Oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı əlaqədə fəaliyyəti, axtarış-xilasetmə işlərinin aparılması zamanı idarəetmənin təşkili" mövzusunda kompleks təlim keçirmişdir.
Muxtar respublikanın fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin sədrinə məlumat verilmişdir ki, mülki müdafiə kursları üçün yaradılmış sinif otağı radiasiya-axtarış, ölçü, dozimetrik nəzarət və kimya kəşfiyyat cihazları, fərdi və tibbi mühafizə vasitələri ilə təchiz edilmişdir. Burada muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallar üzrə dərs və təlimlər keçirilir. Nazirliyin "112 qaynar xətt" telefonuna fövqəladə hadisələrlə bağlı muxtar respublikadakı bütün stasionar telefonlardan və mobil operator abonentlərindən, hüquq-mühafizə orqanlarının əməliyyat növbətçilərindən, müxtəlif orqanların növbətçi-dispetçer xidmətlərindən 24 saat ərzində məlumatlar qəbul edilir, alınan məlumatlar dərhal təhlil olunaraq müvafiq tədbirlər görülür. Kompleks təlimin əsas məqsədi fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına hazırlığı təmin etmək üçün peşəkar xilasedicilərin bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasına hazırlaşmaqdır.
Sonra Ali Məclisin sədri FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən təlimin gedişini izləmişdir.
Məlumat verilmişdir ki, fövqəladə hadisələrlə bağlı ilkin operativ məlumatlar məhz bu mərkəzə daxil olur. Burada 24 saat fasiləsiz fəaliyyət göstərən əməliyyat zalında hadisə yerinin interaktiv və vizual görüntülərini izləmək üçün monitorlar, videokonfrans əlaqəsi qurmaq üçün cihazlar, mikrofon səs sistemi, rabitə cihazları və elektron kürsü quraşdırılmışdır. Buradakı elektron xəritədə muxtar respublikanın bütün infrastrukturu haqqında məlumat bazası yerləşdirilmişdir.
Həyəcan siqnalı ilə təlimə start verilmişdir.
Təlimlər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat zalından idarə olunmuş, nazirliyin tabeliyində olan qurumlarla videoəlaqə yaradılmış, müvafiq xilasetmə qurumlarının həyata keçirdikləri taktiki təlimlər birbaşa nümayiş etdirilmişdir.
Təlimə nazirliyin mülki müdafiə alayı, xüsusi riskli xilasetmə xidməti, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi cəlb edilmişdir. Mülki müdafiə alayının təlim poliqonunda 18 təlim yeri hazırlanmış, bölmələr təyinatına uyğun olaraq, şərti qaydada fövqəladə hadisələr baş vermiş ərazilərdə tapşırıqların yerinə yetirilməsi üçün hazır vəziyyətə gətirilmişdir. Kompleks taktiki-xüsusi təlimə 210 nəfər şəxsi heyət, 38 xüsusi təyinatlı texnika cəlb edilmiş, mülki müdafiə dəstələri stasionar yanğınsöndürmə, rabitə-xəbərdarlıq qurğuları, xüsusi geyim, dəbilqə və digər ləvazimatlarla təmin olunmuş, iştirakçılara metodiki tövsiyələr verilmişdir.
Hadisə rayonunda struktur qurumların qüvvələrinin fəaliyyətini təmin etmək üçün idarəetmə və arxa idarəetmə məntəqələri açılmış, komendant xidməti təşkil olunmuşdur. Təlim zamanı mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsini təşkil edərək əraziyə giriş-çıxışı məhdudlaşdırmış, qəza-xilasetmə, axtarış-xilasetmə işləri aparılmış, irimiqyaslı yanğınların söndürülməsi, zədələnmə ocaqlarından zərərçəkənlərin təxliyəsi, onlara ilkin tibbi yardımın göstərilməsi həyata keçirilmişdir. Həmçinin təlimdə yol qəzalarının nəticələri aradan qaldırılmış, subasma zonalarından suyun çəkilməsi və ərazilərdə partlamamış mərmilərin axtarışı, onların zərərsizləşdirilərək məhv edilməsi barədə tapşırıqlar uğurla yerinə yetirilmişdir.
Sonda nazir Şamı Abdullayev təlimin yekunu haqqında Ali Məclisin sədrinə məlumat vermişdir.
Vasif Talıbov təlim zamanı qarşıya qoyulan vəzifələrin icrasının təmin edildiyini bildirmiş, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirərək demişdir: "Bu gün muxtar respublikanın coğrafi mövqeyi, strateji əhəmiyyətli və seysmik zonada yerləşməsi fövqəladə hadisələrin qarşısının əvvəlcədən alınması və onun nəticələrinin vaxtlı-vaxtında aradan qaldırılmasına xüsusi diqqət yetirilməsini zəruri edir. Ona görə də muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinə yüksək iş və xidməti şərait yaradılmış, nazirlik və onun strukturları üçün müasir binalar tikilmiş, maddi-texniki təchizat yüksək səviyyəyə çatdırılmışdır. FHN yaradılmış şəraitdən səmərəli istifadə edərək öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmalıdır. İşin səmərəli təşkili üçün nazirlik aidiyyəti təşkilatlarla birlikdə konkret istiqamətlər üzrə fəaliyyət proqramı hazırlayıb həyata keçirməlidir".
Aidiyyəti qurumlara konkret tapşırıqlar verən Ali Məclisin sədri demişdir ki, insan həyatı, sağlamlığın qorunması və təhlükəsizliyin təmin edilməsi dövlətimizin sosial siyasətinin başlıca istiqamətini təşkil edir. Ona görə də muxtar respublikada fövqəladə hadisələrin baş verə biləcəyi təhlükəli ərazilər müəyyənləşdirilməli, dövlət və özəl strukturlardakı maşın və mexanizmlər qeydiyyata götürülməli, hər ilin əvvəlində yeni iş və tədbirlər planı hazırlanmalı, əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdirilməlidir. Əsas məqsəd ondan ibarət olmalıdır ki, qəza baş vermədən onun qarşısı alınsın.
Muxtar respublikanın Baş naziri Əlövsət Baxşıyev, Baş nazirin birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Asəf Məmmədov, səhiyyə naziri Niyazi Novruzov, nəqliyyat naziri Mirsənani Seyidov, rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Səxavət Salmanov aidiyyəti sahələr üzrə mövcud vəziyyətlə bağlı məlumat vermişlər.
Ali Məclisin sədri muxtar respublika ərazisində fövqəladə hadisələrə dair fəaliyyət planlarının hazırlanmasının ciddi nəzarətə götürülməsi və müvafiq qurumların fəaliyyətlərinin əlaqələndirilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin sədri muxtar respublikanın FHN-i üçün alınmış 5 ədəd "Chevrolet", 1 ədəd "Qazel" markalı minik və 1 ədəd "Nissan Patrol" markalı xüsusi təyinatlı xidməti avtomobillərə baxmışdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.