Görkəmli alim Budaq Budaqov son mənzilə yola salınmışdır

Noyabrın 2-də görkəmli coğrafiyaşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, coğrafiya elmləri doktoru, professor Budaq Budaqov son mənzilə yola salınmışdır.
AzərTAc xəbər verir ki, vida mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi.
Akademik Budaq Budaqovun həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Matəm mitinqini AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq Azərbaycan coğrafiya elminin görkəmli nümayəndələrindən olan Budaq Budaqovun coğrafiyaşünaslıq elminin inkişafındakı səmərəli xidmətlərindən danışmışdır.
Alimin bütün mənalı ömrünü coğrafiya elminin inkişafına sərf etdiyini vurğulayan M.Kərimov demişdir ki, Budaq Budaqovun tədqiqatlarının nəticələri ölkəmizdə və xaricdə nəşr edilmiş 600-ə yaxın elmi əsərdə, o cümlədən 25 monoqrafiyada əksini tapmışdır. Görkəmli alim ömrü boyu ekologiya və ətraf mühitin qorunmasını, ölkəmizin zəngin sərvətlərindən səmərəli istifadə olunmasını təbliğ etmişdir.
Bildirilmişdir ki, Budaq Budaqovun elmi, ictimai-siyasi və pedaqoji fəaliyyəti vəhdət təşkil etmişdir. Alim respublikamızda coğrafiyaşünaslar məktəbinin formalaşdırılması üçün bilik və bacarığını əsirgəməmiş, coğrafiya dərsliklərinin hazırlanması və yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə böyük əmək sərf etmişdir.
Ölkəmizin hüdudlarından kənarda, beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə elmimizi yüksək səviyyədə təmsil edən alim həm də bacarıqlı elm təşkilatçısı idi. Ölkəmizin ictimai-siyasi həyatının fəal iştirakçılarından olan Budaq Budaqov Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi geniş ictimaiyyətin nüfuzunu qazanmışdı. Görkəmli alim zəngin yaradıcılığı ilə Azərbaycan coğrafiya elminə böyük töhfələr vermişdir.
M.Kərimov vurğulamışdır ki, alimin qoyub getdiyi zəngin elmi irs daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir. Onun tədqiqatları, dəyərli fikirləri coğrafiyaşünaslığımız üçün həmişə qiymətli mənbə olaraq qalacaqdır.
Vida mərasimində çıxış edən AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Arif İsmayılzadə, AMEA Coğrafiya İnstitutu direktorunun müavini, akademiyanın müxbir üzvü Ramiz Məmmədov, AMEA-nın Ağsaqqallar Şurasının sədri, akademiyanın müxbir üzvü Rafiq Qasımov, Bakı Dövlət Universitetinin professoru Fərda İmanov akademik Budaq Budaqovun coğrafiya elminin inkişafındakı xidmətlərindən, çoxşaxəli fəaliyyətindən, elmi irsinin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, Budaq Budaqov XX əsr Azərbaycan coğrafiyaşünaslıq elminin görkəmli nümayəndəsi, yorulmaz tədqiqatçı, fədakar alim və pedaqoq kimi elm tariximizdə əbədi qalmaq haqqını qazanmış insanlardandır.
Mərhumun ailəsi adından çıxış edən qızı Sevinc Budaqova alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınmışdır.
Mərhum ikinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında