Bu yolu 87 yaşayış məntəqəsinin 59 min nəfər sakini gözləyir

Söhbət Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə inşasına başlanılmış Gədəbəy - Novosaratovka - Qaravəlilər yolundan gedir
Bu ilin iyul ayının əvvəllərində Gədəbəydə Fındıqlı çayı üzərində tikilmiş körpünün açılışında çıxış edən rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov üzünü buraya toplaşmış yüzlərlə sakinə tutub dedi:
- Gədəbəyin bütün yolları, körpüləri, digər sosial obyektləri ölkə başçısı cənab İlham Əliyevin birbaşa göstərişi, rayona və rayon sakinlərinə diqqəti, qayğısı sayəsində ortaya-ərsəyə gəlir. Fındıqlı çayı üzərində bu gün açılışına toplaşdığımız körpü cənab İlham Əliyevin qayğısının daha bir parlaq təzahürüdür və bu obyekt sonuncu obyekt deyil. Siz tezliklə görəcəksiniz ki, Gədəbəyin digər yolları və körpüləri də ölkə rəhbərinin diqqəti sayəsində tamamilə yenidən qurulacaqdır...
Yadımdadır, o zaman Ramiz Yediyarovun dediyi bu sözləri adamlar hədsiz coşqu ilə qarşıladılar.
Aradan heç iki ay keçməmiş ölkə Prezidenti Gədəbəylə bağlı daha bir sərəncam imzaladı. "Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 6 sentyabr 2012-ci il tarixli sərəncamda qeyd olunur ki, 59 min nəfər əhalinin yaşadığı 87 yaşayış mətəqəsini birləşdirən Gədəbəy - Novosaratovka - Qaravəlilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2012- ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.
Təbii ki, ölkə başçısının növbəti qayğısı gədəbəyliləri hədsiz ruhlandırdı. Sərəncamın ertəsi günü minlərlə gədəbəyli rayon mərkəzinə axışdı, öz minnətdarlığını bildirmək üçün rayon icra hakimiyyətinə üz tutdu. Elə həmin yolda təntənə keçirildi, çıxışlar oldu, qurbanlar kəsildi, musiqi sədaları ətrafa yayıldı. Rayon sakinlərindən birinin ölkə başçısına göndərdiyi teleqramı olduğu kimi çap edirik: "Hörmətli cənab Prezident! Sizin Gədəbəy - Novosaratovka - Qaravəlilər atomobil yolunun yenidən qurulması üçün verdiyiniz sərəncam bütün gədəbəylilərin, bütün Şınıx zonasının əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır. Belə bir deyim var: "Yol mədəniyyətdir". Sizin Gədəbəy rayonunda yolun çəkilməsi ilə bağlı imzaladığınız sərəncamı bütün gədəbəylilərə olan hörmətinizin və diqqətinizin təzahürü kimi qiymətləndiririk. Ona görə də Sizə ölkəmizin qüdrətlənməsi və inkişafı naminə gördüyünüz işlərinizdə uğurlar arzulayır və cansağlığı diləyirik.
Şınıx zonasının ağsaqqalları və sakinləri adından hörmətlə, Əliyev Kamran Əli oğlu".
Bəli, məktubdan da göründüyü kimi, gədəbəylilər xeyirxah və çox vacib işin başlanmasından olduqca məmnundurlar. Ümumiyyətlə, son illər rayonda ölkə başçısının köməyi ilə bir sıra mühüm layihələr həyata keçirilmişdir ki, bunların da sırasında yol və körpülər xüsusi yer tutur. Elə götürək Şəmkir - Gədəbəy yolunu. Ölkə rəhbəri Gədəbəydə olarkən bu magistral yolun qısa vaxt ərzində tamamilə yenidən qurulması ilə bağlı əlaqədar strukturlara göstəriş vermişdi. Yüksək səviyyəli asfalt yol bu gün gədəbəylilərə və qonşu rayonların sakinlərinə, qonaqlara xidmət edir. Əvvəllər Şəmkirdən Gədəbəyə 2-3 saata getməli olduğun yolu indi 30- 40 dəqiqəyə başa vurmaq mümkündür, istər qarlı-çovğunlu hava olsun, istərsə də adi.
Slavyanka - Qoşabulaq, Arıxdam - Söyüdlü, Ərtəpə, Gədəbəy - Rüstəm Əliyev, Gədəbəy - Qızıltorpaq - Şınıx yolları da son vaxtlar təmir olunub. Bundan əlavə, 15 kilometrlik Xar-xar - Samanlıq yolu yenidən qurulub. Nərimankənd - Moruqlu, İsalı - Mormor, Kiçik Qaramurad - Əlisultanlı, İnəkboğan - Böyük Qaramurad, Şahdağ - Arabaçı yollarında da çox iş görülüb, gediş-gəliş yaxşılaşdırılıb.
Haqqında söhbət açdığımız yol isə Gədəbəydə ən böyük layihələrdən biridir. Əslində, böyük strateji əhəmiyyətə malik yoldan təkcə Gədəbəy əhalisinin 65 faizindən çoxu istifadə edir. Lakin yaranmış vəziyyət yolun qısa vaxt ərzində tamamilə yenidən qurulmasını, başqa sözlə, yenidən inşasını tələb edirdi ki, bu da ölkə rəhbərliyinin köməyi ilə gədəbəylilərə nəsib oldu.
... Oktyabrın əvvəllərində Gədəbəy - Novosaratovka - Qaravəlilər yolunun tikintisində aparılan işlərlə yaxından tanış olmaq üçün rayonda olduq və bəri başdan qeyd edək ki, gördüklərimiz bizdə heyrət doğurdu. Ölkə başçısının imzaladığı sərəncamdan bir aydan da az vaxt keçməsinə baxmayaraq, yolun böyük bir məsafəsi asfaltlanmışdır. Öyrəndik ki, oktyabrın ilk günlərinə kimi yolun 8 kilometrində torpaq işlərinə başlanıb və onun artıq 5 kilometrində bu işlər başa çatdırılıb və hətta 4800 metr məsafədə asfaltın alt layı qoyulub. Bunun da təxminən 3 kilometrliyində asfalt işləri tamamilə başa çatdırılıb. Texnika, işçi qüvvəsi kifayət qədərdir. Yolun tikintisini aparan "Gəncə - körpü tikinti - 2" Səhmdar Cəmiyyətinin sədr müavini Çingiz Qurbanəliyev məlumat verdi ki, hazırda burada bir asfaltyayan, iki ədəd asfaltbasan, üç ədəd iri kubhəcmli ekskavator, 17 ədəd iri maşın və digər texnika cəlb olunub.
Məlumat üçün qeyd edək ki, işin "Gəncə - körpü tikinti - 2" ASC kimi təcrübəli bir kollektivə həvalə olunmasına hamı sevinir. Əvvəla, Gəncə yol salanları ilk dəfə deyil ki, Gədəbəydə iş görürlər. Bir çox körpülər, yollar onların zəhmətinin məhsuludur. Elə yuxarıda adını çəkdiyimiz Fındıqlı çayı üzərindəki körpü də kollektivin işidir. Digər tərəfdən, "Gəncə - körpü tikinti - 2" ASC keyfiyyətli işi ilə daim seçilib. Elə Bakı kimi böyük bir şəhərdə bu kollektivə körpü və körpü keçidlərinin inşasının etibar edilməsi bir daha onu göstərir ki, kollektiv artıq özünü doğruldub. Cəmiyyətin idarə heyətinin sədri Aqibət Məmmədov 1975-ci ildən fəaliyyət göstərən bu kollektivi 90-cı illərin əvvələrində tamamilə dağılmaqdan xilas edib, təcrübəli yol salanları, körpü mütəxəssislərini işdə qoruyub saxlayıb və sonralar ən müasir texnikaya malik bir müəssisə yaratmağa nail olub ki, bunları da qeyd etməmək mümkün deyil. "Gəncə - körpü tikinti -2"nin maşın parkında dünyanın ən məşhur şirkətlərinin istehsalı olan texnika cəmləşib, özünün asfalt zavodları var.
Bu faktları ona görə sadaladıq ki, ölkə başçısının sərəncamı ilə tikilən Gədəbəy - Novosaratovka - Qaravəlilər yolu təcrübəli, daim keyfiyyətli işi ilə fərqlənən bir kollektivə etibar olunub.
Deməli, çox keçməyəcək ki, gədəbəylilər gözəl bir yolun sahibi olacaqlar. İllərdən bəri çəkilən əziyyətə son qoyulacaq.
... Gədəbəyin bugünkü inkişafı təkcə orada yaşayanları deyil, Azərbaycanın hər bir sakinini maraqlandırır. Çünki bu yerlərin tayı-bərabəri yoxdur. Füsunkar təbiəti, yeraltı və yerüstü sərvətləri Gədəbəyi dünyanın hər yerində tanıdıb və bundan sonra da tanıdacaq.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov söhbətlərimizin birində qeyd etdi ki, Gədəbəydə turizmin inkişafı üçün münbit şərait var. Lakin bu yerləri dünya səviyyəli kurort bölgəsinə çevirmək üçün ilk növbədə infrastruktur, o cümlədən yol strukturu tamamilə yenidən qurulmalıdır. Məhz bu baxımdan da ölkə Prezidenti cənab İlham Əliyev Gədəbəyə bu qədər diqqət və qayğı göstərir.Yeri gəlmişkən, qeyd edək ki, rayona rəhbərlik etdiyi yarım il ərzində icra hakimiyyətinin başçısı küçə və yolların genişləndirilməsinə, keçidlərin salınmasına, lüzumsuz tikililərin aradan qaldırılmasına xüsusi önəm verir. Deyir ki, Gədəbəy bu günlə deyil, sabahla yaşamalıdır. Elə haqqında söhbət açdığımız Gədəbəy - Novosaratovka - Qaravəlilər yolu bu məqsədə xidmət edəcək.
Yolunuz uğurlu, işiqlı olsun!

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında