Naxçıvanda N saylı hərbi hissənin yaradılmasının 20-ci ildönümü qeyd edilmişdir

Oktyabrın 9-da Naxçıvandakı N saylı hərbi hissənin yaradılmasının 20-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir. Tədbir çərçivəsində Naxçıvan hərbi şəhərciyində yeni qərargah binasının və uşaq bağçasının açılışı olmuşdur. 
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.
Əvvəlcə yeni qərargah binasının qarşısında N saylı hərbi hissənin müxtəlif təyinatlı döyüş texnikasına baxış olmuşdur.
Məlumat verilmişdir ki, səyyar komanda məntəqələri və rabitə maşınları təlim və döyüş zamanı çoxşaxəli, keyfiyyətli iş prinsipinə malikdir. Döyüş zamanı hərbi birləşmələrin vahid mərkəzdən idarə olunmasında mühüm əhəmiyyət kəsb edən bu texnikalar bir yerdən digər yerə asan daşınır və yerləşdirilir. Bu gün muxtar respublikadakı hərbi hissələrin xüsusi təyinatlıları və kəşfiyyat bölmələri ən müasir lazer, kollimator, optik gündüz və gecəgörmə cihazları, pilotsuz uçan aparatlar, uzaq və yaxın məsafələrə yüksək dəqiqliklə atəş açmağa imkan verən səssiz silahlarla təchiz edilmişdir. Bu texnikalar vasitəsilə düşmənin canlı qüvvəsini, onların hərəkət istiqamətlərini, hərbi texnikaların və silahların xarakteristikasını müəyyənləşdirmək mümkündür.
Sonra hərbi hissənin yaradılmasının 20-ci ildönümü münasibətilə mərasim keçirilmişdir.
Ali Məclisin sədri Vasif Talıbov mərasimdə çıxış edərək demişdir ki, Milli Ordu quruculuğunda mühüm mərhələ təşkil edən bu hərbi hissə yarandığı gündən şərəfli bir yol keçmiş, torpaqlarımızın keşiyində dayanaraq ulu öndər Heydər Əliyev ideyalarına daim sədaqət nümayiş etdirmişdir. Bu gün bir də onunla əlamətdardır ki, N saylı hərbi hissə üçün yeni qərargah binası istifadəyə verilmişdir.
Ali Məclisin sədri hər iki əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Milli Ordumuzun yeni standartlar əsasında formalaşmasında və möhkəmlənməsində əməyi olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndələrinə və qardaş ölkənin rəhbərliyinə hörmət və ehtiramını bildirmişdir.
V.Talıbov demişdir ki, Ordu hər bir xalqın güvənc yeri, özünütəsdiq imkanıdır. Tarix dəfələrlə sübut etmişdir ki, peşəkar və güclü ordusu olmayan dövlət uzun müddət müstəqilliyini qoruyub saxlaya bilməz. Qədim çin filosofu Konfutsi yazırdı ki, "Dövlətin dövlət olması üçün onun güclü ordusu və xalqın inamını qazanan lideri olmalıdır. Xalqımız xoşbəxtdir ki, Azərbaycanın güclü ordusu və bu ordunun ümummilli lider Heydər Əliyev ideyalarına sadiq olan peşəkar şəxsi heyəti vardır. Azərbaycan Milli Ordusunun yaranması və bugünkü inkişafı ümummilli liderimizin dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ordunu müstəqilliyin qarantı hesab edən ulu öndər hələ ötən əsrin 70-ci illərindən ölkəmizdə milli hərbi kadrların yetişdirilməsi, gələcək dövlət müstəqilliyinin müdafiə təminatı kimi uzun müddətə hesablanmış siyasi addımlar atmış, Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmış, Azərbaycandan kənarda hərbi kadrların yetişməsinə, bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən Ali Hərbi məktəblərdə azərbaycanlıların sayının artmasına nail olmuşdur".
Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçiləndən cəmi 4 gün sonra - 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili haqqında mühüm qərar qəbul etmiş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaratmışdı. Naxçıvanda Milli Ordu quruculuğunu şərtləndirən mühüm amillərdən biri də keçmiş Sovetlər Birliyinə məxsus hərbi hissələrin öz sərəncamlarında olan silah-sursatı, döyüş texnikasını, digər hərbi və mülki əmlakı yüz faiz burada saxlamaqla 1992-ci il avqustun 18-də muxtar respublika ərazisini tamamilə tərk etmələri olmuşdur. Bundan sonra Azərbaycanda nizami ordunun yaradılmasına başlanmışdır. 1992-ci il sentyabrın 15-də Naxçıvan ərazisində ilk Milli Ordu qurumlarından biri olan bu, N saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı məhz bu hərbi hissəyə təhvil verilmişdir. Ulu öndərimizin qayğısı ilə 1995-ci il mayın 21-də motoatıcı briqada motoatıcı diviziyaya çevrilmiş, 1998-ci il dekabrın 8-də isə N saylı diviziyanın bazasında ordu korpusu yaradılmışdır.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan Ordusunun möhkəmlənməsinin bir səbəbi də ölkəmizin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına ən müasir hərbi texnika və silah-sursatla təchiz edən yeganə ölkədir. Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycanın hərbi potensialının gücləndirilməsi, beynəlxalq standartlara cavab verən müasir ordunun yaradılması və Milli Ordumuzun daha da qüdrətlənməsi üçün xeyli iş görülmüş, hərbi sənaye kompleksi yaradılmışdır. Müasir hərbi texnikalarla təchiz edilmiş Azərbaycan Ordusu hazırda yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir.
Ali Məclisin sədri demişdir ki, fəal strateji mövqedə olan Naxçıvanın hər bölgəsi eyni zamanda sərhəd bölgəsidir. Ona görə də muxtar respublikadakı hərbi hissələrin maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, yeni yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Ötən 16 ildə muxtar respublikada 170 hərbi obyekt tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, Silahlı Qüvvələrimizin Naxçıvandakı birləşmə və hissələrinin döyüş qabiliyyəti və peşəkarlığı artırılmışdır.
Ali Məclisin sədri zabitlərə müraciətlə demişdir ki, ordumuz, əsgərlərimiz düşmənlə üz-üzədir. Bu gün zabitlərin qarşısında mühüm vəzifələr dayanır. Ona görə də zabitlər daim ayıq-sayıq olmalı, hərbin bütün sirlərinə yiyələnməli, döyüş hazırlığını artırmalıdırlar. V.Talıbov bu çətin, eyni zamanda şərəfli yolda zabitlərə uğurlar arzulamışdır.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev çıxış edərək yeni qərargah binasının istifadəyə verilməsini ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi dəyərləndirmiş, şəxsi heyət adından minnətdarlığını bildirmişdir.
Sonra Ali Məclisin sədri zabitlərdən 1 nəfərə "Vətən uğrunda", 1 nəfərə "İgidliyə görə", 3 nəfərə isə "Hərbi xidmətdə fərqlənməyə görə" medallarını təqdim etmiş, xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmış, qərargah binasının açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, beşmərtəbəli binanın birinci mərtəbəsində Heydər Əliyev Muzeyi yaradılmış, ulu öndərin büstü qoyulmuşdur. Burada ümummilli liderimizin həyatından, dövlətçilik və siyasi fəaliyyətindən bəhs edən müxtəlif kitablar, ulu öndərimizin muxtar respublikamızdakı hərbi hissələrin açılışında iştirakını, çətin təbii şəraitdə zabit və əsgərlərlə görüşünü əks etdirən fotoşəkillər, ordu quruculuğu ilə bağlı qəbul edilən qərarlar, mühüm tarixi əhəmiyyət kəsb edən sənədlər nümayiş olunur.
Binanın ikinci mərtəbəsində təlim sinfi və ayrı-ayrı xidməti otaqlar yerləşir. Təlim siniflərində yüksək şərait yaradılmış, proyektor quraşdırılmışdır. Üçüncü mərtəbədə 224 yerlik tədbirlər zalı, 70 yerlik iclas salonu və xidməti otaqlar vardır. Dördüncü mərtəbədə isə arxiv otaqları, fotostudiya və montaj otaqları yerləşir. Tədbirlər zalında proyektor quraşdırılmış, müasir idarəetmə sistemləri yaradılmışdır.
Tədbir iştirakçıları burada Naxçıvanda ordu quruculuğuna həsr olunmuş sənədli filmə baxmışlar.
Binada ayrıca kompyuter otağı, kitabxana, mətbuat və nəşriyyat, məişət otağı, hamam, 48 yerlik zabit yeməkxanası vardır. Mətbuat və nəşriyyat otağında müxtəlif çap avadanlığı quraşdırılmış, lazımi iş şəraiti yaradılmışdır.
Binanın həyətində geniş abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmış, qazanxana binası tikilmiş, qərargah binasının qarşısındakı yol genişləndirilmiş asfalt örtük salınmışdır.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında