Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi qeyd edilmişdir

Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyasının yaranmasının (YAP) 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.  
AzərTAc xəbər verir ki, alim və mütəxəssislərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider, müasir dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışmış, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Rektor dahi rəhbər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı müstəsna rolundan, respublikamızda qazanılan nailiyyətlərdən bəhs etmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov YAP-ın yaranma tarixi, inkişaf mərhələləri, ölkəmizin ictimai-siyasi həyatındakı tarixi xidmətləri barədə danışmışdır. Bildirmişdir ki, YAP obyektiv tarixi zərurətdən yaranmışdır.
1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyini xatırladan Ə.Əhmədov qeyd etmişdir ki, həmin dövrdə ölkəmizin iqtisadiyyatında və digər sahələrdə ciddi tənəzzül özünü göstərirdi, respublikada özbaşınalıq, hərc-mərclik hökm sürürdü. Reallıq ondan ibarət idi ki, o zaman hakimiyyətdə olan insanların bacarıqsızlığı, səriştəsizliyi ucbatından Azərbaycan çox ağır böhran şəraiti ilə üzləşmişdi. İnsanlar düçar olduqları ağır bəladan çıxış yolları axtarırdılar, düşünürdülər. Bu düşüncələrin, axtarışların məntiqi nəticəsi olaraq onlar yalnız ulu öndər Heydər Əliyevə inam bəsləyirdilər. İnsanlar bu qənaətə gəlmişdilər ki, Azərbaycanı düçar olduğu ağır böhrandan, bütövlükdə ölkəni dağılmaq, parçalanmaq təhlükəsindən yalnız ümummilli lider Heydər Əliyev xilas edə bilər.
Yaranmış ağır vəziyyətdən çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görən intellektli insanlar bu real düşüncələrini sivil yollarla həyata keçirmək istəyirdilər. Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranması ideyası mühüm əhəmiyyət kəsb etmişdi. YAP-ın yaradılması ulu öndər Heydər Əliyev şəxsiyyəti və fenomeni ilə birbaşa əlaqədar idi. Bu partiyanın yaranması insanların böyük şəxsiyyətə inamını daha da artırdı.
Ə.Əhmədov xatırlatmışdır ki, Yeni Azərbaycan Partiyasının yaranmasından, 1993-cü ildə xalqın təkidli tələbi ilə partiyanın sədri, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə hərc-mərcliyə son qoyulmuş, əmin-amanlıq, sabitlik bərqərar edilmiş, Azərbaycanın düçar olduğu dağılmaq təhlükəsi sovuşmuş, respublikamız sürətli inkişaf yoluna çıxmışdır.
Müdrik rəhbər Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən bəhs edən Ə.Əhmədov müstəqil dövlətimizin yaranmasında, qorunub saxlanmasında və dünyada tanınmasında ulu öndərin əvəzsiz rolundan bəhs etmişdir.
Ümummilli lider Heydər Əliyev siyasətinin əhəmiyyətindən danışan Ə.Əhmədov dahi rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmiş, respublikamızın dinamik inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun artdığını, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu diqqətə çatdırmışdır.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən bəhs edən Ə.Əhmədov Azərbaycanın daha parlaq gələcəyinə, xalqımızın nurlu sabahına inamını ifadə etmişdir.
YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov, BDU-nun tarix fakültəsinin dekanı Azad Rzayev ümummilli lider Heydər Əliyev ideyalarının əbədi yaşayacağını vurğulamışlar.
Tədbirdə BDU-nun ayrı-ayrı fakültələrində təhsil alan tələbələrin bir qrupu YAP-a üzv qəbul olunmuşdur.
Sonra YAP Yasamal rayon ərazi ilk partiya təşkilatlarının futbol komandaları arasında təşkil olunan yarışların bağlanış mərasimi keçirilmişdir.
Yarışın qalibi Dövlət Sosial Müdafiə Fondunun komandası olmuşdur.

{nl}

Bakıda Regional Rabitə Birliyi Administrasiya Rəhbərləri Şurasının 47-ci və MDB-nin iştirakçısı olan ölkələrin İnformasiyalaşdırma üzrə Əlaqələndirmə Şurasının 18-ci birgə iclası keçirilmişdir
Noyabrın 5-də Bakıda Regional Rabitə Birliyi (RRB) Administrasiya Rəhbərləri Şurasının 47-ci və MDB-nin iştirakçısı olan ölkələrin İnformasiyalaşdırma üzrə Əlaqələndirmə Şurasının 18-ci birgə iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, noyabrın 6-dan 9-dək Bakıda keçiriləcək "Bakutel-2012" sərgi və konfransının, VII İnternet İdarəçilik Forumunun, eləcə də RRB Administrasiya Rəhbərləri Şurasının və MDB-nin iştirakçısı olan ölkələrin İnformasiyalaşdırma üzrə Əlaqələndirmə Şurasının birgə iclasının iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər güllər düzülmüşdür.
Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun, Beynəlxalq Telekommunikasiya İttifaqının baş direktoru Hamadun Turenin, Rusiya Federasiyasının kommunikasiyalar və rabitə naziri Nikolay Nikiforovun, həmçinin üzv ölkələrin rabitə administrasiyalarının nümayəndə heyətlərinin, RRB müşahidəçilərinin, regional və beynəlxalq təşkilatlardan olan yüksək səviyyəli qonaqların iştirakı ilə keçirilən birgə iclasda MDB ölkələrinin rabitə və informasiyalaşdırma sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
İclasda müzakirə olunacaq məsələlər barədə məlumat verən Nikolay Nikiforov, informasiya təhlükəsizliyinin, internetin inkişafının tədbirin gündəliyində duran əsas məsələlərdən olduğunu bildirmişdir.
İclasda çıxış edən Abid Şərifov son illər Azərbaycanda əldə olunan uğurlardan danışaraq informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin ölkə iqtisadiyyatının aparıcı sektorlarından biri olduğunu demişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 7-8 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalının 3 dəfə artdığını vurğulayan A.Şərifov qeyd etmişdir ki, ötən dövrdə bu göstərici sənayedə 4 dəfə, kənd təsərrüfatında 1,3 dəfə, inşaat sektorunda 3,1 dəfə, nəqliyyat və İKT sektorunda isə 3 dəfə artmışdır.
"2004-cü ildən başlayaraq, bütün maliyyə mənbələrindən Azərbaycan iqtisadiyyatına kapital yatırımları 102 milyard dollar təşkil etmişdir" - deyən Baş nazirin müavini bildirmişdir ki, investisiyaların 49,8 faizini daxili sərmayələr təşkil etmişdir. Bu dövrdə neft-qaz sektoruna 38,1 milyard dollar sərmayə qoyulmuş, ümumilikdə iqtisadiyyata və qeyri-neft sektoruna 60 milyard dollardan çox vəsait yatırılmışdır.
Baş nazirin müavini bu dövrdə Azərbaycan əhalisinin gəlirlərinin 5,3 dəfə, orta əmək haqqının 4,7 dəfə, minimum əmək haqqının 10,4 dəfə artdığını, yoxsulluq səviyyəsinin isə 2004-cü ildəki 44,7 faizdən 2011-ci ilin yekunları üzrə 7,6 faizədək azaldığını deyərək, ölkədə sahibkarlıq sektorunun inkişaf etdiyini və sahibkarlıq subyektlərinin sayının 2 dəfə çoxaldığını vurğulamışdır.
A.Şərifov diqqətə çatdırmışdır ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da telekommunikasiya xidmətləri və informasiya texnologiyalarının xidmətləri sürətlə inkişaf edir. İndi Azərbaycanda bəzi rabitə növləri qabaqcıl mövqe tutur. Hər 100 nəfərdən 65-i internet istifadəçisi və 30-u genişzolaqlı internet istifadəçisidir. Bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, sonra isə bütün telefon şəbəkəsinin elektronlaşdırılması ən əhəmiyyətli nailiyyətlərdən biridir. Respublikanın mobil rabitə sektoru da dinamik inkişaf edir və hazırda respublikada hər 100 nəfərə 110 mobil telefon düşür.
Baş nazirin müavini bildirmişdir ki, Azərbaycanın ilk telekommunikasiya peyki 2013-cü il fevral ayında işə salınacaqdır. Peykin əhatə zonasına Avropa, Asiya, Afrika, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının ölkələri düşəcəkdir. Beləliklə, telekommunikasiya peykinin xidmətləri təşkilata üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaqdır.
Sonra tədbir müzakirələrlə davam etdirilmişdir. Məruzələrlə davam edən tədbirdə ötən müddətdə görülən işlər, qarşıya çıxan problemlər və perspektiv məsələlər müzakirə olunmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında