Bakıda "Böyük miqyaslı tədqiqat layihələri - 2012: yüksək texnologiyalar üçün materialşünaslıq və informatika" mövzusunda beynəlxalq konfrans işə başlamışdır

Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Böyük miqyaslı tədqiqat layihələri -2012: yüksək texnologiyalar üçün materialşünaslıq və informatika" mövzusunda beynəlxalq konfrans işə başlamışdır. 
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi, AMEA Fizika İnstitutunun təşkilatçılığı ilə keçirilir.
Tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfransın məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, məqsəd Fizika İnstitutunda yerinə yetirilən pilot qrant layihələri və digər elmi-tədqiqat işləri üzrə nəticələrin müzakirə olunması, mövcud elmi əlaqələrin gücləndirilməsi və yeni əlaqələrin yaradılmasıdır.
M.Kərimov dünyanın bir çox yerlərindən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi tədbirin ölkəmiz üçün əhəmiyyətindən, birgə beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətində mühüm rolundan danışmış, konfransın işinə uğurlar arzulamışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev demişdir ki, son illər Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafı ölkəmizdə elmi tərəqqinin genişlənməsinə də böyük təsir göstərir. Cəmi iki il əvvəl yaradılmış EİF-in Azərbaycanda elmin inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi qrant layihələrindən söz açan E.Babayev AMEA-nın Fizika İnstitutunun həmin layihələrdə fəal iştirakından, bu elmi müəssisədə gənc kadrların yetişdirilməsinə göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, layihə çərçivəsində instituta xarici ölkələrdən gətirilmiş cihazlar vasitəsilə burada mühüm elmi tədqiqatlar aparılmış və bir sıra uğurlu nəticələr əldə edilmişdir.
Konfransın 10 noyabr - Dünya Elm Günündə keçirilməsinin əhəmiyyətindən bəhs edən EİF-in icraçı direktoru iştirakçıları bu bayram münasibətilə təbrik etmiş, onlara yeni elmi yaradıcılıq uğurları arzulamışdır.
AMEA-nın Fizika İnstitutu direktorunun müavini, professor Nazim Məmmədov təmsil etdiyi qurumda EİF-in dəstəyi ilə yerinə yetirilmiş, böyük maliyyə həcmli pilot layihə xarakterli "Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu" və maddi-texniki təminat xarakterli "Yüksək texnologiyalar üçün interkalyasiya olunmuş nanostrukturlu laylı yarımkeçirici materiallar" mövzularında layihələrin yekunları barədə hesabatla çıxış etmişdir.
Sonra konfrans "Topoloji izolyatorlar", "Ferroiklər", "Nanofotonika" və fotovoltaika üçün materiallar, biokompozitlər", "Böyük miqyaslı tədqiqat layihələrinin yeni elm sahələrinin və qabaqcıl texnologiyaların inkişafındakı rolu" adlı dörd bölmə üzrə işini davam etdirmişdir.
İclasda Azərbaycan alimləri ilə yanaşı, Yaponiya, Almaniya, Fransa və ABŞ-dan dəvət olunmuş aparıcı alim və mütəxəssislərin məruzələri dinlənilmiş, mövzular ətrafında müzakirələr aparılmışdır.
Konfrans noyabrın 11-də işini davam etdirəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında