Azərbaycan çoxmillətli, dözümlülüyün və multikulturalizmin mövcud olduğu bir ölkədir

Xəbər verdiyimiz kimi, Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Albaniyada keçirilən payız sessiyasında iştirak edir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildirlər.
AzərTAc xəbər verir ki, sessiyada "ATƏT: sabitliyin və təhlükəsizliyin əsası sayılan idarəetmə və inteqrasiyanın təşviqi" mövzusu ətrafında müzakirələr aparılmışdır.
Tədbirin açılış mərasimində ATƏT PA-nın sədri Rikkardo Milyori çıxış etmişdir. O, dini dözümlülük ənənələrinə malik olan Albaniya dövlətinin son illər ərzində qanunun aliliyi və insan haqlarının təmin edilməsi sahəsində atdığı addımlardan danışmışdır.
Albaniya parlamentinin sədri Jozefina Topalli ATƏT-ə üzv olduqları 21 il ərzində ATƏT PA-nın tədbirinin ilk dəfə ölkəsində keçirilməsindən məmnun qaldığını bildirmişdir.
Sonra ATƏT-in baş katibi Lamberto Zanyer qurum tərəfindən görülən işlər barədə məlumat vermişdir.
Albaniyanın Baş naziri Sali Berişa ölkəsinin iqtisadiyyatı və bugünkü vəziyyəti barədə danışmışdır.
"ATƏT regionunda milli və mədəni müxtəliflik cəmiyyətlərin təşviqi və müdafiəsi" mövzusundakı birinci sessiyada Tirana Universitetinin kommunikasiya təhqiqatları üzrə professoru, jurnalistika və kommunikasiyalar departamentinin rəhbəri Artan Fuqa, Türkiyənin Baş nazirinin baş müşaviri professor Bəkir Karliqa, ATƏT-in Bosniya və Herseqovinadakı missiyasının rəhbəri Fletçer Barton, ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı diskriminasiya və dözümsüzlüklə mübarizə məsələləri üzrə şəxsi nümayəndəsi, Qazaxıstan Senatının üzvü Adil Əhmədov, ATƏT-in fəaliyyətdə olan sədrinin antisemitizmlə mübarizə məsələləri üzrə şəxsi nümayəndəsi Ravin Endrü Beyker məruzələrlə çıxış etmişlər.
Ümumi müzakirələrdə Litva, Kipr, Ermənistan, Qırğızıstan, Türkiyə, Yunanıstan, İrlandiya, Monteneqro və Serbiyadan olan nümayəndələrin çıxışları dinlənilmişdir.
Ermənistan parlamentinin deputatı Artaşes Qeqamyanın qeyri-konstruktiv və mövzuya aid olmayan, Türkiyə və Azərbaycana qarşı yönəlmiş çıxışı Azərbaycan nümayəndə heyətinin kəskin etirazına səbəb olmuşdur.
Azərbaycan nümayəndə heyətinin rəhbəri B. Muradova çıxış edərək erməni deputatın səsləndirdiyi fikirlərin əsassız olduğunu bildirmiş, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması məsələsinə aydınlıq gətirmişdir. B.Muradova demişdir ki, R.Səfərovla birlikdə Budapeştdə, NATO kurslarında iştirak edən erməni zabiti özü dəfələrlə münaqişəli vəziyyətlər yaratmışdır. Markaryan Azərbaycan xalqını və bayrağını dəfələrlə təhqir etməklə özü, faktiki olaraq Ramil Səfərovu bu cinayəti törətməyə təhrik etmişdir. Budapeştdə məhkəmə prosesinin yekunlarına görə, R.Səfərov ömürlük həbs cəzasına məhkum edilmişdir. Azərbaycan tərəfi cinayət faktını inkar etmir, lakin məhkəmənin hökmünün də həddən artıq sərt olduğunu bildirir. Ona görə ki, məhkəmədə R.Səfərovun məcburi köçkün ailəsindən olduğu, doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun ermənilər tərəfindən işğalı zamanı onun ailə üzvlərinin bir çoxunun qətlə yetirildiyi nəzərə alınmamışdır. Eyni zamanda, erməni zabitinin təhrikedici hərəkətləri faktı da diqqətdən kənarda qalmışdır. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərindən sonra Ramil Səfərov şəxslərin verilməsi haqqında 1983-cü il Konvensiyasının müddəalarına uyğun olaraq Azərbaycana verilmişdir. Elə həmin Konvensiyanın 12-ci bəndi üzrə Azərbaycan Prezidenti tərəfindən əfv edilmişdir. Avropa Parlamentinin 13 sentyabr tarixli qətnaməsində o da vurğulanır ki, Azərbaycan Prezidentinin qərarı həmin Konvensiyanın əsaslarına əsla zidd deyildir. Ona görə də hesab edirik ki, bu məsələni qaldırmaq üçün erməni həmkarlarımızın heç bir hüquqi əsası, mənəvi haqqı yoxdur.
B.Muradova erməni terror təşkilatlarının bəzi cinayətlərini toplantı iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, altı türk diplomatının və onların ailə üzvlərinin qətlinin təşkilinə görə ABŞ-da ömürlük həbs cəzasına məhkum edilmiş erməni terrorçusu Qurgen Yenikyan 1984-cü ildə azadlığa buraxılaraq Ermənistana verilmişdir. Parisdə Türkiyə səfirliyinin ələ keçirilməsinə görə ömürlük həbs cəzasına məhkum olunmuş ASALA erməni terror təşkilatının lideri Monte Melkonyan 1989-cu ildə Fransa tərəfindən Ermənistana verilmişdir. Xatırladaq ki, həmin aksiyanın qurbanları iki türk diplomatı olmuşdur. Melkonyan Ermənistana qayıdandan sonra bu ölkənin prezidenti tərəfindən əfv edilmiş və mükafatlandırılmışdır. Terror əməllərini bu dəfə Azərbaycan ərazilərində davam etdirən cinayətkara abidə də ucaldılmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri demişdir ki, qatı terrorçuların Ermənistana verilərək sonradan əfv edilməsi barədə çoxlu faktlar var, lakin heç bir halda nə onların cinayət əməllərinin, nə də əfv edilmə faktlarının pisləndiyini eşitməmişik.
"İnanmaq istəyirik ki, biz bundan sonra da ayrı-ayrı məişət hadisələri ilə deyil, ATƏT-in prinsiplərinə uyğun olaraq münaqişənin özünün həllinə gətirib çıxaracaq fəaliyyətlə məşğul olacağıq", - deyə B.Muradova bildirmişdir.
Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova demişdir ki, biz hamımız dözümlülük, sülh və təhlükəsizlik məkanı yaratmağa çalışırıq və əminik ki, buna nail olacağıq. Burada iştirak edənlər, bəziləri vaxtilə öz aralarında müharibə aparmış 56 ölkənin nümayəndələridir. Münaqişələr vardır. Lakin biz əminik ki, bu münaqişələr tezliklə həll ediləcəkdir. Azərbaycan çoxmillətli bir ölkədir. 2014-cü ildə siz özünüz gəlib, dözümlülüyün və multikulturalizmin mövcud olduğu bir ölkə görəcəksiniz.
Bakının mərkəzində, ən gözəl yerdə bərpa edilmiş erməni kilsəsinin olduğunu diqqətə çatdıran R.Aslanova demişdir ki, erməni kilsəsinin başçısı da Azərbaycanda olub, həmin kilsəni və orada hifz olunan kitabları, ilkin mənbələri görəndə təəccüblənmişdi. Bu nədən xəbər verir? Bu o deməkdir ki, Azərbaycan həmin tarixi ənənələri qiymətləndirir və çox qayğıkeş münasibət göstərir. Amma Azərbaycanın işğal olunmuş ərazilərindəki çoxlu sayda məscid, tarixi mədəniyyət abidələri erməni terrorçuları tərəfindən dağıdılmış, talan edilmişdir.
Avropanın multikulturalizm sahəsində yaşadığı problemlərə toxunan R.Aslanova demişdir ki, bu problemin həlli, ATƏT məkanında sülhün və dözümlülüyün bərqərar olması üçün nə etməli olduğumuzu müəyyənləşdirməliyik.
Avropada hicabla bağlı yaranmış problemdən danışarkən R.Aslanova demişdir: "Avropada olarkən tez-tez belə bir məqamla rastlaşırıq ki, hicablı qadın nadanlıq, terrorizm rəmzi və s. sayılır. Mən Vatikan muzeyində örpəkli Məryəm ananın gözəl heykəlini gördüm. Bəs nəyə görə biz başında örpək olan Müqəddəs Məryəmə baxanda ona böyük hörmətlə yanaşırıq, hicab gəzdirən müsəlman qadın isə avropalının gözündə tamamilə başqa məna kəsb edir. Mən istəyirəm ki, həmin ümumbəşəri dəyərlər zəfər çalsın və biz öz tariximizə böyük hörmətlə yanaşaq".
ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossrukun sədrliyi ilə "Maliyyə böhranı ilə mübarizə: sərt iqtisadi siyasət inkişafın stimullaşdırılmasına qarşı" mövzusunda keçirilən ikinci sessiyada Albaniyanın iqtisadi araşdırmalar mərkəzinin icraçı direktoru Zef Preçi, Maliyyə stabilliyi üzrə Avropa fakültəsinin baş icraçı direktorunun böyük məsləhətçisi Andres Sut və Avropa İnvestisiya Bankının sabiq sədr müavini Mattias Kolatinin məruzələri dinlənilmişdir.
Mövzu ətrafında müzakirələrdə Latviya, Yunanıstan, Litva, Qazaxıstan, Polşa, Finlandiya, Fransa, Portuqaliya, Tacikistan, Kipr, Fransa və Türkiyədən olan nümayəndələr çıxış etmişlər.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında