"Kapital bazarlarının formalaşdırılması: trendlər, çağırışlar, imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Dünya Bankı və Paşa Bankın dəstəyi ilə "Jumeriah Bilgah Beach" hotelində "Kapital bazarlarının formalaşdırılması: trendlər, çağırışlar, imkanlar" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda 21 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdir. 
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin 15 illik yubileyinə həsr edilmiş konfransda QKDK sədri Rüfət Aslanlı ölkəmizdə qiymətli kağızlar bazarının inkişafı, kapital bazarlarının tənzimlənməsində yeni baxışlar, dövlətin bu proseslərdə iştirakı və sahənin qarşısında duran fundamental məsələlər, kapital bazarlarının inkişafında əldə edilən müsbət irəliləyişdən söz açaraq demişdir ki, 20 il öncə öz dövlət müstəqilliyini əldə etmiş Azərbaycan bu müddətdə iqtisadiyyatda sürətli inkişaf yolu keçmişdir. Təkcə son illərdə ölkənin ümumi daxili məhsulu 9 dəfə artmış, iqtisadiyyatda isə 15 dəfədən çox artım olmuşdur. İstehsal sahəsində müsbət dinamika yaranmışdır. Ölkənin bank sektorunda çox dərin islahatlar həyata keçirilmiş, maliyyə sektoru inkişaf etmişdir. Son 15 il ərzində kapital bazarlarında müsbət nəticələr əldə edilmişdir.
Ötən il ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı təsdiq edilmiş və Azərbaycan kapital bazarları yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün Azərbaycan iqtisadiyyatının kapital bazarlarında əhəmiyyətli kəmiyyət və keyfiyyət dəyişikliklərinin təmin olunmasına ünvanlanmış strategiya nümayiş etdirilir.
QKDK sədri ötən 15 il ərzində Milli Depozit Mərkəzinin (MDM) keçdiyi mühüm inkişaf yolu münasibətilə kollektivi təbrik edərək demişdir ki, bu gün MDM risklərin effektiv tənzimlənməsi, əməliyyat proseslərinin sadələşdirilməsi və müştəri münasibətlərinin səmərəli idarə olunmasında öndə gedən kapital bazarı institutlarındandır. Bütün bunlar MDM-də yaxşı idarəetmə təcrübəsi, qabaqcıl korporotiv standartların tətbiqi, peşəkar heyətin formalaşdırılması və kadr potensialının gücləndirilməsi ilə dəstəklənmişdir.
Konfransda Dünya Bankının Azərbaycan üzrə İcraçı Ölkə meneceri Rufiz Çıraqzadə, Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Fariz Əzizovun ölkədə kapital bazarının formalaşması, böhrandan sonrakı dövrdə depozitlər-birja qruplarının inkişaf tendensiyaları və MDM bu gün: sabahın seçimləri ilə bağlı çıxışları dinlənilmişdir.
Konfrans çərçivəsində Azərbaycan, Yunanıstan və Polşa dövlətlərinin Mərkəzi depozitar təşkilatlarının iştirakı ilə Anlaşma Memorandumlarının imzalanması mərasimi olmuşdur. Həmin sənədləri Azərbaycan tərəfindən Milli Depozit Mərkəzi İdarə Heyətinin sədri Fariz Əzizov, Helenic Exsnanges S. A. Yunanıstan Mərkəzi Depozitarı adından Nikos Porfiris və KDPW Polşa Mərkəzi Depozitarı adından İdarə Heyətinin vitse-prezidenti Slavomir Panasyuk imzalamışlar.
"Kapital bazarının formalaşdırılması: aparıcı qüvvə kim olmalıdır?", "Təkrar bazarın şəbəkə və alyans nümunələri", "Kommersiya banklarının rolu nədən ibarət olmalıdır: Universal bank modeli Glass-Steagall sisteminə qarşı" mövzularında müzakirə panelləri aparıcı ölkələrin qiymətli kağızlar bazarının nüfuzlu mütəxəssisləri tərəfindən idarə edilmişdir. İştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilmişdir.
Konfransda müzakirə olunan məsələlərin və Memorandumların nəticəsi olaraq tərəflər arasında yeni xidmət sahələrinin tədqiqi, yeni sistemlər və əməliyyatlar üzrə iş birliyinin yaradılması, qarşılıqlı təlim və işçilərin təcrübə mübadiləsi və digər məsələlər ilə əlaqədar qarşılıqlı əməkdaşlıq münasibətləri inkişaf etdiriləcəkdir.

{nl}

Afət SADIQOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında