Qobustan yeni görkəm aldı

Son illər respublikamızın hər yerində geniş vüsət alan tikinti-quruculuq və abadlıq işləri ölkə ictimaiyyəti tərəfindən böyük məmunluqla qəbul edilir. Ancaq bizim daha böyük məmunluğumuz odur ki, həmin proses Qobustan rayonunda da özünəməxsus sürətlə davam etdirilir. Cəmi son bir ildə rayonumuzda həyata keçirilən tikinti-quruculuq işlərini saymaqla qurtarmaq olmur. 
Qobustanın dağlıq rayon olduğunu nəzərə alsaq, bizdə həyata keçirilməli ilk abadlıq işlərinin məhz kəndlərarası yolların bərpa edilməsi olduğunu deməliyik. Elə rayon rəhbərliyi də bu məsələni daha çox diqqət mərkəzində saxlayır. Belə ki, son bir ildə Hilmilli kəndinə gedən 23 kilometrlik yol müasir tələblərə cavab verən səviyyədə yenidən qurulub. Təklə kəndinə çəkilən 6 kilometrlik yolun təməl işləri başa çatdırılıb və orada artıq asfalt örtüyünün çəkilməsinə başlanılıb. Bununla yanaşı, şəhərdaxili yolların asfalt örtüyünün dəyişdirilməsi də sakinlərin və qonaqlarımızın məmnunluğuna səbəb olub.
Son bir ildə rayon mərkəzində Statistika İdarəsi üçün müasir inzibati bina inşa edilib. İdman Kompleksində aparılan tikinti işləri başa çatmaq üzrədir. Təklə kəndində "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti üçün idarə binasının, anbarların, texnika vasitələrinin saxlanılması məqsədilə xüsusi parkların tikintisi tamamlanmaq üzrədir. Rayon Gənclər Mərkəzinin tikintisi də uğurla davam etdirilir. Həmçinin əhaliyə müasir poçt və telekommunikasiya xidməti göstərmək məqsədilə bu idarələr üçün yeni inzibati binaların tikintisinə başlanılıb.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi Qobustan rayonunda da uğurla reallaşdırılır. Bu layihə çərçivəsində rayonda yeni məktəblərin tikintisi və mövcud məktəblərin təmir-bərpa işləri davam etdirilir. Göydərə və Cəmcəmli kəndlərində yeni məktəblərin tikintisi başa çatmaq üzrədir. Cəyirli kəndində isə məktəb binası yüksək səviyyədə təmir olunub. Sündü kəndində müasir tələblərə cavab verən uşaq bağçası inşa olunmuşdur.
Təbii ki, rayona gələn istənilən qonağın üz tutduğu əsas ünvan rayon icra hakimiyyətinin binası olur. Ona görə də həmin binanın qarşısında Azərbaycanın inkişaf səviyyəsinə uyğun park salınıb. İndi həmin parkda Bayraq meydanı tikilir.
Qeyd etmək vacibdir ki, bütün bunların reallaşdırılması rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun səyi və prinsipiallığı nəticəsində mümkün olmuşdur. Rayon rəhbəri yeni tikilən bina və qurğuların, eləcə də təmir və ya bərpa edilən tikintilərin həm möhkəm, həm də estetik baxımdan göz oxşayan olması üçün bütün qurumların rəhbərlərinə konkret tapşırıqlar verir. Sonra isə həmin tapşırıqların yerinə yetirilməsinə şəxsən özü nəzarət edir.
Azərbaycan Prezidenti ölkədə ekoloji tarazlığın qorunması üçün dövri olaraq öz tövsiyə və tapşırıqlarını verir. Həmin tapşırıqlardan biri də meşələrin mühafizəsidir. Meşə sahələrinə ən böyük zərbə isə kənd əhalisinin odun yanacağına olan tələbatının ödənilməsi zamanı vurulur. Bunu əsas götürən rayon rəhbərliyi Qobustanın kəndlərinə təbii qaz çəkilməsini daim gündəlikdə saxlayır. Hilmilli kəndinə artıq qaz çəkilib. İndi Hilmillidə qaz yanacağından istifadə etməyən ailə yoxdur. Bu proses Qobustan şəhərinin "Yeni massiv'' deyilən ərazisində də aparılır.
Qobustanda tikinti-quruculuq işləri ilə yanaşı, abadlıq-yaşıllaşdırma işləri də sürətlə aparılır. Bu məqsədlə Heydər Əliyev adına parkda yenidənqurma işləri aparılır. Yeri gəlmişkən, son bir ildə şəhər ərazisində 10 min ağac və 5 mindən çox gül kolları əkilib. Üstəlik, payız mövsümünün başlanması ilə əlaqədar həmin proses davam etdirilir.
Aqillər deyiblər ki, istənilən cəmiyyətə qiymət vermək üçün o cəmiyyətin qadınlarının həyat şəraitinə nəzər salmaq kifayətdir. Çünki həyatın bütün ağırlıqları, çətinlikləri məhz qadınların üzərinə düşür. Qobustan qadınları da uzun illər idi ki, adi məişət problemi olan su azlığı ilə üzləşməli olurdular. Hətta bəzən bu su problemi biz qadınların gündəlik söhbətinin mövzusu olurdu. Nəhayət, bu il iyun ayının 19-da şəhərimizə çəkilən yeni içməli su kəməri istifadəyə verildi. Cəmi iki il müddətinə həm şəhərin, həm də Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərinin su təchizatı tamamilə öz həllini tapacaq.
Biz rayon qadınlarının fəalları ilə görüşərkən sakinlərdən çoxsaylı təklif və təşəbbüslər eşidirik. Həmin təkliflərdən biri də odur ki, uzun illərdən bəri problemlər içərisində yaşamış Qobustan rayonunun bugünkü inkişafına görə ilk növbədə dövlət başçımız cənab İlham Əliyevə və ölkənin bütün qadınlarının sevimlisi olan Mehriban xanım Əliyevaya təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Mən qəzet vasitəsilə bu minnətdarlığı səsləndirməkdən məmnunam. Dövlət başçımızın qarşıya qoyduğu vəzifələrin rayonda həyata keçirilməsini yüksək səviyyədə təmin edən icra hakimiyyətinin başçısı Adil Məmmədova isə rayon sakinləri adından təşəkkürlərimizi dilə gətirmək üçün elə Qobustanda da tez-tez imkan olur. Belə ki, Adil müəllim rayon sakinləri ilə təkcə icra aparatında deyil, həm də kəndlərdə görüşür. Hamı ona öz sözünü, təklifini və təşəkkürünü çox asan şəkildə çatdıra bilir.
Biz - Qobustan qadınları bundan sonra da rayonumuzun və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək dövlət başçımızın siyasətini daim dəstəkləyəcəyik.

{nl}

Zümrüd ŞƏRİFOVA, Qobustan Rayon Qadınlar Şurasının sədri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında