Lord LEYRD: "Azərbaycan dinlərarası dialoqda sağlam və fəal mövqe tutmuşdur"

Londonda Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Böyük Britaniyanın Lordlar Palatasının və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə "Dinlərarası dialoq: Azərbaycan və konfliktin həlli" mövzusunda konfrans keçirilmışdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) AzərTAc-a verilən məlumata görə, tədbirdə Dünya Dinlər Konqresinin prezidenti, Üç Din Forumunun şura üzvü Markus Breybruk, Böyük Britaniya Dinlərarası Şəbəkənin direktoru Harri Krabtri, ölkədəki yunan kilsəsinin arxiyepiskopu Qriqorios, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç, Bakı Dağ Yəhudiləri Dini İcması sədrinin müavini Semyon Şalmuyev və başqa tanınmış ictimai xadimlər, dini qurumların və ictimai təşkilatların rəhbərləri iştirak etmişlər.
Konfransda müasir siyasi münaqişələrin aradan qaldırılmasında din adamlarının rolundan istifadə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.
Tədbirə sədrlik edən lord Leyrd çıxışında qeyd etmişdir ki, bu münaqişə barədə erməni tərəfi yalanlar uydurur, ona görə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması çox vacibdir. Digər tərəfdən, Azərbaycan dinlərarası dialoqda sağlam və fəal mövqe tutmuş, Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərə ev sahibliyi etmişdir. Lakin Ermənistanın Azərbaycan əleyhinə təbliğatı ölkə haqqında həqiqətlərin yetərincə yayılmasına mane olur.
Azərbaycan nümayəndə heyətinin başçısı, DQİDK-nın sədri Hidayət Orucov məruzəsində demişdir ki, respublikamızda tolerantlıq təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra regionda ilk dəfə bizim ölkəmiz vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazasını beynəlxalq hüquq normalarına uyğunlaşdırmışdır. Ölkəmizdəki dini dözümlülük ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq ölkə siyasətinin prioritet istiqamətinə çevrilmiş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İslam dini abidələri ilə yanaşı, xristian və yəhudi məbədlərinin bərpası və dindarların istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsinə çevrilmişdir.
Məruzədə təcavüzkar Ermənistanın dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparması ətraflı şərh olunmuşdur. Qeyd edilmişdir ki, son iki əsrdə milyonlarla soydaşımız etnik təmizləmə və işğalçılıq siyasətinin qurbanına çevrilmişdir. BMT-nin və başqa beynəlxalq təşkilatların qərar və qətnamələrinə etinasız yanaşan işğalçı Ermənistan hələ də riyakarlıq edir, məkrli planlarından əl çəkmək istəmir. Diqqətə çatdırılmışdır ki, tarixi-dini abidələrimiz və digər mədəniyyət nümunələrimiz də erməni təcavüzünün qurbanlarına çevrilmişdir. Alban abidələri saxtalaşdırılmış, qədim toponimlərimiz dəyişdirilərək saxta tarix yazmaq vasitəsinə çevrilmişdir.
Azərbaycan dini konfessiya rəhbərləri çıxışlarında bildirmişlər ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra atdığı ilk addımlardan biri dövlət-din münasibətlərinin, vətəndaşların dini etiqad azadlığının beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi olmuşdur. Ayrı-ayrı din və təriqət mənsublarının çox-çox əsrlər burada dinc yanaşı yaşaması, indiyədək onlar arasında dini zəmində heç bir qarşıdurmanın baş verməməsi kimi böyük nailiyyətin əldə edilməsi və nəsildən-nəslə ötürülməsi ölkəmizin əsas əhalisi olan azərbaycanlıların və aparıcı dini hesab edilən İslamın misilsiz xidmətlərindəndir
Markus Breybruk, Harri Krabtri və başqa tanınmış ictimai xadimlər, dini qurumların rəhbərləri çıxışlarında müasir Azərbaycanda yəhudilərin, xristianların, eləcə də digər din və konfessiya mənsublarının milli-dini adət-ənənələrə uyğun yaşayış tərzlərini yüksək dəyərləndirmişlər.
Konfransın nəticəsi olaraq deklarasiya qəbul edilmişdir. Sənəddə bildirilir ki, Cənubi Qafqaz regionunda siyasi, iqtisadi və sosial sabitliyə mənfi təsir göstərən məsələlərin daha yaxşı anlaşılmasına dəstək verilməli, bir milyona yaxın qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətinə dünyanın diqqətinin cəlb edilməsinə yardım göstərilməli, dünya ictimaiyyəti beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq münaqişənin tezliklə və birdəfəlik həlli ilə nəticələnən sülh danışıqlarına cəlb olunmalıdır.
Konfransdan sonra ictimaiyyətin iştirakı ilə "St. Ethelbulga" Mərkəzinin Üç Din Forumunda təşkil olunmuş görüş bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsinə həsr edilmişdir.
Səfər çərçivəsində keçirilmiş bütün forum və görüşlərdə əsas fıkir Böyük Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələri dinlərarası və mədəniyyətlərarası dialoq formatında da genişləndirmək, həmçinin Azərbaycanın etnik-dini dözümlülük ənənəsini, müxtəlif din mənsublarının dinc yanaşı yaşamaq siyasətini, milli-dini dəyərlərə sadiq qalmaqla dünyəvi dövlət quruculuğu prinsiplərini, eləcə də Azərbaycan hökumətinin bütün səviyyələrdə, hətta öz ərazi bütövlüyünü bərpa etmək məsələsində də sülhə yönəlmiş fəaliyyətini Böyük Britaniya ictimaiyyətinə çatdırmaq olmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında