Avropa Birliyi son bir neçə ildə sanki varlığını və dayanıqlığını sınayırmış kimi çox ciddi iqtisadi problemlərlə üzləşir. Məhz bu səbəbdəndir ki, ötən bir neçə ildə dünya iqtisadiyyatı 90-cı illərdən bəri davam edən daimi yüksəlişin qürub çağını yaşayır. İnsanları isə düşündürən sual odur ki, dünya iqtisadiyyatının mərkəzi və müasir texnoloji üstünlüklərin beşiyi, həmçinin ən mükəmməl iqtisadi və idarəetmə modelinin tətbiq edildiyi Avropa nə üçün hazırki resesiya dövrünü yaşayır?..
Böhranın yaranma səbəbləri araşdırılarkən kompleks yanaşma vacibdir. İlk olaraq 2006-2007-ci illərdə ABŞ-da daşınmaz əmlak bazarının çökməsi ilə 2008-ci ildə dünyanı əhatə edən maliyyə böhranı tətikləyici amil olsa da, bura 1980-ci illərdən daha da sürətlənmiş çoxtərəfli inteqrasiya, dünya ölkələrini bir-biri ilə bağlayan xarici investisiyaların yayılması, yüksək texnoloji inkişaf sayəsində əmtəə və xidmətlərin ölkələrarası bölgüsü, ixtisaslaşma kimi daha mürəkkəb səbəbləri də aid etmək lazımdır. Ümumiyyətlə, iqtisadi inteqrasiya genişləndikcə baş verən böhranların əhatə dairəsi də artır. Çünki əmtəə və xidmətlərin daha çox ixrac məqsədli istehsalı və maliyyə qaynaqlarının xarici mənbələrdən təmin edilməsi, həmçinin əmək ehtiyatlarının yerdəyişməsi nəticəsində yaranmış zəncirvari halqalardan birində baş verən problemlər digərlərinə də tezliklə yayılır. 2008-ci il iqtisadi böhranının yaratdığı durğunluq səbəbindən AB-nin zəif halqası olan Yunanıstanda dövlət borclarının sürətlə artması (2011-ci ildə Yunanıstanın dövlət borcunun miqdarı 351,5 milyard avro olub ki, bu da ÜDM ilə müqayisədə 157,7 faiz deməkdir) və iqtisadi daralma səbəbindən büdcə kəsirinin böyüməsi ölkəni iflasın kənarına gətirdi. Məhz Yunanıstan böhranı AB-nin hazırda yaşamaqda olduğu maliyyə böhranının ilk işartısı idi. Halbuki problemin həllinə biganə münasibət olmasaydı, bugünkü ağır fəsadlar da yaranmazdı. Çünki bəhs etdiyimiz ölkə AB iqtisadiyyatının yalnız 2,5 faizinə sahibdir ki, bu da kifayət qədər kiçik göstəricidir. AB-nin hazırkı vəziyyətini zamanında müalicə olunmayan yaranın qanqrenaya çevrilməsinə bənzətmək olar. Bu, o demək deyil ki, məsələnin həll yolu Yunanıstanın avrozonadan çıxarılmasıdır. Hər hansı bir qərarın verilməsi üçun ümumi mənzərəyə nəzər salmaq vacibdir. Hazırda isə görünən odur ki, avrozonanın digər ölkələrini də ağuşuna alan iqtisadi böhranlar yalnız "yunan mənşəli" olmayıb, hər birində özünəxas xüsusiyyətlər mövcuddur.
Gündən-günə genişlənən böhran dalğası Portuqaliya, İrlandiya kimi kiçik ölkələrlə yanaşı, İtaliya və İspaniya kimi böyük iqtisadiyyatları da öz ağuşuna almaqdadır. 2012-ci ilin nəticələri ilə birlikdə AB iqtisadiyyatının 35 faizi ya mövcud böhranın içində, ya da iqtisadi depresiyaya çox yaxındır.Ümumilikdə isə AB iqtisadiyyatı ilə yanaşı, dünya ölkələri də potensial maliyyə böhranı qurbanları ola bilər.İndi isə qısa da olsa, böhranın ayrı-ayrı ölkələrdə hansı səbəblərdən qaynaqlandığına nəzər salaq.
Yunanıstan 2001-ci ildə AB-yə qəbul edildikdən sonra ciddi iqtisadi islahatlar həyata keçirmək məcburiyyətində idi. Lakin uzun müddət keçməsinə baxmayaraq, ölkədə islahatların reallaşdırılması heç cür tamamlanmadı və xaricdən borc alma hesabına təmin olunan maliyyə vəsaitlərinin düzgün istifadə edilməməsi dünya böhranının yaratdığı problemlərlə birləşərək ölkəni hazırkı böhranın içinə sürüklədi. Aparılan siyasətin nəticəsində iqtisadi böyümənin xarici borc mənşəli olması sonda Yunanıstanın orta və uzunmüddətli borclarının sürətlə artmasına gətirib çıxardı. Ümumiyyətlə, böhranın görünən üzü məhz ölkənin bu borcları qaytara bilmək imkanının olmamasıdır. Belə ki, əgər 2000-ci ildə ölkənin borcu 150 milyard avro idisə, keçən on ildə bu göstərici iki dəfədən çox artaraq 351 milyard avroya çatıb. Müqayisə dövrü ərzində ÜDM-də artımın 1,5 dəfə olması vəziyyətin ağırlığını ortaya qoyur. Həmçinin bu müddət ərzində vergilərin ÜDM-dəki payı 21,8 faizdən 2009-cu ildə 19 faizə qədər azalıb ki, bu da AB-də ən aşağı göstəricidir. Böhranı yaradan səbəblərə aşağıdakıları da əlavə etmək olar:
-əhalinin artım dinamikasını nəzərə alaraq aparılmalı olan sosialyonlü islahatın daim gecikdirilməsi;
-100 milyard avro miqdarında AB mənşəli maliyyə dəstəyinin düzgün istifadə edilməməsi (bu məbləğ AB-nin üzv dövlətlərə göstərdiyi ən böyük yardımdır) və bununla yanaşı, ortaya çıxan korrupsiya halları.
Eyni zamanda dünya maliyyə böhranı nəticəsində Yunanıstanın gəlirlərində ciddi səviyyədə azalma baş verdi.Turizm gəlirlərində azalma 2009-cu ildə 15 faizdən artıq oldu. Lakin ən çox təsirlənmə nəqliyyat sektorunda baş verdi. Dünyadakı gəmilərin 20 faizinə, dəniz daşımalarının isə əsas hissəsinə sahib olan Yunanıstan dünya böhranı ərəfəsində ticarətin azalması səbəbilə 30 faizə qədər itki ilə üzləşdi.
Yuxarıda sadaladığımız problemlər nəticəsində Yunanıstan iqtisadiyyatı 2006-cı ildə 5,2 faiz böyümədən 2010-cu ildə 4,5 faiz kiçilməyə qədər gerilədi. Eyni zamanda, büdcə kəsirinin ÜDM-ə olan nisbəti 2006-cı ildəki 5,7 faizdən 2009-cu ildə 15,4 faizə yüksəldi ki, bu da AB-ə üzv ölkələrin əməl etməli olduğu "Maastricht" kriteriyalarından 5 dəfə çoxdur. Xatırladaq ki, "Maastricht" kriteriyalarına görə iqtisadi birliyə daxil olan ölkələrin büdcə kəsirinin ÜDM-dəki payı 3 faizdən artıq olmamalıdır.Yeri gəlmişkən, Yunanıstan hökuməti 2009-cu ildə bəhs etdiyimiz göstəricinin 12,7 faiz olduğunu açıqladıqdan sonra əslində həmin rəqəmin 15,4 faiz olduğu ortaya çıxdı. Bu da AB və Yunanıstan arasında etibarın sarsılması ilə nəticələndi.
Yunanıstanı maliyyə böhranından xilas etmək üçün AB, BVF və AMB tərəfindən bir çox dəstək proqramları hazırlanıb və xüsusi şərtlər daxilində həyata keçirilməsi nəzərdə tutulub. Görülən tədbirlərə büdcə kəsirinin qənaət (kəmər sıxma) yolu ilə azaldılması kimi ağır sosial problemlərə yol aça biləcək ciddi tələblər də daxil edilmişdir ki, nəticədə hökumətlərin sosial dayaqları zəifləmişdir. Həyata keçirilmiş tədbirləri aşagıdakı kimi qeyd etmək olar.
-ƏDV səviyyəsi 21 faizə qədər artırılmış;
-sosial təyinatlı yardımlar 30 faizə qədər azaldılmış;
-pensiyaçıların maaşları dondurulmuş;
-yanacaq, siqaret və alkoqollu içkilərə vergi faizləri artırılmış;
-vergidən yayınmaların qarşısının alınması və daha çox qazananlardan vergi tutmaq məqsədilə yeni vergi qanunu hökumət tərəfindən qəbul edilmişdir.
Yunanıstanın maliyyə böhranından çıxarılması və rəqabətliliyin yenidən bərpa edilməsi məqsədilə AB və BVF üç il müddətində yunan iqtisadiyyatına 110 milyard avro məbləğində yardım etmək qərarına gəlib. Əsas məqsəd isə yaranmış böhranın digər həssas AB ölkələrinə yayılmasının qarşısını almaq olmuşdur ki, bu, gecikmiş addım hesab oluna bilər. Çünki bu qərar qəbul olunan zaman artıq Portuqaliya, İspaniya, İtaliya və İrlandiya böhran sferasına daxil olmuşdu.
İrlandiyada 1990-cı illərdən dünya böhranının baş verdiyi 2008-ci ilədək daim sosial rifahın artması diqqəti cəlb edirdi. İqtisadi vəziyyətin daim bu yöndə inkişaf edəcəyinə olan inam əmlak qiymətlərinin fantastik yüksəlməsinə və nəticədə spekulyativ əmlak bazarının formalaşmasına səbəb olmuşdu. 4,5 milyon əhalisi olan İrlandiyada hazırda 300 min heç kimin yaşamadığı mənzil var ki, bu da yaranmış qiymət ucuzlaşmasının və inşaat sektorunun çökməsinin əsas səbəbidir. İqtisadi böyümənin əsas hissəsini inşaat və maliyyə sektoru vasitəsi ilə təmin edən ölkədə 2008-ci il böhranı səbəbindən mənzil qiymətləri 50-60 faiz aşağı düşdü və bu sektora külli miqdarda kreditlər verən banklar iflas təhlükəsi ilə üzləşdi.
Yaranmış vəziyyətdə bankları xilas etmək məqsədi ilə hökumət 45 milyard avro dəyərində dəstək proqramı həyata keçirdi ki, nəticədə 2009-cu il üçün 14,3 faiz olan büdcə kəsirinin ÜDM-ə nisbəti 2010-cu ildə 32,4 faizə qədər artdı. Ümumiyyətlə, mütəxəssislər İrlandiya və ABŞ-dakı böhranları bir-birinə bənzədirlər. Belə ki, hər iki ölkədə istehsalçılar və istehlakçılar əmlak qiymətlərinin artacağına inanırdılar, həmçinin bu sektora aşağı faizlərlə vəsaitlər daxil olmuşdu. Eyni zamanda, bankların yarana biləcək riskdən qorunması üçün ciddi addımlar atılmırdı. İrlandiyanı böhrana çəkən prosesləri aşağıdakı kimi sıralamaq olar:
-dünya böhranından sonra əmlak bazarında qiymətlər sürətlə ucuzlaşdı;
-dövlət sektorunda sürətlə həyata keçirilən qənaət tədbirlərinin bazarlarda yaratdığı panika;
-yaranmış vəziyyətdə işdənçıxarmaların çoxluğu;
-vergi gəlirlərinin azalması.
Sonda avrozonada davam edən maliyyə böhranından çıxmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini təklif edərdik:
-dəstək paketləri təklif olunarkən mövcud reallıqlar əsasında tələblər irəli sürülməli;
-vahid AB büdcə nəzarət mexanizmi tətbiq olunmalı və bu zaman sanksiyalardan istifadə edilməli;
-AB üçün ən həssas halqa olan banklara nəzarət təcili olaraq AMB-ə verilməli;
-dövlət borclarının azaldılması məqsədilə həyata keçirilən qənaət tədbirləri zamanı yaşanacaq iqtisadi kiçilmələr nəzərə alınmalı;
-yüksək faizlərlə borclanmanın qarşısını almaq məqsədi üçün AB-nin təminatı ilə AMB tərəfindən AAA+ dərəcəsinə uyğun aşağı faizlərlə kreditlərin alınıb ehtiyacı olan ölkələrə ötürülməsi təmin edilməli və bu zaman ölkələrin ayrı-ayrılıqda istiqraz satışı əngəllənməli;
-maliyyə problemlərinin həlli ilə yanaşı, rəqabətliliyin artırılması üçün tədbirlər görülməli;
-əhalinin sürətlə yaşlanması baş verir ki, buna görə də təcili demoqrafik addımlar atılmalı;
-ən əsas şərt isə AB-dən qopmalara imkan verilməməlidir (Yunanıstan və digər birindən asılı olmayaraq).
Əgər əsaslı idarəetmə mərkəzləşdirilərsə, AB bugünkü dünyanın ən uğurlu inteqrasiya layihəsinə çevriləcək. Və birliyin yaşamaqda olduğu sıxıntıların həlli məqsədilə həyata keçirilməli tədbirlər daha mükəmməl sistemin formalaşmasına səbəb olacaq.
{nl}
Vüqar BAYRAMOV, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.