Məqsəd gənc alimlərin elmə həvəsini stimullaşdırmaqdır

AMEA-nın Geologiya İnstitutunda bu istiqamətdə səmərəli işlər görülür
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) digər strukturları kimi, Geologiya İnstitutu da gənc elmi kadrların çatışmazlığını hiss edir. Elmi müəssisənin qocaman alimləri estafeti təhvil vermək və elmi intellektual mülkiyyət olaraq yeni nəslə ötürməkdə çətinlik çəkir. Hazırda institutda 40-a yaxın gənc mütəxəssis çalışır. Bəs, onların bu təşkilatdakı fəaliyyəti, elmə faydası və problemləri nədən ibarətdir?
İnstitut son 10 ildə müxtəlif yollarla gənc kadr çatışmazlığını aradan qaldırmağa çalışır. Burada bu istiqamətdə konkret gənc kadrlarla iş formalaşıb, planlar qurulub və lazımi tədbirlər görülür.
Uzun illərdir ki, Geologiya İnstitutunun kollektivi elmdə magistratura təhsilinin tətbiq edilməsinə çalışır. Amma nail olmayıb. Yalnız 2007-ci ildə institutun təşəbbüsü ilə AMEA və bp şirkəti arasında magistratura təhsilinə dair memorandum imzalanıb.
Geologiya İnstitutunun gənc kadr siyasətinin çox önəmli mərhələsi 2006-cı ildə Gənc Alimlər Şurasının təsis edilməsi ilə başladı. Şuranın işi əsasən gənc əməkdaşların elmi fəaliyyəti ilə yaxından maraqlanmaq, çətinliklərini aradan qaldırmaq, institut daxilində və xaricində elmi konfrans, müsabiqə, ictimai və xeyriyyə tədbirləri keçirməkdən ibarətdir.
Bu işlər sırasında "Yer elmləri sahəsində tədqiqatların yeni istiqamətləri" adlı I və II Beynəlxalq konfransları, həmçinin "Elmin inkişafı və yeni nailiyyətlər" mövzusunda müsabiqəni qeyd etmək olar. Bundan əlavə, hər üç ildən bir ən yaxşı elmi-tədqiqat işi üzrə ümumrespublika miqyaslı müsabiqə də keçirilir. Bunlardan əlavə, institutun gəncləri hər il bir sıra beynəlxalq konfrans və elmi treninqlərdə iştirak edir və onların məruzələri nüfuzlu xarici nəşrlərdə çap olunur.
Hər il instituta yeni gənclər işə götürülür. Xüsusən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri Geologiya İnstitutuna müraciət edir, bu elm ocağının intellektual bazasından yararlanır, çöl və laboratoriya tədqiqatlarına cəlb olunurlar. Bakalavr və magistrlər çalışdıqları şöbələrdə profillərinə uyğun elmi mövzularla təmin olunur və istiqamətləndirilir. Gələcəyin alimləri topladıqları təcrübə əsasında bakalavr və magistratura üzrə diplom işlərini müdafiə edirlər. Onlara apardıqları elmi-tədqiqat işlərinin nəticələrini "AMEA aspirantlarının elmi konfransının materialları" adlı nəşrdə çap etdirmək imkanı verilir. Məqsəd gənclərdə konfranslara qatılmaq, məruzələrlə çıxış etmək və elmi nəşrlərdə çap olunmaq vərdişini yaratmaqdır. Bütün bu imkanlar institut rəhbərliyi tərəfindən məhz gənc alimlərin stimulunun artırılması məqsədi ilə təşkil edilib.
Geologiya İnstitutu kadr siyasətini reallaşdırarkən yolunu nəinki elmin, hətta təhsilin beşiyinə qədər uzadır. Belə ki, geoloqlar məktəbli şagirdləri instituta dəvət edərək geologiya elminə dair ümumi maraqlı məlumatlarla maarifləndirir və onlar üçün həvəsləndirici elmi ekskursiyalar təşkil edir.
Azərbaycan elmi hazırda çoxdan gözlədiyi islahatlar dövrünü yaşayır. Prezident İlham Əliyevin sərəncamları ilə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" qəbul olunub, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) təsis edilib. Bunlardan əlavə, 2008-ci ildən indiyəcən elm sahəsində çalışanların maaş və təqaüdləri bir neçə dəfə artırılıb, alimlər mükafatlarla təltif olunub.
Sərəncamlardan biri əsasında gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında "doctor of science" təhsili almaları üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 500 min manat ayrılmışdır. Üstəlik, EİF hər il elmi-tədqiqat üzrə qrant layihələrinə milyonlarla manat xərcləyir. Dövlətin qayğısı bunlarla kifayətlənmir.
Doktorantura təhsili almaq üçün Avropaya ezam olunmuş gənc alimlərin bəziləri təhsillərini lazımi səviyyədə başa vurmaq üçün yuxarıda qeyd edilən vəsaitdən lazım olan payı ala bilmirlər. Maraqlı məqamlardan biri də odur ki, EİF xaricində fəaliyyət göstərən və elmi qrant layihələrinin icrasını monitorinq edən qurum da yoxdur.
Gənc alimlərin doktorantura təqaüdləri, sosial şəraitləri xeyli zəifdir. Hətta gənclərin ailə qurmaq üçün maddi imkanları çatmır. Bu səbəbdən bir çox hallarda onlar kənar işlərlə məşğul olmaq məcburiyyətində qalırlar. Bu da gənc alimlərin elmi fəaliyyətini zəiflədən, səmərəni azaldan amillərdən biridir.
GAŞ-nin sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov:
- 2004-cu ildə Geologiya İnstitutunun "neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşiyyatı" profili üzrə doktorantura təhsili barədə elanını oxudum və sənədlərimi doktorantura şöbəsinə verdim. Baxmayaraq ki, doktorantura təhsilinə yiyələnmək üçün analoji elan məzunu olduğum Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən də verilmişdi, doktorantlar üçün yaradılmış bütün imkanları nəzərə alıb məhz bu institutu seçdim. Həmçinin, burada doktorantura təhsili almış gənc dostlarım da bu addımı atmağı mənə tövsiyə etmişdilər.
Bu institutda qarşıma qoyduğum ən ali məqsədimə çata bildim. Belə ki, 2009-cu ildə elmi işi uğurla müdafiə etdim və elmi dərəcəyə layiq görüldüm. İnstitutda gənclərə verilən önəm sonrakı karyeramı burada davam etdirməyə həvəsləndirdi. Artıq 5 ildir burada çalışıram. Məqsədlərimin əsas hissəsi məhz bu institutla bağlıdır.
Lakin institutdakı gənclərin, eləcə də mənim qarşımızda məqsədlərlə bərabər çox ciddi problemlər də vardır. Onlar əsasən sosial çətinliklərlə bağlıdır. İnstitut gənclərin inkişafı üçün bütün imkanlarını səfərbər edib. Lakin bu, müəyyən həddə qədərdir, dediyim kimi, institutun imkanları çərçivəsində. Ən ciddi problemlərimiz əməkhaqqının və doktorantura təqaüdlərinin aşağı olması, stimulverici sosial yardımların olmaması və sairdir. Sosial vəziyyətimiz xüsusi ilə ağırdır. Bu mənada evsizlik səbəbindən ailə qura bilməmək problemlərimizi də nəzərdə tuturam.
Azərbaycan gənclərinin potensialı sonsuzdur. Lakin sadaladığım məsələlər öz həllini tapmasa, çətinliklərimiz bir qədər də ağırlaşa bilər. Bu gün Geologiya İnstitutunda gəclərimiz daha çox əməkhaqqı vəd edən xarici neft və qaz şirkətlərinə üz tuturlar.
Lakin yenə də ümid edirik ki, möhtərəm Prezident İlham Əliyev Azərbaycan elminə qayğısını davam etdirəcək, konkret islahatlarla bağlı sərəncamlar imzalayacaq və biz gənclər də bu qayğılardan layiqincə faydalanacağıq".

{nl}

Hazırladı: Səid HÜSEYNOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında