Şriftin ölçüsü:
20.10.2012 03:55 | Oxunma sayı: 492
Səlcuq Ərənin müəllifi olduğu məqalədə bildirilmişdir ki, qardaş ölkə Azərbaycanda 70 illik sovet hökmranlığından sonra 1991-ci il oktyabrın 18-də qazanılan müstəqilliyin sevinci yaşanır. Müstəqilliyinin 21-ci ilini qeyd edən ölkə 2004-cü ildən böyük tərəqqi yoluna qədəm qoymuşdur.
Müəllif ötən həftə Azərbaycana səfəri zamanı böyük dəyişikliyin şahidi olduğunu vurğulamışdır. Son illərdə iqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycanın dövlət büdcəsi müstəqilliyinin 21-ci ilində 10 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 7 faizə düşmüşdür. Qeyd olunmuşdur ki, 9 milyon əhalisi olan ölkədə sadəcə 246 min nəfər işsizdir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Dünya İqtisadi Forumunun məlumatlarına əsasən Azərbaycan iqtisadiyyatının böyüklüyünə görə dünyada 55-ci yerdədir.
Məqalədə Azərbaycan-Türkiyə əlaqələri də geniş işıqlandırılmış, iki ölkə arasında münasibətlərin hər ötən gün daha da inkişaf etdiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, enerji sahəsində imzalanan müqavilələrlə bərabər, qarşılıqlı yatırımlar 10 milyard dolları keçmişdir. Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcminin yaxın müddətdə 5 milyard, qarşılıqlı sərmayələrin həcminin isə 20 milyard dollardan çox olacağı hədəflənir.
S.Ərən qeyd etmişdir ki, iki ölkə arasındakı siyasi və iqtisadi əməkdaşlığın güclənməsində "bir millət, iki dövlət" anlayışı çox böyük rol oynayır. Xalqlarımız arasındakı bu anlayış artıq ölkələrimizin rəhbərlikləri tərəfindən konkret nailiyyətlərlə daha da gücləndirilir. Son illərdə Azərbaycan beynəlxalq arenada nüfuzunu daha da artırır. Beynəlxalq və regional tədbirlərin keçirildiyi Azərbaycan möhtəşəm kinofestivallara, Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli müğənnilərin konsertlərinə, eləcə də 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatına ev sahibliyini yüksək səviyyədə etmişdir.
Məqalədə, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkədə baş verən dəyişikliklərin memarlarından biri olduğu xüsusilə vurğulanır.
Müəllif Səlcuq Ərən yazır ki, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondu və ya Prezident Administrasiyasının internet saytı vasitəsilə ona ünvanlanmış hər bir məktuba cavab verir. Mehriban xanım Əliyeva xalq arasında çox sevilir. O, xüsusilə xəstələrə və məktəblilərə diqqət göstərir. Bakıda bu ilin mayında keçirilmiş "Eurovision" mahnı müsabiqəsi ərəfəsində onun rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər indi də ictimaiyyətin diqqət mərkəzindədir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən son beş ildə ölkədə 400 məktəb inşa edilmişdir.
Müəllif yazısında özünün bilavasitə iştirak etdiyi İkinci Bakı Beynəlxalq Humanitar Forumundan da bəhs etmişdir. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqəti sayəsində yüksək səviyyədə təşkil olunmuş forumda sabiq dövlət başçıları, BMT və UNESCO-nun nümayəndələri, Nobel mükafatçıları iştirak etmişlər. Heydər Əliyev Mərkəzində açılışı olan bu tədbirdə ümumilikdə dünyanın 70 ölkəsindən 800-dək xarici qonaq iştirak etmişdir. Birinci xanım Mehriban Əliyeva hər bir qonağa diqqət ayırır, onlara Azərbaycanda baş verən irimiqyaslı dəyişikliklər haqda məlumat verirdi. İkigünlük forum çərçivəsində xarici qonaqlarla keçirilən görüşlər nəticəsində belə bir fikir formalaşmışdı ki, neftdən gələn gəlirlərin Azərbaycan xalqı üçün xərclənməsi müsbət amildir. Qərb ilə yaxınlaşma kursu isə özü ilə güclü demokratiya da gətirəcəkdir. Biz bilmirdik ki, Azərbaycan bu dərəcədə ciddi dəyişikliklər yolundadır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, ilk dövrlərdə mərkəzi hakimiyyət demək olar ki, yox idi. 1992-ci ildə Yeni Azərbaycan Partiyasını quran Heydər Əliyev bir il sonra dağılan və ağır durumda olan ölkəni inkişaf etdirmək üçün fəaliyyətə başlamışdır. 1994-cü ildə dünyanın nüfuzlu neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. O vaxt çoxları bu layihəyə qarşı çıxmışdı. Ancaq bu gün "Əsrin müqaviləsi" Azərbaycanı artıq beynəlxalq arenada güclü dövlətə çevirmişdir. Azərbaycanda neftdən gələn gəlirlərin gələcək nəsillərə çatdırılması üçün qurulan Dövlət Neft Fondunda vəsaitlərin həcmi hazırda 35 milyard dollar səviyyəsindədir.
Son illərdə Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu artırmaq üçün fəaliyyətini genişləndirdiyini vurğulayan S.Ərən ölkə gənclərinin təhsil almaq üçün xarici ölkələrə göndərildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, hazırda xarici ölkələrdə dövlətin tam dəstəyi ilə təhsil alan 15 min tələbənin 4,5 mini Türkiyədədir.
Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də yer ayırmış, bu problemin ölkənin xarici siyasətində prioritet məsələ olduğunu vurğulamışdır. Bu gün 158 dövlət ilə diplomatik münasibətləri olan Azərbaycan 75-dək ölkədəki səfirlikləri və 38 beynəlxalq təşkilatdakı daimi nümayəndəlikləri vasitəsilə münaqişə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışır.
Qeyd olunmuşdur ki, Azərbaycanın iqtisadi inkişafının rəmzi sayılan, lüks otelləri, möhtəşəm binaları, iş mərkəzləri, geniş, işıqlı küçələri ilə göz oxşayan Bakı müasirliklə qədimliyi məharətlə özündə təcəssüm etdirir. Bakı artıq Avropanın ən böyük şəhərləri ilə müqayisə edilə bilər. Şəhərlərin sosial-iqtisadi inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması ölkədə turizm sahəsinin canlanmasına da böyük təkan vermişdir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.