Yay sessiyasının gündəliyindəki məsələlər sırasında ən çox maraq doğuranlardan biri iyunun 23-də müzakirəyə çıxarılmış "Avropada islam, islamizm və islamafobiya" adlı məruzə olmuşdur.
Təsadüfi deyil ki, həmin müzakirələrə Assambleyanın üçüncü iş gününün tam yarısı həsr edilmişdi. Problemlə bağlı mədəniyyət, elm və təhsil komitəsinin məruzəsi, danimarkalı deputat Mogens Yensenin, siyasi işlər komitəsinin məruzəçisi, Böyük Britaniyadan olan deputat Maykl Hənkokun, hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi, azərbaycanlı deputat Rafael Hüseynovun, qadın və kişilər üçün bərabər vəzifələr komitəsinin məruzəçisi, türkiyəli Nursuna Memecanın, həmçinin BMT Baş katibinin sivilizasiyaların dialoqu üzrə yüksək təmsilçisi Corc Sampayonun nitqləri bütövlükdə islamın və islam mədəniyyətinin müasir dünyadakı əhəmiyyətli mövqeyi haqqında düşüncələrdən ibarət olmuşdur. Avropa Şurasının son dərəcə həssaslıqla yanaşdığı və belə geniş yer ayırdığı müzakirələrdə Azərbaycan təmsilçisinin məruzəçi təyin edilməsi mötəbər qurumun ölkəmizə göstərdiyi münasibətin, getdikcə daha artıq inkişaf edən Azərbaycan-Avropa Şurası əlaqələrinin daha bir bariz təsdiqidir.
Məruzəçi R.Hüseynov islama, islam ölkələri xalqlarına məhz belə dostcasına yanaşma və ardıcıl dialoq nəticəsində ümumi tərəqqiyə daha artıq yaxınlaşmanın əldə olunacağını vurğulayaraq, əslində Avropa Şurasının təbliğ və təşviq etdiyi prinsiplərlə islamın ideallarının müştərək olduğunu bildirmişdir.
R.Hüseynov islamın universallığı, müasir həyatla uyğunlaşmaq xüsusiyyəti, bu dinin təməl kitabı olan "Quran"ın köhnəlməzliyi, ən yeni günün suallarına cavab verə bilmək cəhətlərini təhlil edərkən söyləmişdir: "İslamın bariz cəhətlərindən biri onun öz klassik ənənələrini ehtiramla qoruyub-saxlamaqla yanaşı, müasirləşə bilmək, davam edən həyatın mütərəqqi təmayülləri ilə uyğunlaşmaq xüsusiyyətidir. İslam mühafizəkar yox, demokratik mahiyyətli, zəruri hallarda müasirliklə ayaqlaşmağa qadir dindir. İslamla bağlı həm Şərqdə, həm Qərbdə səhv təsəvvürlərin meydana çıxmasının təqsiri təhrifli təhlil və interpretasiyalar olmuşdur. Bu məqam ayrıca vurğulanmalı, onun Şərqdə və Qərbdəki bütün müasir təzahürləri qətiyyətlə kənara qoyulmalıdır. Hansısa şəriət ehkamlarıyla izah edilən və bu gün insan haqları baxımından qəbuledilməz, yaxud mübahisəli təsir bağışlayan heç bir müddəa heç vəchlə bütün məzmunu ilə demokratik olan "Quran"dan iqtibaslarla təsdiqini tapa bilmir və ona görə də bütün hallarda əsas mötəbər istinad nöqtəsi olaraq "Quran" götürülməlidir".
Dünyanın qabaqcıl beynəlxalq təşkilatlarının, o sıradan Avropa Şurasının ümdə vəzifələrindən birinin insanları sülhə, anlaşmaya səsləmək, xalqlara daha gözəl gələcək barədə ümidlər bağışlamaq olduğunu qeyd edən R.Hüseynov bu amalların "Quran"da 14 əsr əvvəldən ifadə olunduğunu vurğulamışdır: "Yalnız müsəlmanların deyil, bütün bəşəriyyətin ən müdrik kitablarından və ortaq sərvətlərindən olan "Quran"ın 39-cu "əz-Zumər" surəsinin 53-cü ayəsində Allah Peyğəmbərə tapşırıq verir ki, günah törətmiş insanlara vacib bir həqiqəti çatdırsın: "Ümidinizi üzməyin!". 47 ölkəni qovuşduran Avropa Şurasında gedən indiki müzakirələr, təqdim olunan məruzələr və bu qəbildən olan geniş yayılma miqyasına malik bütün sənədlərdə əsas leytmotivi islamın hər şeyin yaxşı olacağına ümid və inam ideyası təşkil edərsə, dinlərarası dialoq daha da dərinləşər, ən müxtəlif qütbləri təmsil edən insanların arasında anlaşma daha artıq rəvac tapar. Bundan isə, bütün dünya və hər bir insan qazanar".
Üç saat davam edən müzakirələrdə 40-a yaxın deputat fikir mübadiləsi aparmışdır. Deputat Qənirə Paşayeva çıxışında islamın humanist dəyərlərindən bəhs etdikdən sonra bu dinin ən bariz cəhətlərindən olan dözümlülük məsələsi üzərində dayanmışdır. Deputat Ermənistanın Azərbaycana təcavüzü məsələsinə toxunaraq bir milyon insanın qaçqın və köçkün kimi yaşadığını, Ermənistan ərazisindən azərbaycanlıların son nəfərə kimi çıxarıldığını, oradakı bütün məscidlərin dağıdıldığını, bununla belə Azərbaycanda dini dözümlülük nümayiş etdirildiyini, ölkənin paytaxtında erməni kilsəsinin qorunub saxlandığını diqqətə çatdırmışdır.
Böyük britaniyalı deputat Denis Məkşeyn islamın dünyanın ən mütərəqqi dinlərindən olduğunu bildirərək demişdir: "Mən müsəlman olmasam da, islamçıyam, bu dinin insanpərvər cəhətlərini yüksək dəyərləndirirəm".
Müzakirələr bitdikdən sonra məruzə ilə əlaqədar qətnamə layihəsinə irəli sürülmüş bir sıra düzəlişlər ətrafında gərgin mübahisə və fikir mübadiləsi olmuşdur.
Deputat R.Hüseynovun təklif etdiyi düzəlişlər Assambleya tərəfindən təqdir edilərək "Avropada islam, islamizm və islamafobiya" adlı məruzənin qətnaməsinə daxil edilmişdir.
{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.