Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq genişlənir

Azərbaycan ilə Bolqarıstanın inkişaf edən dostluq münasibətləri çərçivəsində 2007-ci ildə iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Saziş imzalanmış, Bolqarıstanın ədliyyə naziri ölkəmizə səfər etmişdir. Qarşılıqlı fəaliyyətin davamı olaraq Bolqarıstanın ədliyyə naziri xanım Diana Kovaçevanın dəvəti ilə respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 22-dən 24-dək bu ölkədə səfərdə olmuşdur.
Ədliyyə nazirləri arasında keçirilmiş görüşdə ölkələrimiz arasında hərtərəfli əlaqələri qeyd edən nazir F.Məmmədov ümummilli lider Heydər Əliyevin 1995-ci ildə Bolqarıstana səfərini xatırladaraq dövlətlərimiz arasında hüquqi əməkdaşlığa dair mühüm müqavilələrin imzalandığını, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatlarını, hakimlərin seçim prosesinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirildiyini vurğulamış, elektron ədliyyənin inkişafı, eləcə də penitensiar islahatlar barədə geniş məlumat vermişdir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan ilə hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən xanım D.Kovaçeva ölkəsində aparılan hüquqi islahatlar zamanı Azərbaycanın müsbət təcrübəsindən faydalanacağını vurğulamışdır. Bolqarıstanlı nazir ölkəmizin ədliyyə və məhkəmə sistemindəki nailiyyətlərinə böyük maraq göstərərək onlarla yerində tanış olmağın əhəmiyyətini bildirmişdir.
Səfər zamanı Azərbaycanın ədliyyə naziri Bolqarıstan hökumətinin başçısı Boyko Borisovla görüşmüşdür. Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğunu söyləyən B.Borisov dövlətlərimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etmiş, hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulamışdır. Baş nazir ölkəsinin Avropada Azərbaycanın etibarlı dostu olduğunu bildirmiş, bu ilin aprelində Bakıya etdiyi səfərini xatırlatmış, Prezident İlham Əliyevlə şəxsi səmimi əlaqələrini qeyd etmiş və dövlətimizin başçısına salamlarını çatdırmışdır. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə yüksələn xətlə inkişafı və bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, ədliyyə və məhkəmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmışdır.
Nazir F.Məmmədov, həmçinin Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva ilə görüşmüşdür. Azərbaycan ilə əməkdaşlığın genişlənməsinin Bolqarıstanın dövlət siyasətinin əsas prioritetlərindən olduğunu bildirən parlamentin sədri bu ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırladaraq, ölkəmizin sürətli iqtisadi tərəqqisinin şahidi olduğunu vurğulamış, parlamentlərarası əməkdaşlıq səviyyəsini və dostluq qruplarının səmərəli fəaliyyətini yüksək qiymətləndirmişdir.
Sonra Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Rəmzi Osmanla işgüzar görüş keçirilmiş, ölkələrimiz arasında dərin tarixə malik olan əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir.
Səfər çərçivəsində Bolqarıstanın Konstitusiya Məhkəməsinin sədri Yevgeniy Tançev, Ali Kasassiya Məhkəməsinin sədri Lazar Qruyev, Baş prokuror Boris Velçev ilə, habelə Ali Məhkəmə Şurasında, Milli Ədliyyə İnstitutunda görüşlər keçirilmişdir. Tədbirlərdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, elektron xidmətlərin göstərilməsi, hakimlərin tədrisi və etik davranışı müzakirə edilmiş, Azərbaycanda dövlət başçımızın siyasi iradəsi ilə korrupsiya ilə qəti mübarizə aparıldığı, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradılması diqqətə çatdırılmış, beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunmuşdur.
Eyni zamanda, Bolqarıstanın ən böyük məhkəməsi olan Sofiya Şəhər Məhkəməsinə baş çəkilmiş, onun fəaliyyəti ilə tanış olunmuşdur.
Səmimi və dostluq şəraitində keçirilən bütün görüşlərdə Azərbaycanda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarına, xüsusilə hakimlərin seçim prosesinə və elektron ədliyyənin tətbiqinə böyük maraq göstərilmişdir. Həmçinin, həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunmuşdur.
Bolqarıstanın regionları ilə tanışlıq məqsədi ilə Qabrovo vilayətinə səfər təşkil edilmiş, vilayətin başçısı, şəhərin meri, dairə məhkəməsinin sədri və prokuroru, bələdiyyələrlə keçirilmiş görüşlərdə təcrübə mübadiləsi aparılmış, habelə Şəki ilə qardaşlaşmış şəhər olan Qabrovonun mədəni-tarixi abidələri ilə tanışlıq olmuşdur.
Tədbirlərdə ölkəmizin Bolqarıstandakı səfiri Emil Kərimov iştirak etmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında