Yubiley tədbiri keçirilmişdir
Yeni Azərbaycan Partiyasının 20-ci ildönümünə həsr olunmuş ümumrayon tədbirində Astaranın ziyalıları, partiya fəalları, inzibati orqanların rəhbərləri və KİV nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbirdə Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi sükutla yad edildi. YAP rayon təşkilatının sədri F.Həsənov, əməkdar kənd təsərrüfatı işçisi, YAP rayon təşkilatı ağsaqqallar şurasının sədri H.İbrahimov, qadınlar şurasının sədri B.Əliyeva, gənclər birliyinin sədri R.Nəsirov, YAP-ın yaradıcı təəssübkeşlərindən və 91-lərdən biri, akademik S.İmamverdiyev çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının inkişafı naminə gördüyü möhtəşəm işlərdən danışdılar, bu siyasəti uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı yüksək nailiyyətləri nəzərə çatdırdılar. İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev geniş məzmunlu nitqində ölkəmizin yüksək inkişaf mərhələsinə çatmasında mühüm rol oynayan, böyük aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibəti ilə iştirakçıları təbrik etdi, müstəqil Azərbaycanın tərəqqisi naminə yeni nailiyyətlər arzuladı.
Sonda partiyanın bir qrup fəal üzvü fəxri-ərmanlarla təltif olundu, partiyaya yeni qəbul olunanlara üzvlük biletləri təqdim edildi.
Veteranlar Şurasının konfransı
Rayon Veteranlar Şurasının konfransı keçirilmişdir. Konfransda Respublika Veteranlar Şurasının nümayəndəsi Cabir Kazımov iştirak etmişdir.
Hesabat məruzəsi ilə rayon şurasının sədri Rafiq Əliyev çıxış edərək ümummilli lideri Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü möhtəşəm işlərdən danışmış, geniş quruculuq-abadlıq tədbirlərində respublika, o cümlədən, rayon veteranlarının da xüsusi rolunu vurğulamışdır.
Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Böyük Vətən Müharibəsi iştirakçısı Məmmədşah Məcidov, əmək veteranı Ağagül Qasımov, Əmir Nabatov, rayon poliklinika şöbəsinin müdiri Fuad Səmədov çıxış etmişlər.
Konfransda şura üzvləri və idarə heyəti, Respublika Veteranlar Şurasının V Qurultayına nümayəndələr seçilmişdir.
{nl}
İdmançılarla görüş
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonun idmançıları ilə görüşündə respublika birinciliklərində, çempionatlarda və beynəlxalq turnirlərdə yüksək nailiyyətlər əldə etmiş atletlər, məşqçilər, veteranlar və əlaqədar idarələrin rəhbərləri iştirak etmişlər.
İcra hakimiyyətinin başçısı görüşü açaraq demişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə elan olunmuş "İdman ili"nin artıq 10 ayı arxada qalmışdır. Bu dövr respublikamızın idman həyatında çox uğurlu göstəricilərlə yadda qalmışdır. İdmançılarımız ayrı-ayrı növlər üzrə mötəbər beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında uğurlu nəticələr qazanmış, London Olimpiadasında Azərbaycanın bayrağını yüksəklərə qaldırmaqla idman tariximizə şanlı səhifə yazmışlar. 205 ölkənin iştirak etdiyi bu böyük idman tədbirində ölkəmizin idmançılarının 10 medal qazanaraq 30-cu yerdə qərar tutması böyük nailiyyətdir.
Fərəhlidir ki, nailiyyətlərdə Astara idmançılarının da layiqli payı var. Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Aslan Ağayev, London Olimpiadasının iştirakçısı Cəbrayıl Həsənov və başqa həmyerlilərimiz idman sahəsində ad-san qazanmışlar. Prezident İlham Əliyevin bu ilin mart ayında açılışında iştirak etdiyi Astara Olimpiya İdman Kompleksi "İdman ili"ndə gənclərə ən qiymətli hədiyyədir. Burada iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq dzyu-do turniri keçirilmişdir. Yeniyetmələr arasında Bakıda təşkil olunan atletika üzrə Azərbaycan birinciliyində rayonun təmsilçiləri 4 qızıl, 3 gümüş və 2 bürünc medala layiq görülmüşlər. "İdman ili"ndə qazanılan nailiyyətlər barədə rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev geniş məlumat vermişdir. Digər natiqlər qazanılan nailiyyətlər və mövcud problemlər barədə fikirlərini bildirmişlər.
{nl}
Astaralı alim Hindistanda
Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə elmləri namizədi, əməkdar müəllim Əlihəsən Həmzəyev üç dərslik, dörd dərs vəsaiti və bir monoqrafiyanın müəllifidir.
İndiyə qədər alimin 50-dən artıq elmi-metodiki, pedaqoji məqaləsi elmi jurnal və dərgilərdə çap olunmuşdur. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun doktorantıdır.
Bu günlərdə həmyerlimiz Hindistanın Maunt Abu şəhərində Braxma Kumaris Ümumdünya Mənəviyyat Universitetində keçirilən beynəlxalq tədbirdən qayıtmışdır. O, səfər təəssüratlarını bizimlə bölüşmüşdür:
- Braxma Kumaris Ümumdünya Mənəvi Universiteti "Ağlın dincliyi" adlı Beynəlxalq retrit keçirirdi. Maunt Abu şəhərində yerləşən universitetin baş qərargahında 75 illik yubiley münasibətilə düzənlənən proqramda yüzdən artıq millətin nümayəndəsi, müxtəlif peşə, mədəniyyət və etiqadı olan adamlar, eləcə də dövlət rəhbərləri iştirak edirdilər. Bu tədbir insanın mənəvi və peşəkar həyatını bir tamlıq şəklinə salmaq üçün lazım olan metodları tapmasına imkan verir. Orada bir həftə ərzində çox maraqlı tədbirlərdə iştirak etdim.
On minə yaxın iştirakçının qarşısındakı çıxışımda ilk növbədə hind xalqını Azərbaycan xalqı və rəhbərlik etdiyim kollecin kollektivi adından salamladım. Braxma Kumaris təşkilatının saf səyləri sayəsində bütün dünyanın zorakılıq əleyhinə mübarizəyə, müxtəlif xalqların insanları arasında daha mehriban münasibətlər qurmağa səsləndiyini vurğuladım. 20 ildən artıq bir müddətdə torpaqlarının 20 faizi erməni işğalı altında olan bir ölkənin vətəndaşı kimi, Braxma Kumaris Universitetinin təbliğ etdiyi və yaydığı ideyaların təqdirəlayiq olduğunu söylədim və həmin ideyaları qloballaşan dünyamızın dayağı kimi dəyərləndirdim.
Mən Hindistana və eləcə də bütün dünyaya yayılan "Badhuban" radiosuna da müsahibə verdim. Azərbaycanın sülhpərvər siyasətinə diqqəti cəlb etdim. Belə görüşlərin insanların daha da yaxınlaşmasında və zorakılığa qarşı mübarizədə birləşməsində, hər kəsə fiziki və mənəvi kamillik aşılanmasında mühüm rolundan danışdım.
{nl}
Ə.ƏLİYEV, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.