Şriftin ölçüsü:
10.10.2012 11:05 | Oxunma sayı: 648
Müəssisənin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov "Naxçıvan" yarımstansiyasının yenidən qurulmasını muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni yarımstansiyanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin "Müasir dövrdə heç bir cəmiyyət, heç bir dövlət elektrik enerjisiz yaşaya bilməz. Elektrik enerjisi, demək olar ki, həyatın bütün sahələrinə daxil olubdur" fikrini xatırladaraq demişdir: "Bu gün ölkəmizdə əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması, dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkə rəhbərinin diqqət və qayğısı ilə yeni elektrik stansiyaları tikilir, müasir yarımstansiyalar yaradılır, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə edilir. Muxtar respublikada da bu sahənin inkişafı diqqət mərkəzində saxlanılır, bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunur".
Ali Məclisin sədri demişdir ki, muxtar respublikanın energetika sahəsində ixtisaslı kadrların hazırlanmasına da xüsusi diqqət yetirilir, bu sahədə həm nəzəri, həm də praktiki biliklərə malik olan mütəxəssislər hazırlanır. Hazırda muxtar respublikada istismar olunan elektrik stansiyaları yerli mütəxəssislər tərəfindən idarə olunur. Bu gün istifadəyə verilən "Naxçıvan" yarımstansiyası da muxtar respublika energetikləri tərəfindən qurulmuşdur.
Ali Məclisin sədri səmərəli fəaliyyətlərinə görə energetiklərə təşəkkür etmiş və demişdir ki, 1959-cu ildən istismar olunan "Naxçıvan" yarımstansiyası artıq günün tələblərinə cavab vermirdi. Ona görə də bu yarımstansiyanın müasir tələblər səviyyəsində yenidən qurulması zərurətə çevrilmişdi. Bu gün istifadəyə verilən "Naxçıvan" yarımstansiyasında qabaqcıl ölkələrin istehsalı olan müasir elektrik avadanlıqları quraşdırılmışdır. Muxtar respublikanın energetika sisteminin operativ dispetçer idarəetmə mərkəzi funksiyasını yerinə yetirməklə, yarımstansiya Naxçıvan şəhərinin elektrik enerjisinə olan tələbatının 40 faizini də ödəyəcəkdir.
Sonra Ali Məclisin sədri yarımstansiyanın qurulmasında fərqlənənləri hədiyyələrlə mükafatlandırmış, açılışı bildirən rəmzi lenti kəsmişdir.
Məlumat verilmişdir ki, hazırda Naxçıvan şəhərində 110/35/10 kilovoltluq 3 müasir elektrik yarımstansiyası fəaliyyət göstərir. Bunlardan biri də "Naxçıvan" yarımstansiyasıdır. Bu yarımstansiyalar Naxçıvan şəhərini dayanıqlı və etibarlı elektrik enerjisi ilə uzun müddət təmin etmək imkanına malikdirlər.
Yerli mütəxəssislər tərəfindən yarımstansiyada hər birinin gücü 25 meqavoltamper olan 2 transformator, 35 və 10 kilovoltluq qapalı paylayıcı quruluşlarda eleqaz açarlı müasir hücrələr, 7 ədəd 110 kilovoltluq eleqaz açarı, 15 ədəd 110 kilovoltluq ayırıcı, 21 gərginlik və cərəyan transformatoru, eləcə də 6 boşaldıcı quraşdırılmışdır. Yarımstansiyanın ümumi gücü 50 meqavoltnamperdir. Bununla yanaşı, yarımstansiyadan çıxan xətlərin 110 kilovoltluq şəbəkəyə qoşulması üçün 3 kilometr uzunluğunda hava elektrik verilişi xətti və 3 kilometr uzunluğunda mis kabel xətti çəkilmiş, ildırımötürücü quraşdırılmışdır.
Ali Məclisin sədri yarımstansiyanın müasir tələblərə cavab verən binası və idarəetmə mərkəzi ilə tanış olmuşdur. Mərkəzdə rele mühafizəsi və avtomat elektrik avadanlığı, dispetçer idarəetmə sistemi bölmələri və iş otaqları yerləşir. Qeyd olunmuşdur ki, dairəvi sistemə daxil olan bu müasir qurğular şəbəkənin etibarlılığı və dayanıqlılığının artmasında mühüm əhəmiyyətə malikdir. Muxtar respublikanın elektrik şəbəkələrinin hər hansı birində enerji balansı pozularsa, bu yarımstansiya digər güc mərkəzlərinin balanslaşdırılmasını və dayanıqlı enerji təminatını həyata keçirən qovşaq funksiyasını yerinə yetirəcəkdir. Yarımstansiyada açıq və qapalı paylayıcıların müşahidə olunması üçün videokamera-nəzarət sistemləri quraşdırılmışdır.
Ali Məclisin sədri görülən işləri yüksək qiymətləndirmiş, ixtisaslı mütəxəssislərin hazırlanması, kadr təminatına bundan sonra da xüsusi diqqət yetirilməsi, qurulanların qorunması və onlardan səmərəli istifadə olunması barədə tapşırıqlar vermişdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.