Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması ermənilərin Xankəndi hava limanının istifadəyə verilməsi cəhdlərini pisləmişdir

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində yerləşən aeroportu yenidən inşa edərək istifadə edəcəyi barədə xəbərlərlə bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri yaxın günlərdə Xocalı aeroportunda ilk texniki uçuş həyata keçirəcəklərini bildirmişlər. Bununla yanaşı, ermənilər prezident Serj Sarkisyanın İrəvan-Xocalı-İrəvan reysinin ilk sərnişini olacağı barədə vədini tez-tez xatırladırlar. Azərbaycan dövləti bu məsələyə bütün səviyyələrdə dəfələrlə etiraz etmiş, xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport açmaq istiqamətində atdığı addımlarla əlaqədar BMT baş katibinə ünvanladığı məktubda quruma üzv ölkələri qondarma "Stepanakert aeroportu"nun Azərbaycan qanunvericiliyinə zidd fəaliyyət göstərdiyi, oradan həyata keçirilən bütün növ uçuşların qeyri-qanuni və Azərbaycan və Ermənistanın da üzv olduqları Beynəlxalq Mülki Aviasiya Təşkilatının prinsiplərini pozduğu barədə xəbərdar etmişdir. Son günlərdə isə Azərbaycanın qanuna uyğun şəkildə atacağı addımlara cavab olaraq Ermənistan və qondarma rejimin nümayəndələri tərəfindən hədələr səsləndirilmişdir.
Bəyanatda bildirilir ki, bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olmuş bu təşəbbüslər "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin iclasında geniş müzakirə olunmuş və qətiyyətlə pislənmişdir. Ermənistanın Xocalı aeroportunu istismara verməyə və işğal etdiyi Azərbaycan əraziləri üzərindəki hava məkanından qanunsuz istifadə etməyə hazırlaşması Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yanaşı, aviasiya normalarına da ziddir.
Heç şübhəsiz ki, Azərbaycan torpaqlarının işğalı zamanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə yanaşı, Dağlıq Qarabağda mövcud olan və Xocalı şəhərində yerləşən yeganə aeroport da 1992-ci ildə şəhərin zəbt olunması ilə işğalçıların nəzarətinə keçmişdir. Həmin vaxtdan aeroport fəaliyyət göstərə bilməmiş və yalnız 2008-ci ildə xaricdəki erməni diasporunun ayırdığı maliyyə yardımları hesabına işğalçılar Xankəndidən 10 kilometrlik məsafədə yerləşən aeroportu yenidən inşa etmişlər.
Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Hesab edirik ki, Ermənistan mövcud status-kvonu imkan qədər uzatmaq və işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə müxtəlif vaxtlarda işğal etdiyi Azərbaycan ərazilərində bir sıra tədbirlər keçirməklə oradakı cinayətkar rejimin dünya birliyi tərəfindən tanınmasına cəhd göstərir. Lakin orada tikilən hər hansı bir obyektin açılışı heç vaxt Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına gətirib çıxara bilməz. Çünki dünya birliyi, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər birmənalı şəkildə dəfələrlə bəyan etmişlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar.
Bəyanatda qeyd edilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hər hansı bir fəaliyyət yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra həyata keçirilə bilər.
Hesab edirik ki, Ermənistan özünün belə qanunsuz hərəkətləri ilə münaqişənin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərini və icmalar arasındakı dialoq imkanlarını da heçə endirir.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması bildirir ki, əgər hər hansı bir təyyarə Xocalı aeroportundan qalxırsa, o, Azərbaycanın ərazisindən uçmuş hesab olunur. Bu isə beynəlxalq normalara ziddir. Əgər belə bir hadisə baş verərsə, Azərbaycan dövlətinin adekvat cavab vermək hüququ vardır. Ermənistan və onun prezidenti nəzəri baxımdan bunu dərk etmirsə, təbii ki, burada əməli addımlar atıla bilər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında