Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabr ayının əvvəllərində Tərtər, Bərdə, Yevlax və Zərdab rayonlarına tarixi səfər etmişdir. Ölkə başçısı həmin bölgələrin son illər iqtisadi, sosial və mədəni sahələri əsaslı inkişaf və yüksəlikşini yüksək qiymətləndirmiş, ağsaqqallarla, ziyalılarla, gənclərlə görüşmüş, bir sıra obyektlərin açılışında iştirak etmiş, məsləhət, göstəriş və tövsiyyələrini vermişdir.
Əlbəttə, ötən bir ay zaman etibarilə o qədər də uzun müddət deyil. Ancaq, necə deyərlər, gün var əsrə bərabər. Biz bu sözləri deyərkən hər şeydən əvvəl, adları çəkilən rayonlarda Prezidentin məsləhət və tövsiyyələri istiqamətində həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərini, qısa müddət ərzində əldə edilmiş konkret nəticələri və s. nəzərdə tuturuq. Bu isə belə bir şəksiz həqiqətdən xəbər verir ki, ölkə başçısının səfərləri insanlarda böyük əhval-ruhiyyə, mütəşəkkillik və ruh yüksəkliyi yaratmış, bütün sahələrdə imkan və ehtiyat mənbələrini hərəkətə gətirmiş, onların sabaha olan inam və ümidlərini daha da artırmışdır.
Bu fikirimizi cənab Prezidentimiz ayrı-ayrı rayonlara səfəri üzərində konkretləşdirsək, o zaman mənzərə daha aydın olar. Əvvəlcə Tərtər rayonundan başlayaq. Ölkə Prezidenti Tərtərə səfəri çərçivəsində ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstəsi qoymuş, Heydər Əliyev parkını və Heydər Əliyev mərkəzinin yenidənqurmadan sonrakı, Gənclər mərkəzinin, Süd emalı zavodunun açılışlarında iştirak etmiş, Dövlət Bayraq meydanı ilə tanış olmuş, bölgə gənclərinin nümayəndələri ilə görüşmüş və çıxış etmişdir. Yeri gəlmişkən onu da deyək ki, adlarını çəkdiyimiz obyektlərin tikintisi qısa müddət ərzində və yüksək keyfiyyətlə başa çatdırılmışdır. Bir sözlə, tərtərlilər ölkə başçısının iqtisadi, sosial, mədəni sahədə əldə etdikləri parlaq uğurlarla qarşıladılar.
Bəzi xarakterik rəqəmləri yada salaq. 2012-ci ilin ötən dövrü ərzində rayon üzrə ümumi məhsul buraxılışının həcmi 80 milyon 587 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 15,7 faiz çoxdur. Bu müddətdə cəmi 966 yeni iş yeri açılmışdır. Son illir geniş vüsət almış tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilmişdir. Şəhərin Bərdə istiqamətindəki girişində əzəmətli Dövlət Bayrağı meydanının tikintisi başa çatdırılmışdır. Bayrağın ətrafında 270 kvadratmetr əraziyə qranit daşları döşənmiş, mişar daşından istinad divarları tikilmişdir. "Ana və uşaq" kafesi, müasir tipli köşk qoyulmuşdur. Meydanda yaşıllıq zolları salınmış, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmiş, oturacaqlar qoyulmuşdur. Heydər Əliyev prospektində may ayının sonlarında müasir standartlara cavab verən ikimərtəbəli Gənclər Mərkəzinin tikintisinə başlanılmış, sentyabr ayının sonunadək, yəni 3 ay müddətində tikilib başa çatdırılmışdır. Gənclər Mərkəzinin həyətində 3 min kvadratmetr sahəyə tamet döşənmiş, 4 min kvadratmetrdən çox sahəyə asfalt-beton örtüyü qoyulmuş, yüzlərlə bəzək ağacları əkilmişdir. Heydər Əliyev adına parkda və mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılmış, ən yüksək kefiyyətli mebel və avadanlıqlarla təchiz olunmuşdur. Parkda olan 2 ədəd fəvvarə yenidən qurulmuş, 1000 kvadratmetrdən çox sahəyə yeni tamet düzülmüş, müasir işıqlandırma sistemi ilə təmin olunmuşdur. Yuxarıda da dediyimiz kimi, ölkə Prezidentinin Tərtərə səfəri, keçirilən görüş və söhbətlər rayonda böyük əks-səda doğurmuş, işlərin gedişinə güclü təkan vermişdir. Bundan başqa, ölkə rəhbəri Tərtərin sosial-iqstiadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalamış, Prezidentin ehtiyat fondundan bu məqsədlə 2 milyon manat vəsait ayrılmışdır. Bu da əhali arasında əlavə ruh yüksəkliyi və əmək coşqunluğu yaratmışdır. Hazırda Heydər Əliyev prospektində, digər küçə və prospektlərdə, eləcə də kənd yollarında təmir və bərpa işləri aparılır, tikinti quruculuq işləri eyni sürət və keyfiyyətlə davam etdirilir.
Ölkə Prezidenti İlham Əliyevi zəngin tarixə malik qədim Bərdə ilə sıx və qırılmaz tellər birləşdirir. Prezident səfər zamanı özü bu barədə belə dedi: "Mən Prezident kimi beşinci dəfədir ki, Bərdəyə gəlirəm. Amma bildiyiniz kimi, əvvəlki dövrlərdə də dəfələrlə Bərdədə olmuşam. Ulu öndərlə bərabər, həmişə olmasa da o 14 səfərdən bəlkə də 5-6-sında mən də onun yanında idim."
Bəli, qədim diyar bu dəfə də öz Prezidentini böyük hörmət və məhəbbətlə, sonsuz sevgi və sayğıyla qarşıladı. Heç də təsadüfi deyildir ki, ölkə Prezidenti son il yarım ərzində Bərdədə qurulub başa çatdırılmış genişmiqyaslı tədbirlərlə tanışlıqdan, o cümlədən Qəhrəmanlar parkının, mərkəzi istirahət parkının, çörək zavodunun açılışından, Nüşabə parkında yaradılmış şəraitlə və Bayraq meydanı ilə tanışlıqdan sonra öz məmnunluğunu belə ifadə etmişdir: "Bərdəyə son dəfə üç il bundan əvvəl gəlmişəm. Bu gün də buradayam, görürəm ki, çoxlu dəyişikliklər vardır. Buna çox sevinirəm, çox şadam.
Bərdə, doğrudan da, gözəlləşir, gülüstana çevrilir. Keçən ilin əvvəlində Bərdəyə yeni icra başçısı təyin edilib. Siz də görürsünüz ki, dərhal çox böyük işlər görülməyə başlanmışdır. Bu gün Bərdə ölkə miqyasında ən sürətlə inkişaf edən rayonlardan biridir".
"Bərdə möcüzəsi" indi bu ifadəni tez-tez eşitmək olar. Həqiqətən, son ilyarım ərzində görülüb başa çatdırılmış və hazırda da davam etdirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin sürət və miqyasını, dinamik yüksəliş və inkişafı sadəcə olaraq başqa sözlə ifadə etmək mümkün deyil. Əlimizdə olan çoxlu fakt, rəqəm və göstəricilərin bəzilərini xatırlatmaq yerinə düşərdi. 2012-ci ilin ötən ayları ərzində rayonda 181,3 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 7,1 milyon manatlıq sənaye, 92,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.
Rayonda əsas kapitala 30,4 milyon manat investisiya yönəldilmişdir ki, bunun da 8,3 faizini dövlət, 91,7 faizini qeyri-dövlət bölməsi təşkil edir. Ötən ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın inkişafına yönəlmiş investisiyanın 2,1 dəfə artmasına rəğmən dövlət tərəfindən yönəldilən investisiya 76,6 faiz, qeyri-dövlət bölməsi üzrə investisiya isə 2,5 dəfə artmışdır. Tikinti, abadlıq və quruculuq işləri ardıcıl və sistemli xarakter daşımış, geniş vüsət almışdır. Heydər Əliyev prospekti Ağdam rayonu istiqamətində Əliyanlı kəndinədək, Yevlax şəhəri istiqamətində Cəyirli kəndinədək, Həzi Aslanov küçəsi Tərtər rayonu istiqamətində Zümürxan kəndinədək uzadılmış və yenidən qurulmuş, yaşıllıq zolaqları və park salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Sahəsi iki hektar olan mərkəzi meydanın tikintisi başa çatdırılmış, meydanda 85 metr hündürlüyündə Azərbaycan bayrağı ucaldılmış, bayrağın ətrafı mərmərlə üzlənmiş, Azərbaycan gerbi quraşdırılmış, ulu öndər Heydər Əliyevin pannosu ucaldılmışdır.
Nüşabə parkında dahi Azərbaycan şairi Nizaminin bədii qəhrəmanı Nüşabənin heykəli ucaldılmış, divarlara şairin "İsgəndərnamə" əsərindən miniatür rəsmlər çəkilmiş, ərazidə çay evi inşa edilmiş, yaşıllıq zolaqları salınmış, ətraf ərazi abadlaşdırılmışdır. "Qəhrəmanlar parkı" istifadəyə verilimş, ərazidə ulu öndər Heydər Əliyevin pannosu ucaldılmış, Tərtər çayının sahilboyu 3 hektar ərazi abadlaşdırılmış, 3 mindən çox gül kolları əkilmişdir.
Hazırda rayonda bütün diqqət və səylər 16 hektar sahəni əhatə edən Heydər Əliyev parkının tikintisinə yönəldilmişdir. İşin gedişi ilə yaxından tanışlıq göstərir ki, bu parkın tikintisi də nəzərdə tutulmuş vaxtda və yüksək kefiyyətlə başa çatdırıcalaqdır.
Qarşımızda maraqlı bir statistika var: Bu, ölkə Prezidenti İlham Əliyevin Yevlaxa səfərlərinin tarixçəsidir.
2004-cü il, 8 iyun. Prezident Yevlaxda oldu, qısa müddət ərzində görülən işlərlə tanış oldu, məmnunluğunu bildirdi.
2007-ci il, 23-24 oktyabr. Prezident Yevlaxa səfəri çərçivəsində bir sıra mühüm obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi, şəhər ictimaiyyəti qarşısında çıxış etdi.
2009-cu il, 2 mart. Prezident Yevlaxa səfəri çərçivəsində uşaq xəstəxanasının, "El" regional televiziyasının, xalq teatrının, şahmat məktəbinin açılışında iştirak etdi: "Mən çox şadam ki, bu gün Yevlax Azərbaycanın ən qabaqcıl rayonlarından biridir".
2009-cu il, 19 noyabr. Prezident "İpək yolu"nun bir hissəsi olan Ucar-Yevlax yolunun açılışında iştirak etdi. Daha sonra Kür çayı sahilində inşa olunacaq mehmanxana kompleksinin layihəsi ilə tanış oldu. Ölkə başçısına yeni salınacaq bulvar kompleksi, Olimpiya idman kompleksi barədə məlumat verildi.
2010-cu il, 10 oktyabr və 10 noyabr. Yevlaxlılar ölkə Prezidentinin səfərlərini əsl bayram əhval - ruhiyyəsi ilə qarşıladılar. Prezident Yevlaxın bu günki siması, inkişaf və yüksəlişi barədə belə demişdhir: "Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım da geri qalmır".
2012-ci il. 7 oktyabr. Ölkə Prezidenti Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə sahəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin, məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzinin, Səməd Vurğun adına mədəniyyət və istirahət parkının, Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı l71 saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında, Yevlax şəhər avtovağzal kompleksinin açılışında iştirak etmiş, Kür çayının sahilində salınan "Bulvar" istirahət mərkəzində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etmişdir.
Elə bu diqqət və qayğının nəticəsidir ki, bu gün Yevlax nəinki respublikanın, eləcə də dünyanın ən müasir, abad və gözəl şəhərlərindən birinə çevrilmişdir.
Bəli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tərtər, Bərdə, Yevlax və Zərdab rayonlarına tarixi səfərləri həyatın bütün sahələrində əsaslı inkişaf və yüksəlişə səbəb olmuş, insanlar arasında böyük ruh yüksəkliyi və əmək coşqunluğu yaratmışdır. İndi həmin rayonlarda bütün qüvvələr hərəkətə gətirilmiş, ölkə Prezidentinin qarşıya qoyduğu vacib və təxirəsalınmaz vəzifələrin uğurla yerinə yetirilməsində səfərbər olunmuşdur.
Deməli, qarşıda tərtərliləri, bərdəliləri, yevlaxlıları, zərdablıları, bütünlüklə xalqımızı hələ yeni səfərlər, yeni görüşlər, xoş və əlamətdar hadisələr gözləyir...
{nl}
Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.