Azərbaycanın və Türkiyənin daxili İşlər orqanları arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 18-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri İsmail Alper Coşkun ilə görüşmüşdür. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir səfiri yeni təyinat münasibətilə təbrik etmiş, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün gələcək fəaliyyətində uğurlar arzulamışdır.  
General-polkovnik Ramil Usubov səfirə müstəqilliyin ilk illərində respublikamızın üzləşdiyi çətinliklər, keçilən çətin və eyni zamanda, şərəfli yol barədə məlumat vermişdir.
Nazir demişdir ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə, daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülmüşdür.
Daxili işlər naziri ulu öndərimizin "Bir millət, iki dövlət" adlandırdığı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin genişləndiyini, dövlət başçılarımızın əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına böyük önəm verdiklərini diqqətə çatdırmış, eyni zamanda, son illər hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri diqqətəlayiq nəticələr barədə də məlumat vermişdir.
Qeyd olunmuşdur ki, DİN-lər arasında əməkdaşlığa dair sazişin müddəalarına uyğun olaraq yaradılmış Müştərək Komissiya çərçivəsində daxili işlər orqanlarının əməkdaşları üçün iki ölkədə 55 təlim kursları keçirilmiş, bu təlimlərə 700-dən çox polis əməkdaşı cəlb edilmişdir.
General-polkovnik Ramil Usubov ölkəmizdə ordu quruculuğunda, o cümlədən DİN-in Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələri və Jandarma Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulamış və buna görə minnətdarlığını bildirmişdir.
Görüşə, təbrikə və ətraflı məlumata görə təşəkkür edən səfir İsmail Alper Coşkun görüşün əlamətdar bir hadisəyə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü gününə təsadüf etməsindən, qısa zaman kəsiyində respublikamızın sürətli bir inkişaf yolu keçməsindən məmnunluğunu bildirmişdir. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında