Cəsur hərbi hissənin 21 illiyi qeyd olundu

Dünən Azərbaycan Veteranlar Təşkilatı Bakı Şəhər Şurası və 701 saylı hərbi hissənin Veteranlar Şurası həmin briqadanın yaradılmasının 21 illiyini qeyd etdilər. Veteranlar əvvəlcə Fəxri Xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edib abidəsi önünə gül çələngi qoydular, işğal altındakı torpaqlarımızın azad olunması üçün əllərindən gələni edəcəklərinə and içdilər. Sonra Şəhidlər Xiyabanı ziyarət olundu.
Beynəlxalq Mətbuat Mərkəzində veteranların iştirakı ilə 1993-cü ildə Kəlbəcər rayonunun erməni təcavüzkarlarından müdafiəsinə həsr olunmuş film nümayiş etdirildi. Azərbaycanın hərb tarixini araşdıran film gənc nəslin vətənpərvəlik ruhunda tərbiyələndirilməsində əvəzsiz rol oynaya bilər.
701 saylı hərbi hissənin Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirdi ki, briqada Kəlbəcərin müdafiəsi uğrunda böyük əzab-əziyyətlərə qatlaşıb. Onun sözlərinə görə, Laçın və Kəlbəcərin müdafiəsi zamanı Milli Ordunun əsas qüvvələrindən ayrı düşərək təklənmiş 701 saylı briqada dağlıq ərazilərdə iki istiqamətdə ağır mövqe döyüşləri aparmalı olub, 2 ay müddətində müvəffəqiyyətlə müdafiə olunub. Ermənistanın işğalçı qüvvələri ilə qeyri-bərabər döyüşlərdə düşməni yorub taqətdən salan, onu ağır itkilərə uğradan briqada nəinki təcavüzkarları dayandırmağa nail olub, hətta manevr edərək düşmənin cinahlarına çıxa və onun hücum planlarını poza bilib.
Ermənistan rəhbərliyi yeni qüvvələr cəlb edərək Kəlbəcərə 3 istiqamətdən irimiqyaslı hücuma keçib. Amma 701 saylı briqada özündən 12 dəfə artıq qüvvəyə malik düşmənin qarşısında dayanış gətirə bilib, manevr imkanlarını, döyüş qabiliyyətini qoruyub saxlamağı bacarıb. Nəticədə, Laçın və Kəlbəcərin dinc sakinlərinə təxliyyə olunmaları üçün şərait yaradılıb, mülki əhali arasında böyük itkilərin qarşısı alınıb. Bu döyüşlərdə briqadanın 270-dən çox zabit və əsgəri şəhid olub, 200-dən çox hərbi qulluqçusu yaralanıb.
Ə.Qənizadə qeyd etdi ki, ağır döyüşlərdə bişib-bərkimiş briqada düşmənin mühasirəsini yararaq çıxıb və qüvvələrini yenidən səfərbər edərək əks hücumla Ömər aşırımını ələ keçirib. Bununla da düşmən əlverişli mövqelərdən geri çəkilməyə məcbur edilib.
Veteranlar öz çıxışlarında bildirdilər ki, 21 yaşı tamam olan 701 saylı briqada kimi cəsur və dəyanətli hərbi hissələrimiz gənclərimizə tanıdılmalı, onların qəhrəmanlıq nümunələri haqqında filmlər çəkilərək Azərbaycan ictimaiyyətinə çatdırılmalıdır. Bu, gənclər üçün ən yaxşı vətənpərvərlik nümunəsi ola bilər. 701 saylı hərbi hissənin Veteranlar Şurası məhz belə bir sənədli-xronoloji film çəkməyi qarşısına məqsəd qoyub. Sabiq döyüşçülər, eyni zamanda, torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün Ali Baş Komandan İlham Əliyevin əmrlərini yerinə yetirməyə hər zaman hazır olduqlarını da bəyan etdilər.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında