Çalxanqala kənd uşaq musiqi məktəbi yeni binada fəaliyyət göstərəcəkdir

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndində uşaq musiqi məktəbinin yeni binası istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Bu gün Çalxanqala kənd tam orta məktəbinin şagirdlərindən 158-i həm də musiqi təhsili alır. Kənd musiqi məktəbində 48 müəllim şagirdlərə musiqi təhsili verir. Əvvəllər musiqi məktəbində 3 şöbə üzrə dərslər keçilirdi. Yeni bina istifadəyə verildikdən sonra məktəbdə əlavə olaraq fortepiano şöbəsi də yaradılmışdır".
Ali Məclisin sədri məktəbin pedaqoji kollektivinin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırmışdır. Bildirmişdir ki, yeni binada müəllimlər şagirdlərə musiqi təhsili üzrə nəzəri və praktiki bilikləri dərindən öyrətməli, xüsusi istedada malik olan uşaqların üzə çıxarılması, onların təhsilinin davam etdirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Çalxanqala kənd uşaq musiqi məktəbində yaradılan şərait dərslərin yüksək səviyyədə tədrisinə, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.
Vasif Talıbov demişdir ki, bu gün muxtar respublikada musiqi təhsili mərhələli sistem üzrə həyata keçirilir. Şəhər və kənd uşaq musiqi məktəblərində qazanılan nəzəri və praktiki biliklər Naxçıvan Musiqi Kollecində və Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində daha da dərinləşdirilir. Bu təhsil ocaqlarında musiqi dərslərinin yüksək səviyyədə tədris olunması, istedadlı gənclərin üzə çıxarılması milli dəyərimiz olan musiqi mədəniyyətimizin inkişafına, onun gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Ali Məclisin sədri yeni istifadəyə verilən binada kollektivə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, məktəb zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Yeni inşa olunan binada 26 sinif otağı, musiqi alətlərinin təmiri, direktor və müəllimlər otaqları, kitabxana və tədbirlər zalı vardır. Məktəbdə xalq çalğı alətləri, fortepiano, zərb alətləri və nəzəri fənlər şöbələri fəaliyyət göstərir, tar, saz, kamança, nağara və qarmon ixtisasları üzrə dərslər tədris olunur.
Binada fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Müəllimlərlə görüş zamanı Ali Məclisin sədri məktəbdə lazımi şəraitin yaradıldığını bildirmiş, bunun müqabilində milli musiqimizin uşaqlara yüksək səviyyədə öyrədilməsinin vacibliyini qeyd etmişdir. Müəllimlər Naxçıvan Muxtar Respublikasında, o cümlədən Kəngərli rayonunda aparılan quruculuq işlərinin, mədəniyyətimizə göstərilən qayğının və yaradılan şəraitin müqabilində səylə çalışacaqlarına söz vermişlər.
Ali Məclisin sədri tədbirlər zalında məktəbin şagirdlərinin ifasında musiqi nömrələrini dinləmiş, şagirdləri uğurlu çıxışlarına görə təbrik etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında