Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın İƏT-ə fəal sədrlik edəcəyinə və təşkilatı daha da irəli aparacağına inamım qətidir
{nl}
Dünyanı mədəniyyətlər və dinlərarası dialoqa, sülhə, sabitliyə, inkişafa səsləyən İkinci Bakı Beynəlxalq Humanitar Forumundan sonra paytaxtımızda daha bir möhtəşəm beynəlxalq tədbir - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı baş tutdu. Oktyabrın 16-da Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və İƏT-ə üzv olan 4 ölkə prezidentinin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və 4 ölkə hökumət rəhbərinin və parlament sədrlərinin, bəzi beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə gerçəkləşən zirvə toplantısı bir daha göstərdi ki, paytaxtımız, həm də nüfuzlu beynəlxalq qurumların mötəbər tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu həqiqət toplantıda iştirak edən bütün qonaqlar tərəfindən dəfələrlə bəyan edildi və görülən hərtərəfli hazırlıqlara görə ölkəmizə minnətdarlıq bildirildi.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısının yekunlarını Esenboğa hava limanında jurnalistlərə dəyərləndirərkən demişdir ki, "Çox ciddi inkişaf və tərəqqi yolunda olan Azərbaycan ECO-nun zirvə toplantısına özəl ev sahibliyi etmişdir". Onu da xatırladaq ki, cənab Ərdoğan zirvə toplantısındakı nitqində də nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə kifayət qədər təcrübəsi olan Azərbaycanın inkişafının onda böyük iftixar hissi oyatdığını bildirmişdir. O demişdir: "İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı münasibətilə dost və qardaş Azərbaycanın paytaxtı Bakıda olmaqdan böyük məmnunluq duyuruq. Həqiqətən, belə möhtəşəm konfrans mərkəzində bu toplantıda sizlərlə bir arada olmaq, belə yüksək ev sahibliyini görmək bizlər üçün də ayrı bir iftixar mənbəyidir". Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari də Türkiyənin Baş nazirinin fikirlərinə qoşularaq zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğuna görə Azərbaycan dövlətinin başçısına xüsusi təşəkkürünü bildirmişdir.
Həqiqətən də, 8 milyon kvadratkilometr ərazini əhatə edən və 400 milyon əhalisi olan dövlətlərin üzv olduğu nəhəng beynəlxalq təşkilatın mötəbər tədbirinin məhz Bakıda baş tutmasının böyük əhəmiyyəti vardır. Bu, bir daha beynəlxalq aləmin diqqətinin Azərbaycana yönəlməsinə səbəb oldu. İƏT-də aparılan müzakirələr əsasən iqtisadi məsələlərlə bağlı olsa da, reallıq budur ki, bugünkü dünyamızdakı durum iqtisadi siyasəti geosiyasi və ya beynəlxalq aləmdəki ümumi ictimai-siyasi vəziyyətdən ayıra bilməyəcək dərəcədə mürəkkəbdir. Yəni söhbət, həm də Qərbdə islamafobiya və ksenofobiyanın baş qaldırması və buna qarşı birgə mübarizənin təşkilindən gedir.
Sirr deyil ki, Azərbaycandakı dini və milli toperantlıq dünya ölkələri üçün nümunə göstərilir. Digər tərəfdən, sivilizasiyalararası dialoqa töhfələr verilməsi istiqamətində regionda ilk və möhtəşəm addımları məhz Azərbaycan atıb. Ölkəmizdə Şərqlə Qərbin, İslam dünyası ilə xristian aləminin təmsilçilərinin çoxsaylı görüşləri keçirilib və bu ənənə uğurla davam etdirilməkdədir. Dünyanın aparıcı beyin mərkəzləri mütəxəssislərinin Azərbaycanda bir araya gəlməsi təkcə ölkəmizin təşəbbüskarlığının nəticəsi deyil, həm də beynəlxalq aləmdə bizə olan inamın göstəricisidir.
Bu mənada, qətiyyətlə deyə bilərik ki, ölkəmiz sivilizasiyyalararası dialoqun, beynəlxalq əməkdaşlığın, işbirliyinin məkanına çevrilmişdir. Qərb ilə sıx əməkdaşlıq edən Azərbaycan İƏT-ə üzvü olan müsəlman ölkələri ilə də münasibətlərini yüksək səviyyədə davam etdirərək, radikalizmə, islamafobiyaya və ksenofobiyaya qarşı mübarizədə ön sıralarda durur. Digər tərəfdən, təşkilata üzv olan ölkələrin xalqları əsrlər boyu bir-birinə daim dayaq olmuşlar. İƏT məhz bu tarixi əlaqə üzərində formalaşmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bizi ənənələrimiz, dinimiz - müqəddəs İslam dini birləşdirir və biz çalışırıq ki, İslam mədəniyyətinin təbliği üçün öz səylərimizi göstərək. 2009-cu ildə Bakı şəhəri "İslam mədəniyyətinin paytaxtı" elan edilmişdi və biz bu şərəfli missiyanı uğurla yerinə yetirdik. 2018-ci ildə isə Azərbaycanın digər şəhəri - qədim Naxçıvan "İslam mədəniyyətinin paytaxtı" olacaqdır. Bu, İslam dünyasının bizə olan böyük etimadının və hörmətinin əlamətidir. Biz öz növbəmizdə dünyada İslam həmrəyliyinin gücləndirilməsi üçün səylərimizi göstəririk. Dövlət başçımız bəyan etmişdir ki, bəzi ölkələrdə islamofobiya meyillərinin gücləndirilməsi bizi çox narahat edir, İslam müqəddəslərinin təhqir olunması bizi haqlı olaraq hiddətləndirir. Biz öz növbəmizdə İslamı sülh, qardaşlıq, mərhəmət dini kimi dünyaya daha da geniş şəkildə təqdim etməliyik. Təşkilatın istiqamətlərindən biri də bu olmalıdır.
İƏT üzvlərini ciddi iqtisadi-siyasi maraqlar da sıx birləşdirir. Belə ki, üzv ölkələr arasındakı ticarət dövriyyəsinin yüksəldilməsi, qarşılıqlı olaraq sərmayələrin yatırılması, nəqliyyat, enerji sahəsindəki əməkdaşlıq, nəhayət BMT kimi nüfuzlu beynəlxalq təşkilatlarda həmin dövlətlərin bir-birinə dəstək verməsi, yalnız inkişafa, yüksəlişə rəvac verir, bütün tərəflərin mövqelərini gücləndirir. Əminliklə deyə bilərik ki, Azərbaycan bu məsələlərdə də uğurlu təşəbbüslərlə çıxış edir, iqtisadi, siyasi, mədəni əlaqələrini genişləndirir. Fakt kimi deyə bilərik ki, ECO-ya üzv olan ölkələrlə bizim ticarət dövriyyəmiz 2011-ci ildə 38 faiz artmışdısa, 2012-ci ilin 9 ayı ərzində bu rəqəm artıq 20 faizə çatmışdır. Bu, onu göstərir ki, biz təşkilata üzvü dövlətlərlə səmərəli iqtisadi əlaqələrə malikik.
Azərbaycan təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri qətiyyətlə yerinə yetirir. İki il bundan əvvəl təşkilatın İstanbulda keçirilən zirvə görüşündə Azərbaycan ECO Bankının səhmdarına çevriləcəyinə və ECO Bankına üzv olacağına dair vəd vermiş, öhdəlik götürmüşdü. Məmnuniyyət hissi ilə deyə bilərik ki, bu, artıq reallıqdır. Azərbaycan ECO Bankının səhmdarıdır və öz tərəfindən üzv olan ölkələrdə həyata keçirilən vacib infrastruktur və iqtisadi layihələrdə fəal iştirak etmək əzmindədir. Həm bank vasitəsilə, eyni zamanda, investor kimi.
Dövlət başçımız iqtisadi cəhətdən xeyli güclənən və böyük maliyyə mənbələrinə malik olan ölkəmizin regionda söz sahibinə çevrilən dost ölkələrə sərmayə yatırmaqda maraqlı olduğunu bildirmişdir: "Hazırda Azərbaycan öz investisiyalarını ölkənin hüdudlarından kənara qoymağa başlamışdır. Bu investisiyalar milyardlarla dollar səviyyəsindədir. Biz yeni bazarlara çıxmaq üçün araşdırma işləri aparırıq. Əlbəttə ki, investisiyanın qoyuluşu üçün biz ilk növbədə özümüzə dost, qardaş bildiyimiz ölkələrə üz tuturuq. Hesab edirəm ki, zirvə görüşü çərçivəsində və ondan sonra nümayəndə heyətlərinin, iqtisadiyyat nazirlərinin birgə fəaliyyəti nəticəsində qarşılıqlı investisiyaların istiqaməti və həcmi haqqında daha da geniş müzakirə aparıla bilər. Biz bunun tərəfdarıyıq".
Azərbaycanın həyata keçirdiyi möhtəşəm enerji və nəqliyyat layihələri, həm də İƏT-ə üzv dövlətlər üçün əhəmiyyət kəsb edir. Son illər ölkəmizin təşəbbüsü ilə regionda çox önəmli enerji infrastrukturu yaranmış, Azərbaycanın 80 faizini maliyyələşdirdiyi Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi istiqamətində mühüm işlər görülmüşdür. Şaxələndirilmiş neft-qaz kəmərləri şəbəkəsinin yaradılması, bölgə ölkələrinin, o cümlədən İƏT-ə üzv olan bir sıra dövlətlərin də marağındadır və onlar rəsmi Bakının atdığı addımları dəstəkləyirlər.
