrimiz necə tərəqqi edir, həyatımız necə gözəlləşir! Hamısı dövlətin insan amilinə önəm verməsinin nəticəsidir. Bu baxımdan Lənkəran nümunəsi sevindiricidir.
Məmmədrahim Fərzullayev, "Tərəqqi" medallı həkim:
-Mənim səksən yaşım var. Ömrümdə yalanla aram olmayıb. Buna ehtiyac da yoxdur. Görünən dağa nə bələdçi? Lənkəranı gəzməyə çıxanda adamın ürəyi açılır. Şəhərimiz dövlətin qayğısı ilə günbəgün gözəlləşir. Rayon rəhbərliyi biz qocalara çox həssas münasibət göstərir. Quruculuq coşğusu fərəh doğurur. Bunu görməmək, dəyərləndirməmək nankorluqdur.
Səadət Tağıyev, veteran:
-Müxtəlif vəzifələrdə çalışmışam. Artıq səksəni haqlayıram. Ömrümdə Lənkəranda indiki qədər canlanma, vüsət, etimadı doğrultmaq əzmi görməmişəm. Başbilənlərimiz bizi həmişə eşidir, xahişlərimizə əməl edir, təkliflərimizi dəyərləndirir, sözümüzü göyərdirlər. Kəsəsi, ağsaqqal sözü urvatda tutulur. Əlbəttə, belədə inkişaf da olar, xeyir-bərəkət də. Mən nəyinsə naminə, kiminsə xətrinə üzgörənlik eləmərəm. Səmimi sözümdür, Lənkəranda çox işgüzar, yaradıcı mühit hökm sürür. Bu mühiti yaradanlara alqış!
Rafiq Qasımov, ali dərəcəli tibbi-məhkəmə eksperti:
-Ötəri bir gəzinti, gözucu bir baxış da bəs edir ki, Lənkəranın bugünün və sabahın şəhəri olması qənaətinə gələsən. Burada bütün böyük layihələr perspektivə hesablanıb. İdarəetmə metodları elmi-konseptual əsaslara söykənir. Yəni gerçəkləşdirilən layihələr çox böyük bir dövr üçün firavanlıq, rifah vəd edir. Amma aşkar tərəqqini görməzdən gələnlər də olur. Belələri günün tələbləri ilə ayaqlaşa bilməyən və bu üzdən də yan-yörələrinə xor baxan, əsassız iddia səsləndirənlərdir.
Hacı Nəbi Baxşıyev, Lənkəran bələdiyyəsinin üzvü:
-Müsbət haldır ki, indi camaat əvvəllər olduğu kimi, kimlərinsə cəfəngiyyatına əhəmiyyət vermir. Hər kəs öz işini görür, doğma yurdun tərəqqisinə töhfələr vermək istəyir. Mən də şəhərimizin təəssübkeşlərindənəm, 73 yaşım var. Rəhbərliyin Lənkəran naminə gördüyü bütün işləri dəstəkləyirəm. Eyni zamanda yerli özünüidarədə çalışmaqdan zövq alıram...
Şəhər icra hakimiyyətində olarkən deyilənləri faktiki təsdiqləyən, konkret əməli işlərə dair geniş məlumatlar aldıq. Öyrəndik ki, bu ilin əvvəlindən rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 45,5 milyon manat investisiya qoyulub. Tikinti-quraşdırma işlərinə xərclənən sərmayə 42,3 milyon manat olub. Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 44 min kvadratmetr olan yaşayış evləri tikilərək istifadəyə verilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılmış 5 milyon manat vəsait hesabına şəhər və rayonun küçələrində, yol kənarlarında böyük həcmdə hasar və istinad divarları təzələnib. Rayonun giriş qapısı sayılan Qumbaşı kəndindən Göyşabanadək olan ərazidə işıq dirəkləri boyadılıb, bu kəndin ərazisində müasir üslubda hasarlar inşa edilir.
Şəhərdəki divarlara yeni üzlük materialları vurulub, çoxmərtəbəli yaşayış evlərinin fasadları müasir üslubda yenilənib. Dam örtükləri və su-kanalizasiya sistemləri təmir olunub. H.Əliyev prospekti, H.Aslanov xiyabanı, M.Axundzadə, M.Rəsulzadə, Koroğlu küçələrində səkilərə tamet döşənib. Hazırda gediş-gəlişin çox olduğu Ş.Xiyabani küçəsi genişləndirilir. Buradakı körpü yenidən qurulur.
Heydər Əliyev Xatirə parkı ikinci gəncliyinə qovuşmaqdadır. Meydanın köhnəlmiş üzlük plitələri dəyişdirilir, drenaj sistemi quraşdırılır, yaşıllıq zolaqlarında suvarma şəbəkəsi yaradılır. Parkın böyük bir hissəsinə tamet döşənir, bir o qədər də yerdə yeni ağaclar, bəzək kolları əkilir. Ulu öndərin abidəsinin ətrafı qranit üzlüklərlə işlənəcək.
Lənkəranda tikilən üçmərtəbəli Gənclər Mərkəzi möhtəşəm olacaq. Ərazisi 1 hektar, tikinti sahəsi 1400 kvadratmetrdir.
Abadlıq işləri rayonun kənd və qəsəbələrini də əhatə edir. Üç kənddə yeni poçt şöbələri tikilir. Telekommunikasiya qovşağının stansiyaları tam elektronlaşdırılıb. Rayonda məskunlaşmış məcburi köçkünlərə 4000 manatlıqdan çox ərzaq və digər yardımlar verilib.
Hazırda Lənkəran şəhərinin 75 faizi, Liman şəhəri və 8 yaşayış məntəqəsi təbii qazla təmin edilir. İlin sonunadək 20 min abonenti olan 34 yaşayış məntəqəsinə təbii qazın verilməsi proqnozlaşdırılır. Hazırda rayona qaz çəkilişində 5 tikinti təşkilatı və 83 briqada işləyir.
Prezident İlham Əliyevin sərəncamı ilə 40 kilometrlik Lənkəran-Vilvan-Osaküçə-Türkəncil yolunun tikintisi üçün 4 milyon manat vəsait ayrılıb. Yolun yarıya qədərinə artıq asfalt vurulub. Dövlət başçısının digər sərəncamı ilə Şürük-Vel-Qamışlı yolunun əsaslı təmirinə 3,2 milyon manat ayrılıb. Bu yolun tikintisi yekunlaşmaq üzrədir.
Vətəndaşların müraciətlərinə əsasən icra hakimiyyəti tərəfindən əhaliyə 46 min manat dəyərində tikinti materialı, 90 min manatlıq ərzaq və maddi yardımlar verilmişdir.
İnam var ki, lənkəranlılar birgə səylərlə cari il uğurla başa vuracaq, gələcək nailiyyətlərin möhkəm təməlini qoyacaqlar.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında