Yasamal rayonunda abadlıq və yenidənqurma işləri geniş vüsət alıb

Azərbaycan Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və bu proqram çərçivəsində həyata keçiriləcək Tədbirlər Planı təsdiqlənib. Bu proqramın əsas məqsədi Bakı şəhəri və ətraf qəsəbələrdə abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və sakinlərin rahatlığının təmin olunması ilə əlaqədar problemlərin aradan qaldırılmasıdır. 
Dövlətimizin başçısı sakinlərlə görüşü zamanı da layihənin əhəmiyyətindən danışarkən vurğulayıb ki, Bakıətrafı qəsəbələrin inkişafı üçün xüsusi Proqram hazırlanıbdır və kompleks tədbirlər nəzərdə tutulur. Möhtərəm Prezidentimiz qeyd edib ki, bu işlər geniş vüsət alacaqdır. Bütün qəsəbələrdə infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Proqramın icrası nəticəsində 2013-cü ilə qədər hər bir qəsəbədə bütün sosial və iqtisadi məsələlər öz həllini tapmalıdır.
Ölkə başçısının tapşırıq və göstərişlərindən sonra Dövlət Proqramının qarşıya qoyduğu vəzifələr uğurla icra olunur. Son illər Yasamal rayonunda həyata keçirilən abadlıq və yenidənqurma işləri də möhtərəm Prezidentimizin tapşırıqlarının müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsidir. Onu da qeyd edək ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbullar keçirməsi, vətəndaşlarla yaşadıqları ərazilərdə görüşməsi, qarşıya çıxan problemlərin yerində həll olunması artıq adət halını alıb. Bu gün insanları ən çox narahat edən problemlər təbii ki, yaşayış binalarının ərtafında təmizlik, abadlıq işlərinin aparılması, istilik sisteminin qaydaya salınması, küçələrin abadlaşdırılması, uşaqlar üçün oyun meydançalarının qurulması və digər məsələlərdir. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev iki ay öncə rayonun Şəfahət Mehdiyev küçəsində 95, 95A, 97 və 97A saylı binaların həyətinə baxış keçirən zaman sakinlərlə görüşmüş, onları diqqətlə dinləmiş və qarşıya çıxan problemlərin qısa müddətdə aradan qaldıralacağına, bu yaşayış massivində nümunəvi həyət təşkil ediləcəyinə söz vermişdi. Onu da qeyd edək ki, həmin görüşdə mən də iştirak etmişdim və binaların qarşısındakı həyətlərin ayrı - ayrı şəxslər tərəfindən zəbt olunduğunun şahidi olmuşdum. Zəbt olunan ərazilərdə qeyri - qanuni olaraq maşınyuma sexləri, köhnə ticarət köşkləri tikilmiş, hər kəs istədiyi ərazini dəmir torlarla əhatəyə alaraq müxtəlif məqsədlər üçün istifadə edir, həyətin tən ortasında maşın saxlamaq üçün qarajlar tikmişdi. Həyətdəki səliqəsizlik, özbaşınalıq ciddi narazılqlara səbəb olmuşdu. Görüşdə çıxış edən sakinlər, xüsusilə tanınmış elm xadimləri başçıdan xahiş etdilər ki, bu yaşayış massivindəki özbaşınalığa son qoyulsun və burada da nümunəvi həyət təşkil edilsin.
İ.Mehdiyev sakinlərə bildirmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin qəti tapşırıqlarından biri də sakinlərin rahatlığının təmin olunması üçün bütün imkanlardan istifadə olunması və insanları narahat edən problemlərin operativ şəkildə aradan qaldırılmasıdır. Qısa bir müddətdə bu yaşayış ərazisində hər cür şəraiti olan nümunəvi həyət yaradılacaq. Ertəsi gün məhəlləyə mühəndislər gəlmiş və nümunəvi həyətin layihəsi hazırlanmışdır.
Oktyabrın 16-da Ysamal rayonunun Ş.Mehdiyev küçəsində 95, 95A, 97 və 97A saylı binaların həyətində sanki böyük bir şənlik keçirilirdi. Rayonun rəhbərliyi, ictimaiyyətin nümayəndələri, binaların sakinləri buraya toplaşmışdılar. İki ay öncəki zibilxanalardan, natəmizlikdən, qeyri - qanuni ticarət obyektlərindən, özbaşına tikililərdən əsər əlamət qalmamışdı. Zəbt olunmuş 2400 kvadratmetr ərazi təmizlənmiş və abadlaşdırılmışdır. Burada günlük, uşaqlar üçün əyləncə yerləri, oyun elementləri, rahat oturacaqlar, mini futbol neydançası quraşdırılmışdır. İki binada istilik sistemi quraşdırılmış, zirzəmidəki çirkab sular təmizlənmiş, ərazidən 450 ton bərk mənşəli tullantı daşınmış, 5516 kvadratmetr sahəyə asfalt örtüyü vurulmuş, 600 ədəd gül və 135 ədəd bəzək ağacı əkilmişdir. 136 metr uzunu və 64 metr eni olan həyətdə digər zəruri abadlıq işləri aparılmışdır. Həmin gün mini fütbol meydançasının açılışı oldu və kiçik yaşlı futbolçuların məhəllədaxili yarışına start verildi.
Rayon icra hakimiyyəti başçısının bu məhəllədə sakinlərlə keçirdiyi növbəti görüş zamanı çıxış edənlər yaradılan rahat şəraitdən məmnunluqla danışdılar və dövlətimizin başçısına insanlara göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Sonra nümunəvi həyətdə şənlik tədbirləri davam etdirildi.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında