Metanol yanacaqdan daha üstün həlldir

Metanolun təbii qazdan sintez yolu ilə alınması ən effektiv və ekoloji baxımdan ən təhlükəsiz texnoloji proseslərdən biridir. Müasir metanol zavodları ekoloji cəhətdən o qədər təmizdir ki, mütəxəssislər atmosferə buraxılan tullantıların çox hissəsinin zavodun özündən daha çox zavoda xidmət göstərən benzin və dizel yanacağı ilə işləyən yükdaşıyan nəqliyyat vasitələri tərəfindən atıldığını deyirlər. 
Kimyəvi xammal kimi metanol çox mühüm əhəmiyyət kəsb edir, lakin ondan mühərrik yanacağı kimi istifadə daha böyük perspektivə malikdir.
Sağlamlıq, təhlükəsizlik və ətraf mühit - metanolun üstünlüyü
Bəzi mütəxəssislər metanolu neyrotoksin kimi ayırırlar. Lakin çoxları bilmir ki, kiçik dozalarda etanol və benzin metanola nisbətən daha zəhərlidir. Bundan əlavə, metanol, bir qayda olaraq, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi ilə bağlı bir çox digər aspektlər üzrə böyük üstünlüklərə malikdir. Onun torpaq sularında yarımparçalanma dövrü 1-7 gün təşkil edir ki, bu da benzinin tərkibində olan maddələrdəkindən 10-100 dəfə azdır.
Yarış avtomobillərində metanol yanacağından məhz daha təhlükəsiz olduğuna görə istifadə edilir. Metanol benzindən beş dəfə gec yanır və onu söndürmək daha asandır. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) hesabatına əsasən, metanoldan istifadə nəqliyyat vasitələrinin alışması ilə əlaqədar ölənlərin sayının 95 faizədək azalmasına gətirib çıxaracaq.
Metanol yanacağı ilə işləyən nəqliyyat vasitələrinin havaya buraxdığı tullantılarda benzin analoqları ilə müqayisədə karbon qazının miqdarı daha az, karbohidrogenlərin miqdarı xeyli az və ən zərərli NOx birləşmələrinin miqdarı isə daha da azdır.
Xüsusi enerji
Uzaq səfərlərə yola çıxan tır sürücüləri öz nəqliyyat vasitələrini metanol yanacaq sistemləri ilə təkmilləşdirib dizel yanacağı ilə müqayisədə qənaətin 20%-dən 30%-dək artmasına nail olurlar. Bu, ildə təxminən 20,000 qallon yanacaq işlədən avtomobillər üçün əhəmiyyətli göstəricidir. Ölçülən güc 75%-dək, fırlanma anı isə 65% artır. Bu, heyrətamiz göstəricidir!
Metanolla işləyən nəqliyyat vasitələri ənənəvi benzin mühərrikləri ilə müqayisədə 25-30% daha səmərəli və dizel mühərrikləri ilə təxminən eyni effektivlik göstəriciləri ilə işləyə bilər. Bəs metanol rəqib yanacaq növləri ilə müqayisədə özünü necə göstərir?
Mayeləşdirilmiş Təbii Qaz (MTQ) - Minik avtomobilləri üçün MTQ ilə işləmə imkanının yaradılmasına çəkilən xərc, metanolla işləmə imkanının yaradılmasına çəkilən xərcdən demək olar ki, 30-40 dəfə artıqdır. MTQ əsaslı yeganə minik avtomobili Honda Civic GX benzinlə işləyən analoji təchizatlı Civic avtomobilindən 7500 dollar baha satılır. MTQ doldurma məntəqələri maye yanacaqdoldurma məntəqələrindən təxminən iki dəfə baha başa gəlir.
Etanol - Etanol öz istehlak, nəqliyyat, iş xarakteristikalarına görə metanolla müqayisə oluna bilər, lakin "qazın etanola çevrilməsinin", yoxsa "qazın metanola çevrilməsinin" daha effektiv olduğunu müəyyən edə biləcək elə bir texnoloji proses mövcud deyil. Aydındır ki, qarğıdalıdan etanolun istehsal olunması layihələrinə yönələn həm ictimai entuziazm, həm də dövlət subsidiyaları artıq tükənmək üzrədir.
Ənənəvi mühərrik yanacağı növləri - Metanola maraq 1976-cı ildən oyanmışdır. Bu, oktan ədədini qaldırmaq üçün aşqar qismində qurğuşunun əvəzinə metanoldan istifadə olunması ilə bağlı idi. Bu təcrübənin nəticələrindən biri 1982-2005-ci illərdə keçirilmiş M85 metanol yanacağı əsaslanan (85% metanol, 15% benzin əlavəsi) Kaliforniya avtomobil proqramı olmuşdur.
Bu proqram çərçivəsində metanolla və benzinlə işləyən avtomobillərə əsaslı texniki baxış keçirilmişdir. Metanolla işləyən nəqliyyat vasitələrinin qət etdiyi məsafə az olsa da, bu avtomobillərin havaya buraxdığı tullantıların göstəricisi daha qənaətbəxş olmuş, onlarda sürətin 0-dan 100 km/saata qədər artırılması benzinlə işləyən avtomobillərdən bir saniyə tez baş vermişdir.
Texniki baxımdan benzində 15 faizə qədər metanoldan hər hansı modifikasiya olmadan istifadə etmək mümkündür. Eləcə də, təxminən 210 dollar xərc çəkməklə, yeni çoxyanacaqlı avtomobillərdə 100%-ə qədər metanoldan istifadə etmək mümkündür. Bu xərc metanolla işləyən avtomobillərin kütləvi istehsalı zamanı daha da azala bilər. Metanol hazırda istifadə olunan digər yanacaq növləri kimi maye halında olduğuna görə, mövcud yanacaqdoldurma məntəqələri infrastrukturunu cüzi modifikasiyalar etməklə metanol doldurma infrastrukturuna çevirmək olar.
ABŞ və Çin
Hazırda ABŞ metanol istehsalını durmadan artırır. İki zavod yenidən işə salınmış, bir zavod Çilidən köçürülmüş və bir iri metanol istehlakçısı yeni zavodun tikintisinə başladığını elan etmişdir. 2015-ci ildə ABŞ öz daxili metanol tələbatını təmin etməyə yaxın olacaq.
Çin metanol mühərrik yanacağında inanılmaz templərlə inkişaf edir. Orada M5-dən M100-ə qədər müxtəlif metanol qatqıları movcuddur və onlardan ən geniş yayılanı M15 yanacağıdır. 2007-ci ildə Çində 770 metanol yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərirdi. İndiki göstəricilər bu rəqəmdən dəfələrlə çoxdur. Dünya üzrə ən sürətlə inkişaf edən mühərrik yanacağı bazarı olan Çinin bütün ərazisində M15 və M85 yanacaq standartları tətbiq edilmişdir.
Gələcək
Metanol, əsasən, təbii qazdan istehsal olunur, lakin onu etanolla müqayisədə biokütlədən daha effektiv şəkildə əldə etmək olar. Son zamanlar yanacaq elementləri əsasında işləyən nəqliyyat vasitələrinə mühərrik yanacaqları bazarının xilaskarı kimi baxılır. Metanol yanacaq elementləri üçün əla enerji daşıyıcısıdır və metanol doldurma infrastrukturunun yaradılmasına hidrogen doldurma infrastrukturundan daha asan nail olmaq mümkündür.
Bəlkə də, yanacaq elementlərinin gələcəyi elə də uzaq deyil, amma təbii qazdan metanolun alınması texnologiyası bu gün artıq mövcuddur və ondan yararlanmaq lazımdır.

{nl}

K.OKTAYOĞLU


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında