Astara: əhali ilə görüşlər əməli nəticələr verir

Son vaxtlar Astarada bir sıra obyektlər - avtomobil yolları, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, YAP üçün inzibati bina istifadəyə verilib, mərkəzi xəstəxana əsaslı təmir edilib, Heydər Əliyev Parkı yenidən qurulub. Vaxtaşırı Astaraya səfər edən dövlətimizin başçısı İlham Əliyev abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün lazımi vəsaitlərin ayrılması barədə sərəncamlar imzalayır. Bu il həmin məqsədlərlə 16 mart və 18 aprel tarixli sərəncamların verilməsi rayona diqqətin bariz nümunəsidir. 
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin yerlərdə əhali ilə keçirdiyi çoxsaylı görüşlərdə yaxşı işlər təqdir olunmaqla bərabər, camaatı narahat edən məsələlərə də ciddi önəm verilir, qarşıda duran vəzifələrin konturları sakinlərin arzu və təklifləri əsasında müəyyənləşdirilir. Rayonun əksər yaşayış məntəqələrində belə işgüzar, səmərəli və yaddaqalan görüşlər təşkil olunmuşdur. Bunu icra hakimiyyətinin ünvanına göndərilən məktub və teleqramlar da sübut edir.
Bu günlərdə Astara şəhər mədəniyyət evinin geniş zalında Q.Ağayevin şəhər ictimaiyyəti ilə keçirdiyi görüş və səyyar qəbul da böyük maraq doğurmuşdur. 300 nəfərdən çox şəhər sakininin iştirak etdiyi tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı qeyd etdi ki, indiyədək şəhərin ayrı-ayrı məhəllələrində sakinlərlə ünsiyyətdə olsa da, belə geniş tərkibdə ilk dəfə toplaşırlar. Son dövrdə rayonda, o cümlədən, şəhərdə bütün sahələrdə əsaslı irəliləyiş hiss olunur, geniş quruculuq və abadlıq işləri aparılır. Bununla bərabər, həllini gözləyən problemlər, narahatlıq yaradan məsələlər də az deyil. Digər tərəfdən, şəhərdə həyata keçiriləcək layihələrlə əlaqədar geniş ictimai rəyi, sakinlərin təklif, arzu və tələblərini öyrənməyə ehtiyac var. Bu görüş və səyyar qəbul məhz birlikdə fikir mübadiləsi aparmaq, təklif, tənqidi qeyd, şikayət və tələbləri öyrənmək məqsədi daşıyır.
İcra hakimiyyəti başçısının Astara inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.Hüseynov görülən işlər və vəzifələr barədə məlumat verdi.
Sakinlərin çıxışında sosial-məişət qayğılarının həlli, son aylarda şəhərdə görülən tikinti və quruculuq tədbirləri, xüsusən Heydər Əliyev prospekti, Azərbaycan və Səməd Vurğun küçələrində aparılan genişləndirmə, işıqlandırma işləri, çoxmərtəbəli ictimai yaşayış binalarının əsaslı təmiri, suötürücü kanalların dərinləşdirilməsi, təmizlənməsi və s.-dən razılıq bildirildi, bütün bunlara görə Prezident İlham Əliyevə dərin minnətdarlıq hissləri ifadə olundu.
Süleyman Əhədov şəhərin Kələdəhnə hissəsində içməli suya olan ehtiyacın ödənilməsini, Saleh Abbasov, Heybət Hüseynov, Elşən Həbibov şəhər qəbiristanlığının genişləndirilməsi, Qum küçəsinin işıqlandırılması, şəhərin ana kanalının Astaraçaya birləşdirilməsi və Xəzər dənizi sahilində çimərliyin yaradılması üçün tədbirlər görülməsini, Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev ahıllar və ziyalılar evi məsələsinin həllini, yerlərdə hüquqi mövzuda maarifləndirici söhbətlər aparılması zərurətini, Fərhad Şiriyev şəhər 2 saylı orta məktəbinin və onun idman meydançasının, Təranə Qurbanova şəhər 3 saylı uşaq bağçasının əsaslı təmirini, Barat Sadıxov İstisuda sanatoriya yaradılmasını, İskəndər Həsənov Azərbaycan küçəsində ara yolların abadlaşdırılmasını, Hüseyn Əbilov Giləkərana gedən yolun asfaltlaşdırılmasını gündəmə gətirdilər.
İcra hakimiyyətinin başçısı Q.Ağayev şəhər sakinləri ilə görüşün səmərəli, eyni zamanda, ictimai rəyi öyrənmək baxımından önəmli olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, qaldırılan bütün məsələlər ciddi və ətraflı araşdırılacaq, müvafiq tədbirlər görüləcək. Bir sıra məsələlərə aydınlıq gətirən rayon rəhbəri bildirdi ki, şəhərin ən qədim və çox əhali yaşayan Qum küçəsində qaz xəttinin yenilənməsi və içməli su xətti çəkildikdən sonra geniş miqyasda abadlıq işləri aparılacaq. Şəhər qəbiristanlığı ilə əlaqədar tədbirlər görüləcək, əhalinin içməli su ilə təminatı üçün gələn ildən əsaslı tikinti işlərinə başlanılacaq. İcra hakimiyyətinin başçısı vurğuladı ki, indi əsas məsələ gərgin zəhmət bahasına yaradılan gözəllikləri qorumaqdan, əsaslı təmir edilən çoxmərtəbəli yaşayış binalarının ətrafında səliqə-sahman yaratmaqdan ibarətdir. Əsas kanallar təmizləndikdən sonra onların yenidən zibillənməsinin qarşısı hər vasitə ilə alınmalıdır.
İctimai asayişin qorunması və avtoxuliqanlara qarşı ciddi mübarizə aparılması ilə bağlı rayon polis şöbəsinin rəisinə tapşırıq verildi. Bildirildi ki, bu işlərdə ictimaiyyətin fəal nümayəndələri, ağsaqqallar, ziyalılar polis işçilərinin yaxın dəstəkçiləri olmalıdırlar.
Görüş iştirakçılarını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edən Q.Ağayev rayonun inkişafı naminə birgə fəaliyyətdə hər kəsə uğurlar dilədi.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında