Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Xətai" Sənət Mərkəzi ilə birlikdə bu il oktyabrın 9-dan 2013-cü il aprelin 15-dək xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illik yubileylərinə həsr olunmuş "Bakı dünən, bu gün və sabah" mövzusunda rəssamların respublika sərgi-müsabiqəsini elan edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Bakı dünən, bu gün və sabah" respublika sərgi-müsabiqəsi Bakı şəhərinin tarixi keçmişini, bu günü və gələcək inkişaf perspektivlərini əks etdirən, yüksək sənət tələblərinə uyğun, ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən yeni incəsənət əsərlərinin yaradılması məqsədi ilə keçirilir.
Sərgi-müsabiqə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illik yubileyinə həsr olunur.
Sərgi-müsabiqə "Bakı şəhərinin tarixi-memarlıq abidələri və mənzərələri", "Bakı xanlığının tarixi", "Neft mədənləri keçmişdə, bu gün və sabah", "Bakı milyonçuları", "Böyük Vətən müharibəsi zamanı alman faşizmi üzərində qələbə qazanılmasında Bakı neftinin əhəmiyyəti", "Bakı şəhərinin bolşevik və daşnak işğalından azad olunması (1918-ci il 15 sentyabr)", "Bakı Azərbaycan Xalq Cümhuriyyəti dövründə", "Heydər Əliyev və Bakı memarlığı", "Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ucaldılan monumental heykəllər, tikilən yeni memarlıq abidələri", "Bakı müasir, inkişaf edən Azərbaycanın paytaxtı, paytaxtın memarlıq simasının və mədəni həyatının yenilənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu", "İlham Əliyev - gələcək Bakının qurucusu" və "Milli-mədəni irsimizin, milli adət və ənənələrimizin qorunması və təbliğində Heydər Əliyev Fondunun fəaliyyəti" mövzuları üzrə keçirilir.
Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini 2013-cü il martın 15-dən aprelin 15-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 123A, Tel: 493-86-33) təqdim edə bilərlər.
Təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, incəsənət əsərləri Bakı şəhərinin keçmişi, bu günü və gələcək perspektivlərini əks etdirməli, ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir.
Rəngkarlıq, qrafika əsərləri sərgi-müsabiqəyə təqdim olunarkən çərçivələnməli, heykəltəraşlıq əsərləri isə bərk materiala köçürülməlidir.
Müsabiqənin 1-ci, 2-ci, 3-cü mükafatlarına layiq görülən şəxslər vətəndaşlıq mövqeyi və vətənpərvərlik nümayiş etdirərək öz əsərlərini könüllü olaraq, əvəzsiz Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna hədiyyə etməlidirlər.
Sərgi-müsabiqəyə təqdim olunacaq əsərlərə mədəniyyət və turizm nazirinin əmri ilə yaradılan, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, "Xətai" Sənət Mərkəzinin mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən baxış keçiriləcəkdir.
Sərgi-müsabiqənin nəticələrinə görə, rəngkarlıq nominasiyası üzrə birinci mükafat 4000 manat, ikinci 3000 manat, üçüncü 2500 manat pul və diplomlar, həmçinin 5 həvəsləndirici mükafatın sahibinin hər birinə isə 500 manat pul nəzərdə tutulmuşdur.
Qrafika nominasiyası üzrə birinci mükafat 3000 manat, ikinci 2500 manat, üçüncü 1500 manat və diplomlar, 5 həvəsləndirici mükafatın hər biri üçün 500 manat pul müəyyən edilmişdir.
Heykəltəraşlıq nominasiyası üzrə birinci yeri tutana 5000 manat, ikinci nəticə göstərənə 4000 manat, üçüncü yerin sahibinə 3000 manat mükafat və qaliblərin hər birinə diplomlar veriləcəkdir. Bu nominasiya üzrə 5 həvəsləndirici mükafatı qazananların hər birinə isə 800 manat pul verilməsi nəzərdə tutulmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.