Ölkəmizin yerləşdiyi coğrafi ərazi onun nəqliyyat sahəsində regional mərkəzə çevrilməsinə şərait yaradır. Eyni zamanda, Azərbaycanda yeni tikilən dəniz limanları, dəmir yolu xətləri, avtomobil yolları, hava nəqliyyatının təkmilləşdirilməsi layihələri də bu imkanları xeyli artırır. Azərbaycanın nəqliyyat sahəsindəki bütün təşəbbüsləri İƏT-ə üzv olan dövlətlər tərəfindən də rəğbətlə qarşılanır. Çünki bu təşəbbüslər Şimal-Cənub, Şərqə-Qərb nəqliyyat dəhlizinin yaradılmasına və nəticədə ümumi maraqların təmin olunmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdir ki, bu yaxınlarda tikintisi başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu, həm də ECO-ya üzv olan bütün ölkələrin xidmətində olacaqdır: "Çünki bu dəmir yolu təkcə Azərbaycanı Türkiyə ilə birləşdirmir. Bu yol əslində qitələri birləşdirir və əgər ECO-ya üzv olan ölkələrin xəritəsinə, bizim təşkilatımızın xəritəsinə baxsaq, görərik ki, bu yol hamımız üçün çox səmərəli, çox əhəmiyyətli olacaqdır. Bu, strateji layihədir, geosiyasi və geoiqtisadi vəziyyəti böyük dərəcədə yaxşılaşdıracaq bir layihədir. Mən çox şadam ki, bu layihə artıq yaxın zamanlarda reallaşacaqdır".
İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı üzv ölkələr üçün mühüm məsələlərin müzakirəsi ilə yadda qaldı. Təşkilata üzv ölkələr bir daha həmrəylik nümayiş etdirdilər. Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri təşkilatımızın gələcək inkişafı, regional məsələlərlə bağlı çox dəyərli fikirlər söylədilər, dünya məsələlərinə, narahatlıq doğuran problemlərə toxundular. Gündəliyə daxil edilmiş iqtisadi, sərmayə, nəqliyyat, kənd təsərrüfatı, enerji, təhsil, səhiyyə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərində ümumi razılıq əldə olundu. Toplantıda 2015-ci ilədək İƏT-in fəaliyyət proqramı - "2015-ci il ECO-ya Baxış Sənədi" qəbul edildi və üzv ölkələr arasında ticarət həcminin 20 faiz artırılması qərarlaşdırıldı.
Son zirvə toplantısında Azərbaycan üçün digər mühüm bir hadisə İƏT-ə sədrliyin Türkiyədən Azərbaycana keçməsi idi. Qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rəsmi Bakının sədrliyi dövründə təşkilatın fəaliyyətinin daha da genişlənəcəyinə və üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına yeni töhfələrin veriləcəyinə əminliyini vurğulamışdır. O demişdir: "Azərbaycanın İƏT-ə baxışın daha geniş bir əməkdaşlıq zəmininə oturdacaq fəal sədrlik edəcəyinə və təşkilatı daha da irəliyə aparacağına inamım qətidir".
Bu məqamda xatırladaq ki, bu ilin may ayında Azərbaycan BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma da uğurla sədrlik etmişdi. Bu illin əvvəlində isə Azərbaycan nəhəng iqtisadi əməkdaşlıq təşkilatı olan "Böyük İyirmilərin" Meksikada keçirilən toplantısına dəvət almışdı. Dünyanın ən güclü iqtisadiyyata malik ölkələri ilə eyni qurumda təmsil olunmaq, planetin hansısa guşəsində yaşanan problemlərin aradan qaldırılmasında iştirak eləmək gənc müstəqil Azərbaycana göstərilən böyük etimad idi. Bu, həm də ölkəmizin iqtisadi inkişaf səviyyəsinin göstəricisi kimi qəbul oluna bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin İƏT-ə sədrliyi dönəmində atacağı addımları konkret şəkildə bəyan etməsi də, ölkəmizin hər zaman olduğu kimi, bu dəfə də öz fəaliyyəti ilə uğurlu nəticələr əldə edəcəyinə inamı artırır. Dövlət başçımız demişdir: "Növbəti illər ərzində Azərbaycan təşkilatın sədri olaraq dəyərlərimizi daha çox təbliğ etmək, tərəfdaşlığımızı gücləndirmək və qarşılıqlı ticarət səviyyəsini artırmaq məsələsində qurumun işinə töhfə vermək üçün əlindən gələni edəcəkdir".
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.