Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu

Dünən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaq keçirildi. Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edildi, məzarı üzərinə gül-çiçək dəstələri düzdülər. 
Sonra mərasim iştirakçıları Şəhidlər Xiyabanında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarını ziyarət etdilər.
Bayram tədbiri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində davam etdirildi. Foyedə müstəqillik illərində ölkə polad magistralında həyata keçirilən yenilikləri özündə əks etdirən foto-stendlər, video-rolik və "Azərbaycan dəmir yolları müstəqillik illərində" sənədli filmi təqdim olundu.
Mərasimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov açaraq bildirdi ki, ölkəmizdə dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşaası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə alaraq inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2910,1 kilometr, istismar uzunluğu 2079,3 kilometrdir ki, onlardan da 802,3 kilometri ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 kilometri və ya 59,7 faizi elektrikləşdirilmiş, 837,9 kilometri, yəni 40,3 faizi tepolovoz dartısı ilə işləyir, 1527,7 kilometri avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir.
Ölkəmizdə dəmir yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.
1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli lider Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına göstərdiyi qayğı bu gün də uğurla davam etdirilir. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.
7 oktyabr 2005-ci il tarixdən 13 oktyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu da dövlət başçısının dəmiryolçulara qayğısının daha bir nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu proqramın uğurla icrası dəmir yolunun inkişafını kompleks şəkildə təmin edəcəkdir.
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov dəmiryolçuların sosial hüquqlarının qorunması, onların mədəni istirahətinin təşkili istiqamətində görülən işlərdən danışdı.
Yeni Azərbaycan Partiyasının "Azərbaycan Dəmir Yolları" QSC-dəki ərazi ilk partiya təşkilatı Qadınlar Şurasının sədri Jalə Əfəndiyeva və Biləcəri lokomotiv deposunun maşinisti Nazim Abbasov çıxışlarında dəmiryolçulara göstərilən diqqət və qayğıdan razılıq ifadə etdilər.
Nəqliyyat naziri Ziya Məmmədov çıxışında peşə bayramı günü münasibətilə bütün dəmiryolçuları təbrik etdi. O, Prezident İlham Əliyevin tapşırığı ilə dəmir yolunun inkişaf etdirilməsi üçün görülmüş işlərdən danışdı. Bildirdi ki, dəmir yolunun yük daşıma qabiliyyəti hazırda 20 milyon tondur. Dövlət proqramının icrası, polad magistralların modernləşdirilməsi işləri tam başa çatdıqdan sonra nəqliyyatın bu sektorunda yük daşıma qabiliyyəti 50 milyon tona çatacaq. Bunun üçün yeni vaqonların alınması, lokomotiv parkının yeniləşməsi işlərini qısa müddətdə başa çatdırmaq lazımdır.
Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənov bir qrup dəmiryolçunun təltif olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11oktyabr 2012-ci il tarixli sərəncamlarını oxudu.
Sonra xidməti fəaliyyətlərində fərqlənən dəmiryolçulara Nəqliyyat Nazirliyinin fəxri fərmanları, "Azərbaycan Dəmir Yolları" QSC-nin döş nişanı və pul mükafatları təqdim edildi.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında