Şriftin ölçüsü:
06.11.2012 05:53 | Oxunma sayı: 580
Noyabrın 5-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) hüquq komissiyasının 2-ci iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız respublikaları parlamentlərinin deputatları, diplomatlar, TürkPA katibliyinin əməkdaşları iştirak etmişlər.
Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpəyin sədrlik etdiyi komissiyanın iclasında "TürkPA-ya üzv dövlətlərin parlamentlərinin reqlamentləri və millət vəkillərinin səlahiyyətləri" və "TürkPA-ya üzv ölkələr arasında qanunvericilik məsələləri üzrə əməkdaşlıq" mövzusunda hesabat və tövsiyə xarakterli qərarların layihələri müzakirə olunmuşdur.
Komissiyanın sədri Haluk İpək iclası açaraq demişdir ki, bu cür tədbirlər üzv ölkələr arasında əlaqələrin inkişafında, qanunvericilik sahəsində əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Komissiyanın birinci iclasında TürkPA-ya üzv ölkələrin konstitusiyaları müzakirə olunmuş, hər bir üzv ölkənin Ana Qanunu digər dillərə tərcümə olunaraq ayrıca kitab halında nəşr etdirilmişdir. Bu iclasda parlamentlərin reqlamentləri və deputatların səlahiyyətləri, qanunvericilik sahəsində əməkdaşlıq və s. məsələlər müzakirə olunacaqdır. Düşünürük ki, komissiyanın iclasında müzakirə edilən və qəbul olunan qərarlar təşkilatımıza üzv ölkələr arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəkdir.
Haluk İpək göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə, qonaqlar adından Azərbaycan tərəfinə minnətdarlıq etmişdir.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qonaqları Milli Məclisin rəhbərliyi adından salamlamışdır. O demişdir ki, TürkPA-ya üzv ölkələrin hamısı demokratik, dünyəvi dövlət qurmuşlar. Bu ölkələrin konstitusiyalarının 4 dilə tərcümə olunması təkcə parlament diplomatiyası, demokratiyanın, parlamentlərarası əlaqələrin inkişafı baxımından deyil, beynəlxalq əməkdaşlığımızın möhkəmlənməsi üçün də əhəmiyyətlidir. Bizi ümumi dəyərlər birləşdirir və TürkPA-ya üzv ölkələrin hüquq sistemlərinin bir-birinə uyğunlaşdırılması da ümumi işin xeyrinədir. Ona görə də hesab edirik ki, bugünkü iclasda müzakirə olunacaq məsələlər də əlaqələrimizin hərtərəfli inkişafı baxımından çox vacibdir.
Sonra Z.Əsgərov Azərbaycanın TürkPA-nın fəaliyyətinə verdiyi əhəmiyyətdən danışmış, komissiyanın işinə uğurlar arzulamışdır.
TürkPA-nın baş katibi Ramil Həsənov isə çıxışında hüquq komissiyasının ikinci iclasının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, bu iclaslarda müzakirə olunan məsələlər və qəbul olunan qərarlar ümumi işin xeyrinədir.
Baş katib TürkPA-nın həyata keçirdiyi layihələrdən danışmış, görülən işlərə üzv dövlətlərin başçıları və parlament rəhbərlərinin verdiyi yüksək qiyməti və dəstəyi xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın işinə daim diqqət və qayğı göstərir. Dövlət başçısının tapşırığına əsasən TürkPA katibliyi üçün yeni bina tikiləcəkdir. Yeni bina üçün torpaq sahəsi də ayrılmışdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaqdır.
Sonra iclas öz işini davam etdirmişdir. Əvvəlcə iclasın gündəliyi təsdiq olunmuşdur. İclasda "TürkPA milli parlamentlərinin prosedur qaydaları və parlament üzvlərinin mövqeyi" və "TürkPA-ya üzv ölkələrin qanunvericilik sahəsində əməkdaşlığı" mövzularında məruzələr dinlənilmiş, TürkPA-nın dördüncü ümumi iclasına məruzəçi təyin olunmuşdur. Daha sonra hər iki məsələ ilə bağlı milli parlamentlərə tövsiyələr qəbul edilmişdir.
Bildirilmişdir ki, bu tövsiyələr TürkPA-nın 2013-cü ildə Türkiyədə keçiriləcək IV plenar sessiyasında təsdiq olunduqdan sonra üzv ölkələrin parlamentlərinə göndəriləcəkdir. Milli parlamentlər həmin tövsiyələr əsasında yeni qanun layihələri hazırlayacaqlar.
Sonda iclas iştirakçıları xatirə şəkli çəkdirmişlər.
Bununla da iclas başa çatmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.