Qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri" elan edib. Məhz bunun təzahürüdür ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da insan kapitalının formalaşmasında təhsilin rolu artır.
Orta ixtisas təhsili ölkədə intellektual potensialının gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rola malikdir. Müasir bazar münasibətləri şəraitində orta ixtisaslı mütəxəssislərdən yeni peşəkarlıq keyfiyyətləri, sistemli təfəkkür, müxtəlif sahələrdə informasiya bilikləri, biznes və sahibkarlıq mədəniyyəti, öz fəaliyyətini səlis təhliletmə qabiliyyəti, müstəqil fəaliyyət göstərmək bacarığı, məsuliyyət və s. tələb edilir.
Bütün bunların təzahürü olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və "ULTRA" şirkəti tərəfindən kolleclər üçün "Orta ixtisas təhsilin vahid idarəetmə portalı" yaradılmışdır. Hal-hazırda bu sistemin tətbiqi üçün respublikada fəaliyyət göstərən 59 kollecin 5-də hazırlıq işləri başlamışdır. Onlar Bakı Kompyuter Kolleci, Bakı Pedoqoji Kolleci, Bakı Maliyyə-İqtisad Kolleci, Bakı Neft və Energetika Kolleci, Bakı Musiqi Kollecidir.
"Orta ixtisas təhsilin vahid idarəetmə portalı" iki hissədən ibarətdir: ümumi sosial sayt və Lokal sistem (məlumatlar bazası). Ümumi sosial sayt vasitəsi ilə siz, Azərbaycanda fəaliyyət göstərən istənilən kolleclər haqqında məlumat əldə edə bilərsiniz. Bu portalın üstünlüyü ondan ibarətdir ki, valideyn öz övladının qabiliyyətinə uyğun düzgün ixtisas seçə bilər. Həmçinin, gələcək tələbələr təhsil alacaqları kollecin tədris planı ilə əvvəlcədən ətraflı tanış ola bilmək imkanı qazanırlar. Saytda yerləşdirilən xüsusi xəritə həmin kollecdəki ixtisaslar, müəllim və tələbə heyəti haqqında geniş məlumat toplamaq imkanı verir. Bundan əlavə kollec müəllimləri və eyni zamanda, tələbələr göstərilən saytda qeydiyyatdan keçməklə, öz təklif və şərhlərini həmkarları arasında bolüşə bilmək imkanı qazanırlar.
Lokal hissə bütün idarəetmə sistemini əhatə edir və iki proqrama bölünür: tədris planı və kadrların idarəedilməsi. Nazirlik əməkdaşları tərəfindən tərtib olunan tədris planı daha sonra kollec direktoruna yönəldilir. Öz növbəsində direktor bu proqramın icra olunması üçün kollecdəki məsul şəxslərə (direktor köməkçisi, tədris işləri üzrə baş müəllim, administrator) tapşırıq verir. Daha sonra müəllim tərəfindən təqvim mövzu planı tərtib edilərək, gündəlik və fərdi plan əsasında ümumi tədrisin idarəolunması üçün dərs cədvəli, həmçinin müəllim jurnalı işlənib hazırlanır. Bu jurnalda davamiyyət, qiymətləndirilmə və digər məlumatlar toplanır. İstənilən vaxt kollecdə təhsil alan tələbə bu məlumatlarla tanış ola bilər. Bundan əlavə, hər semestrin sonunda tələbənin elektron qiymətləndirilmə kitabçasında il ərzində topladığı ballar, dərslərdəki davamiyyəti və son imtahan qiyməti hesablanıb, yekun qiymət verilir.
Bundan əlavə, sistemdə tədris planı və qrafiki sənədi işlənib hazırlanmışdır. Bu sənəd 4 yaxud 5 ili əhatə edir. Yəni ilin 365 günü həftələrə və günlərə bölünərək, fənlərin adları və onlara ayrılan dərs saatları tərtib olunub. Tələbələrin təhsil bazalarının artırılması məqsədi ilə Təhsil Nazirliyinin xətti ilə bu sənəddə yeni kredit saatları təklif olunmuşdur.
Sistemdə əlavə olaraq, kadrlar şöbəsi yaradılmışdır. Bu şöbədə kollec əməkdaşların (rəhbərlik, müəllim heyəti, digər işçilər) və təhsil alan tələbələrin şəxsi işləri toplanılır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və "ULTRA" şirkəti tərəfindən hazırlanmış "Orta ixtisas təhsilinin vahid idarəetmə portalı" təhsil prossesinin sadələşməsi, vahid plan üzrə dərslərin aparılması, davamiyyət, qiymətləndirilməyə ciddi nəzarət və sənədlərin itirilməsi, yaxud saxtalaşdırılmasının qarşısının alınması kimi üstün cəhətlərə malik olması baxımdan orta ixtisas təhsilinin inkişafında əvəzsiz bir sistemdir.
Məlumat üçün bildirək ki,ULTRA müxtəlif tərəfdaş həlləri bazasında biznes-proseslərin kompleks avtomatlaşdırılması ilə məşğul olan aparıcı inteqrasiya şirkətlərindən biridir. ULTRA İntel, Microsoft, HP, Oracle və s. kimi dünyada aparıcı İKT korporasiyalarının Azərbaycanda GOLD tərəfdaşıdır.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.