Zaqatalanın zəlzələdən zərər çəkmiş kəndində 70-dən artıq ailə yeni tikilmiş evlərə köçmüşdür

Bu ilin mayında bölgədə baş vermiş güclü zəlzələ zamanı Zaqatala rayonunun daha çox dağıntılara məruz qalmış yaşayış məntəqələrindən olan Danaçı kəndində 70-dən artıq ailə yeni tikilmiş evlərə köçmüşdür.
Güclü yeraltı təkanlar nəticəsində Danaçı kəndində 500-ə yaxın fərdi ev və 3 məktəb binası tam qəzalı vəziyyətə düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin (FHN) işçi qruplarının rəyinə əsasən inzibati ərazi dairəsinə daxil olan Danaçı kəndində 497, Uzunqazmalar kəndində isə 15 fərdi ev sökülmüş, yeni evlərin tikintisinə başlanmışdır.
Rayon icra hakimiyyəti başçısının Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmməd Vaşiyevin verdiyi məlumata görə, FHN tərəfindən tikintisinə başlanılan 504 fərdi evdən 70-nin tikintisi artıq başa çatmışdır. Hər biri iki və üç otaqdan ibarət olan bu evlərə 74 ailə köçmüşdür. Bundan əlavə, tikintisi aparılan evlərdən 307-nin dam örtüyü quraşdırılmış, pəncərə və qapıların qoyulmasına, döşəmə və suvaq işlərinə başlanmışdır. Bu evlərin dekabrın ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Qalan evlərdə isə daş-hörgü işləri davam etdirilir. Evləri qəzalı vəziyyətə düşmüş ailələr hələlik müvəqqəti olaraq həyətlərindəki yardımçı tikililərdə yerləşmişlər. Belə sığınacaq yerlərinin tikintisi üçün dövlət tərəfindən onlara müxtəlif tikinti materialları ilə yardım göstərilmişdir.
Qeyd edək ki, mayda baş vermiş yeraltı təkanlar nəticəsində kənddə 284 fərdi evin bərpa və gücləndirməyə ehtiyacı olduğu müəyyənləşmişdi. Oktyabrın 13-14-də baş vermiş növbəti zəlzələ nəticəsində bu evlərdən 39-u artıq tam qəzalı vəziyyətə düşmüşdür.
FHN tərəfindən kənddə inşa edilən 3 məktəb binasından biri - 4 nömrəli ibtidai məktəbin binası artıq istifadəyə verilmişdir. İnşası davam etdirilən 2 nömrəli tam orta məktəbin üçmərtəbəli tədris korpusunun tikintisinin isə noyabrın 17-dək başa çatdırılması nəzərdə tutulur. Kənddəki 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi də hazırda sürətlə davam etdirilir.
Zəlzələdən zərər çəkmiş kənd sakinləri təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən kompleks tədbirləri çox yüksək qiymətləndirirlər. Yeni evlərə köçmüş İsmayıl Meqziyevin, Məmmədrəsul Xalbayevin, Arif Carayevin ailələri, digər kənd sakinləri, ahıl və gənclər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
Fərdi evlərin və məktəb binalarının tikintisi ilə yanaşı, aidiyyəti qurumlar tərəfindən kəndə təbii qaz və yeni su xəttinin çəkilişi də yüksək sürətlə davam etdirilir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında