Tovuz: inkişaf güclənir, uğurlar artır

Tovuzda son vaxtlar həyata keçirilən böyük abadlıq, quruculuq işləri hamını çox sevindirir. Qərb bölgəsinin bu füsunkar məkanı indi təkcə tovuzluları deyil, qonaqların da böyük marağına səbəb olur. Çünki rayonda yeniləşmə, tərəqqi, inkişaf, müasirlik, milli memarlıq ənənələrinin qorunması istiqamətində aparılan işlərdə bir sistem var. Hər bir iş əvvəlcədən planlaşdırılır, ictimaiyyətə bu haqda məlumat verilir, ziyalıların, tarixçilərin, təcrübəli mütəxəssislərin rəyi öyrənilir və sair. Qeyd etmək lazımdır ki, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun özü adət-ənənələrin, tarixi memarlıq üslublarının qorunub saxlanmasına, yeniliyin tətbiqinə hədsiz həssaslıqla yanaşan bir adamdır.
- Bir iş görəndə, hər hansı bir obyektin təməlini qayanda, yol çəkəndə, körpü salanda gərək ağılla hərəkət edəsən, - deyə rayon icra hakimiyyətinin başçısı bizimlə söhbətində Tovuzda həyata keçirilən hər bir tədbirə məsuliyyətlə yanaşmasını dönə-dönə vurğulayır, - Bu gün gözəl görünən və alqışlarla istifadəyə verilmiş bir bina, iki-üç ildən sonrakı görkəmini dəyişib, yöndəmsiz, lazımsız bir tikiliyə çevriləcəksə, onu elə bəri başdan inşa etməmək daha yaxşı olmazmı?
Biz Tovuzda olarkən rayonun ən müxtəlif peşə sahibləri, ziyalılar, ağsaqqallarla görüşdük, adamların rəyini öyrəndik, problemlərlə maraqlandıq, görüləsi işlərlə tanış olduq və belə bir qənaətə gəldik ki, rayonda adamların fəallığı, təşəbbüskarlığı əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Ölkə Prezidenti İlham Əliyevin "Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 7 oktyabr 2009-cu il tarixli sərəncamı onların ruh yüksəkliyini, əzmkarlığını artırıb. Yüksəliş, inkişaf hər sahədə hiss olunur...
Aqrar sahə inkişaf edir
Bütün ölkədə olduğu kimi, Tovuz rayonunda da aqrar islahatlar öz iqtisadi səmərəsini verməkdədir. Tovuzlular da ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında layiqincə çalışırlar. Aqrar sahənin başlıca bölmələrindən olan heyvandarlıq məhsulları istehsalında irəliləyişlər əldə edilmişdir. 2009-cu ildə rayonda 4792 ton ət, 25839 ton süd, 15 milyon 310 min ədəd yumurta, 344 ton yun istehsal olunmuşdur.
Uğurların əldə edilməsində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin yeni mexanizminin tətbiq olunmasının rolu böyükdür. Ölkə başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamına əsasən 2009-cu ilin dövlət büdcəsindən müvafiq məbləğdə vəsaitin ayrılması hesabına ötən il Tovuz rayonunda 17154 nəfər fiziki şəxsə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və mühərrik yağlarına, mineral gübrələrin güzəştlə satılmasına, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə yardımın verilməsi təmin edilmiş, bu məqsədlə 899 min manat sərf olunmuşdur. Bu yardımın təzahürü olaraq əvvəlki ilə nisbətən kənd təsərrüfatı məhsulları üzrə bütövlükdə 2008-ci illə müqayisədə əkin sahələri xeyli artmışdır.
Keçən il rayon fermerləri 221197 ton kartof, 29911 ton tərəvəz istehsal etmişlər. Kartofçuluq sahəsində tovuzluluar 2009-cu ildə də respublikada qabaqcıl nəticələr əldə edərək məhsuldarlığı 285,6 sentnerə çatdırmışlar ki, bu da 2008-ci illə müqayisədə 1946 ton və ya 60 faiz çoxdur.
Vaxtilə Tovuz rayonu üzüm istehsalı və emalı sahəsində respublikada qabaqcıl mövqelərdə dururdu. Lakin bu vacib sahəyə münasibət dəyişdikdən sonra rayonda üzümçülüyə münasibət kəskin şəkildə dəyişmişdir. Biz yaxşı bilirik ki, üzümün istehsalı və emalı sahələrinin inkişaf etdirilməsi üçün rayonda böyük imkanlar var. Hazırda bu sahələrə investorların cəlb edilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Tovuz şərabının dünya bazarlarına çıxarılması üçün tədbirlər görülür.
Dağ zonası əhalisinin iqtisadi vəziyyətinin yüksəldilməsi məqsədilə başlanan işlər 2009-cu ildə də davam etdirilmişdir. İndi dağlıq ərazilərdə yaşayan əhalinin rifah halı xeyli yaxşılaşmışdır. Dağ kəndlərində iribuynuzlu mal-qaranın, qoyun və keçilərin, ev quşlarının sayı çoxalmışdır. Yaxşı biznes növlərindən olan qırmızı moruğun əkin sahələrinin artırılması nəzərdə tutulur.
Ötən il ərzində rayonda sahibkarlığın inkişafı ilə əlaqədar xeyli işlər görülmüş, təsirli tədbirlər həyata keçirilmişdir. Tovuzda iş görmək, sərmayə qoymaq istəyən hər bir sahibkara hərtərəfli şərait yaradılır.
Sahibkarlığın, o cümlədən aqrar sektorda sahibkarlığın inkişafına dövlət qayğısı daha da artırılmışdır. 2009-cu ildə rayonda fəaliyyət göstərən banklar və kredit təşklatları tərəfindən kənd təsərrüfatının, emal sahəsinin, sahibkarlığın, ticarətin inkişafına və sair xərclər üçün 12 milyon 369 min 700 manat kredit verilmişdir. Təkcə keçən il rayon sahibkarlarına Sahibkarlığa Kömək Milli Fondu xətti ilə 6 milyon 982 min manat güzəştli kredit verilmişdir ki, bu da 2008-ci ilə nisbətən 6,1 dəfə çoxdur.
Sosial məsələlər diqqət mərkəzindədir
2009-cu ildə əhalinin sosial müdafiəsi sahəsində bir sıra işlər görülmüşdür. 2009-cu ildə 3297 ailəyə ayda 278204 manat ünvanlı sosial yardım verilmişdir.
Əhalinin aztəminatlı təbəqələrinin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin vaxtında və ödənişin mütərəqqi üsullarla əhaliyə çatdırılması təmin olunmuşdur. Rayon üzrə pensiyaçıların ümumi sayı 26064 nəfər təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyanın orta məbləği 85 manatdan çoxdur. 2009-cu ildə rayonda yaşayan aztəminatlı ailələrə və əlillərə 4660 manat məbləğində maddi yardım göstərilmişdir.
Rabitənin, nəqliyyatın inkişafı sahəsində müəyyən irəliləyişlər əldə edilmişdir. İstehlak olunmuş elektrik enerjisinin, təbii qazın və içməli suyun haqqının əhali tərəfindən ödənilməsinin səviyyəsi yüksəlmişdir. Hazırda rayonda elektrik enerjisinin verilməsi ilə bağlı heç bir problem yoxdur, müəyyən texniki xətalar nəzərə alınmazsa, rayon əhalisi 24 saat elektrik enerjisi ilə təmin edilir. Əvvəllər mövcud olmuş nöqsan və çatışmazlıqların demək olar ki, hamısı aradan qaldırılmışdır.
2009-cu ilin sonuna rayonda qazdan istifadə edən abonentlərin sayı 23048-ə çatdırılmışdır. Keçən il əhaliyə satılan təbii qazın dəyəri 86,2 faiz ödənilmişdir. Xatınlı, Cilovdarlı, Qədirli, Əsrik Cırdaxan, Koxanəbi, Ağbulaq, Yanıqlı, Məşədilər, Azaplı, Bayramlı kəndlərinə təbii qazın verilməsi təmin olunmuş, hazırda Əlimərdanlı kəndindəki qaz xətlərində təmir işləri aparılır. Rayonun digər yaşayış məntəqələrinin də təbii qaz yanacağı ilə təmin olunması üçün tədbirlər görülür.
İstehlak olunan elektrik enerjisinin, təbii qazın və suyun haqqının əhali tərəfindən ödənilməsinin və sayğaclaşmanın vəziyyətini təhlil etmək, bu sahədə aidiyyətı təşkilatlara yaxından kömək göstərmək, əhalinin maarifləndirilməsi işini təşkil etmək məqsədilə RİH başçısı yanında yaradılmış qərargahın hər həftənin dördüncü günləri iclasları keçirilmiş, vəziyyətə uyğun olaraq müzakirələr aparılmış, problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görülmüşdür.
Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana - yeni məktəb" devizi altında son 5 ildə rayonda 3420 şagird yerlik 10 yeni məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 640 şagird yerlik 3, Dövlət Proqramına əsasən 844 şagird yerlik 3, Dövlət İnvestisiya Proqramı hesabına 1936 şagird yerlik 4 məktəb binası tikilib istifadəyə verilmşidr. Hazırda 360 şagird yerlik A.Hüseynov adına Yanıqlı kənd orta məktəbinin tikintisinə başlanılmışdır.
2009-cu ildə rayonun orta ümumtəhsil məktəblərini 2089 nəfər bitirmiş, onların 1504 nəfəri attestat almış, attestat alanların 1046 nəfəri qəbul imtahanlarında iştirak etmişdir. Rayon üzrə 418 nəfər məzun ali məktəblərə qəbul olunmuşdur. Qəbul olunanlardan 43 nəfəri 500-dən yuxarı, 7 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Rayonun tədris və məktəbdənkənar müəssisələrinin payız-qış mövsümünə hazırlığı vəziyyəti diqqət mərkəzində saxlanılmışdır. Hacallı, Aşağı Ayıblı 1 saylı, Çobansığnaq, Ağbaşlar, A.S.Puşkin adına və digər məktəblərdə mərkəzləşdirilmiş istilik sistemi mövcuddur. 2010-cu ildə rayonun bütün ümumtəhsil məktəblərində istilik sisteminin yaradılması əsas vəzifələrdən biridir.
Ölkə Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"na (2005-2007-ci illər) uyğun olaraq rayonun 74 məktəbinə 623 kompyuter dəsti, 18 ədəd "Nootebook" və proyektor verilmişdir.
Aparılan təşkilatı işlər nəticəsində ümumtəhsil məktəblərinin hamısında xüsusi tibb otaqları təşkil edilmişdir.
Ölkə başçısının tapşırığına uyğun olaraq respublikada birincilər sırasında Tovuz rayonunun məktəblərində məktəbli geyim formasına keçid əsasən başa çatdırılmışdır.
Artıq 3 ildir ki, rayonda xarici dil, xüsusilə ingilis dili fənninin tədrisinə xüsusi diqqət yetirilir. Məktəbi bitirən hər bir məzunun ingilis və digər xarici dillərdə sərbəst danışmasına nail olması, ən azı bir nəfərin hərbi ali məktəblərə və ya hərbi liseylərə qəbul edilməsi məktəb direktorunun qarşısında əsas vəzifə kimi qoyulmuşdur. Keçən il 64 nəfər gənc ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olunmuşdur. Bu, respublikada ən yaxşı göstəricidir. Ənənəvi davam etdirmək üçün rayonda kompleks tədbirlər görülür.
Səhiyyə sahəsində irəliləyişlər var
Mövcud imkanlardan istifadə edərək rayon sakinlərinə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, rayon mərkəzi xəstəxanasının yerlərdəki strukturlarına edilən müraciətlərə həssaslıqla yanaşılması, yoluxucu xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Səhiyyə ocaqlarının cari təmir işləri vaxtında aparılmış, rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsi əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir. 85 çarpayılıq rayon mərkəzi xəstəxanası binasının tikintisi davam etdirilir.
Qeyd etmək lazımdır ki, cərrahiyyə şöbəsinin yüksək səviyyədə təmirindən sonra orada aparılan əməliyyatların sayı müqayisəolunmaz dərəcədə yüksəlib. Belə ki, 2007 və 2008-ci illərdə bütövlükdə vur-tut 58 cərrahiyyə əməliyyatı aparılmışdısa, təkcə keçən ilin 7 ayında təxminən 10 dəfə çox, 467 nəfər əməliyyat olunub. Bax, inam belə yaranır.
İl ərzində rayon ərazisində sanitariya qaydalarının qorunub saxlanmasına, xüsusilə qanunsuz küçə ticarətinin ləğvinə, təmizlik və səliqə-səhman işlərinin genişləndirilməsinə xeyli diqqət yetirilmişdir. 22 yaşayış məntəqəsində yaradılmış və təsərrüfat hesabı ilə işləyən "Təmizlik" müəssisələrinin rolunun əhəmiyyətli dərəcədə artması üçün tədbirlər görülür.
Rayonda mədəniyyət sahəsində xeyli işlər görülmüşdür. Bir sıra ümumrayon və respublika səviyyəli tədbirlərin musiqi proqramları əvvəlki illərlə müqayisədə xeyli fərqli, müasir tələblər baxımından yüksək zövqlə hazırlanıb həyata keçirilir. Rayonun özfəaliyyət kollektivlərinin respublika tədbirlərində iştirakı təmin olunmuş, Tovuzun ənənvi "Aşıqlar xoru" bərpa edilmişdir. Maddi-mənəvi irsin saxlanılması və inkişaf etdirilməsi məqsədilə rayonda mövcud olan və Nazirlər Kabineti tərəfindən qeydiyyata alınmış 64 və qeydiyyata alınmamış 7 tarix və mədəniyyət abidəsinin qorunması istiqamətində müvafiq işlər aparılır.
Tovuzda bütün sahələrdə inkişaf var. Oxucuların nəzərinə çatdırdığımız qısa xronologiya yalnız 2009-cu ildə görülən işlərin bir qismidir. Qarşıda daha məsul vəzifələr var. Lakin bunların həllinə hamı inanır. Çünki ötən illərdə rayon rəhbərliyinin tələbkarlığı, təlimatçılığı və təbii ki, tovuzluların dediyi kimi ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində bundan sonra hələ çox zirvələr fəth ediləcəkdir. Buna onların potensial imkanları var.

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında