Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yaxalanmış transmilli mütəşəkkil cinayətkar dəstənin axtarışda olan üzvü Dubayda tutularaq Azərbaycana gətirilmişdir

Milli Təhlükəsizlik Nazirliyi ictimai əlaqələr mərkəzinin verdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının və xarici ölkələrin vətəndaşlarından ibarət transmilli mütəşəkkil cinayətkar dəstə ifşa olunaraq yaxalanmışdır. Dəstənin üzvləri xarici ölkə vətəndaşlarının kredit kartlarından gizli istifadə edərək, internet vasitəsilə bank hesablarından oğurladıqları külli miqdarda pulu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürüb, həmin cəmiyyətin müxtəlif aviareyslərinə elektron aviabiletlər əldə etmiş və onları nağd pula ayrı-ayrı şəxslərə satmışlar.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, istintaqın nəticələrinə görə, "Azərbaycan Hava Yolları" QSC-nin qanunla qorunan kompyuter informasiyasına qanunsuz müdaxilə şirkətin işinin pozulmasına səbəb olmuş və bunun nəticəsində şirkətə 100 min manata yaxın ziyan vurulmuşdur.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən tam və hərtərəfli ibtidai istintaq aparılaraq başa çatdırılmış, cinayət işi məhkəməyə təqdim olunmuşdur. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il 19 may tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü (mütəşəkkil dəstə tərəfindən kompyuter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdarda əmlakını gizli talama) və digər maddələr ilə Nigeriya Federativ Respublikasının vətəndaşı Mutiu Olovu, Azərbaycan vətəndaşları Vaqif Mirzəzadə, Elyar Qocazadə, Əhliman Məmmədov və qeyriləri müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar.
Cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. Belə ki, istintaq-əməliyyat tədbirləri nəticəsində mütəşəkkil dəstənin daha 7 üzvü ifşa olunaraq yaxalanmışdır. Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində dəstə üzvləri - Nigeriya Federativ Respublikasının vətəndaşları Bello Ashmy Yaqub, Baloqun Samson Oluvafemi, Fadeyibi Oluqbenqa Moses, Azərbaycan vətəndaşı Musayev Anar Kahin oğlu və qeyrilərinin qanuna zidd əməlləri üzrə məhkəmə istintaqı aparılır.
Mütəşəkkil dəstənin digər üzvləri barəsində açılmış cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. İstintaqın gedişində mütəşəkkil dəstənin üzvü, xarici ölkə vətəndaşlarının elektron visa kartlarına internet vasitəsilə gizli girərək, onların bank hesablarından külli miqdarda vəsait oğurlayıb "Azərbaycan Hava Yolları" QSC-nin müxtəlif reyslərinə aviabiletlər əldə etmiş və müxtəlif şəxslərə nağd pula sataraq külli miqdarda vəsaiti mənimsəmiş Azərbaycan vətəndaşı Baxışov Zaur Şərafət oğlunun 2009-cu il sentyabrın 3-də təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunmuşdur. Lakin Zaur Baxışovun Azərbaycan Respublikasından kənarda, yəni Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi müəyyən edildiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuşdur. Onun tezliklə tapılması və tutulması üçün intensiv tədbirlər həyata keçirilmiş, nəticədə Zaur Baxışov Dubay şəhərində saxlanılmış və 2010-cu il iyunun 18-də Azərbaycan Respublikasına ekstradisiya edilmiş, istintaqa təhvil verilmişdir.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər mümkün iştirakçılarının müəyyən olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında