Şriftin ölçüsü:
24.06.2010 00:22 | Oxunma sayı: 372
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, 2005-ci ilin ortalarında nazirliyin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında bir sıra terrorçuluq aksiyaları təşkil etmək və təxribat-pozuculuq fəaliyyəti aparmaq niyyətində olan "Camaat əl-Muvahhidun" terrorçu təşkilatının üzvləri zərərsizləşdirilmişlər. Terrorçuluq məqsədi ilə partlayıcı maddələr və onların komponentlərini əldə edən və digər hazırlıq işləri görən "Camaat əl-Muvahhidun" terrorçu təşkilatının rəhbəri İlkin İsmayılov və üzvlərinin hüquqa zidd əməlləri ilə bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən tam və hərtərəfli ibtidai istintaq aparılaraq başa çatdırılmış, cinayət işi məhkəməyə təqdim olunmuşdur. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 17 aprel tarixli hökmü ilə "Camaat əl-Muvahhidun" terrorçu təşkilatının üzvləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 9 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar.
Həmin dövrdə istintaqla müəyyən edilmişdir ki, hələ 2004-cü il may ayının sonlarında İlkin İsmayılov və radikal dini baxışları ilə seçilən həmfikirləri - istintaqa məlum olmayan Yusif adlı şəxs, Elçin Cəfərov, Rəşid Əliyev, Rauf Dostuyev qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun təklifi ilə onun "kafir" hesab etdiyi dayısı Quliyev Nazir Sarı oğlunun evinə basqın etmək və şəxsi əmlakını ələ keçirmək barədə razılığa gəlmişlər. Onlar 2004-cü il iyunun 1-də Rauf Dostuyevin şəxsi "Mercedes" markalı avtomaşını ilə onun dayısının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki evinin yanına gəlmişlər. Ev sahibinin işə getdiyinə əmin olduqdan sonra Rauf Dostuyev keşikdə dayanmış, İlkin İsmayılov, Elçin Cəfərov və Yusif adlı şəxs üzlərində maska, Rəşid Əliyev isə maska taxmadan evə soxulmuşlar. Onlar əllərində silah qismində istifadə etdikləri tapançaya oxşar əşya və bıçaqlarla ev sahibəsi Quliyeva Nuridə Ərşad qızına qarşı zorakılıq etmiş, qiymətli əşyaları və pulu verməyəcəyi təqdirdə onu öldürəcəkləri ilə hədələmişlər. Anasının xəsarətlər alaraq qan içində olduğunu görən 1993-cü il təvəllüdlü Seymur Quliyev onun öldürülməməsi üçün qiymətli əmlakın olduğu otağın açarını quldurlara vermişdir. İlkin İsmayılov, Rəşid Əliyev və Yusif adlı şəxs həmin otaqdan ev sahibi Nazir Quliyevə məxsus 62 min ABŞ dolları məbləğində pulu götürüb hadisə yerindən qaçmış və əldə etdikləri məbləği sonradan öz aralarında bölmüşlər.
Qeyd olunan faktla bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda əmlak əldə etmə məqsədi ilə quldurluq) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılmışdır. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 28 dekabr tarixli hökmü ilə Rauf Dostuyev, Elçin Cəfərov, Rəşid Əliyev müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayətin iştirakçısı olan Yusif adlı şəxs barəsində isə cinayət işi ayrılaraq sonradan icraatı dayandırılmışdır.
2010-cu il aprelin 5-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs - Azərbaycan Respublikasının vətəndaşları Teymur Tahirov, Anar Abdullayev və Qədim Qədimov şübhəli şəxs qismində saxlanılmış, onlardan 1 ədəd "F-1", 2 ədəd "RQD-5" tipli əl qumbarası və onlar üçün nəzərdə tutulmuş 3 ədəd "UZRQM" tipli alışdırıcı aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılmışdır. Teymur Tahirov, Anar Abdullayev və Qədim Qədimov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaqın sonrakı mərhələsində müəyyən edilmişdir ki, 2004-cü il iyunun 1-də Quliyev Nazir Sarı oğlunun evindən quldurluq yolu ilə 62 min ABŞ dolları məbləğində pul götürən qrupun üzvü, şəxsiyyəti istintaqla araşdırılan "Yusif", "Qoca", "Canavar" və "Namiq" ləqəblərindən istifadə edən şəxs Teymur Tahirovdur. Bu cinayətin əksər iştirakçıları hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilsə də, yalnız Teymur Tahirov istintaqdan gizlənərək cinayət məsuliyyətindən yayına bilmişdir. Lakin aparılan istintaq hərəkətləri nəticəsində Teymur Tahirov ifşa olunaraq məsuliyyətə cəlb edilmişdir.
Milli Təhlükəsizlik Nazirliyi bir daha bəyan edir ki, törədilmiş hüquqazidd əmələ görə cəzanın labüdlüyü prinsipi daim həyata keçiriləcək, vətəndaş, cəmiyyət və dövlət əleyhinə yönəlmiş bütün qəsdlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.