Naxçıvanda türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin ilk görüşü

Naxçıvanda türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşü keçirilmişdir. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız respublikalarının gömrük xidməti nümayəndələri iştirak etmişlər. Gömrük xidməti rəhbərlərinin görüşünə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli şəxsləri də qatılmışlar.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Sonra qonaqlar Heydər Əliyev Muzeyində ulu öndərin mənalı ömür yolunu və zəngin siyasi irsini əks etdirən eksponatlara baxmışlar.
"Duzdağ otel"in böyük zalında keçirilən görüşdə tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev görüşün Naxçıvanda keçirilməsinin təsadüfi olmadığını demişdir. Komitə sədri tarixə nəzər salaraq vurğulamışdır ki, qədim İpək Yolu üzərində yerləşən Naxçıvan tarixən dünyanın ən mühüm sənətkarlıq və ticarət mərkəzi kimi tanınmışdır. Azərbaycan xalqı Şərqin qapısı sayılan Naxçıvan torpağında qədim və zəngin mədəni irs yaratmışdır.
Ölkəmizin coğrafi cəhətdən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşdiyini və qədim zamanlardan dünya ticarət əlaqələrində böyük rol oynadığını önə çəkən A.Əliyev Azərbaycanın Böyük İpək Yolunun bərpasının təşəbbüskarlarından biri olduğunu demişdir.
Komitə sədri gömrük xidmətləri arasında görüşlərin bundan sonra mütəmadi xarakter alacağına və qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov belə vacib görüşün Naxçıvanda keçirilməsindən və türkdilli dövlətlərin gömrük xidməti nümayəndələrinin ilk dəfə Naxçıvanda bir araya gəlməsindən məmnunluğunu ifadə etmişdir.
Tədbirdə vurğulanmışdır ki, qədim tarixi və mütərəqqi ənənələri ilə seçilən Naxçıvan gömrük xidmətinin yenidən təşkilatlanma prosesi ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdən başlamışdır. Gömrük işi sahəsində aparılan ardıcıl və məqsədyönlü islahatlar nəticəsində bu gün Azərbaycanda nümunəvi gömrük sistemi qurulmuşdur.
Qazaxıstan Respublikası Maliyyə Nazirliyi yanında Gömrük Nəzarəti Komitəsinin sədr müavini İqor Ten, Qırğız Respublikası Dövlət Gömrük Xidməti sədrinin birinci müavini Zamirbek Malabekov, Türkiyə Respublikası gömrük və ticarət nazirinin müavini Ziya Altunyaldız, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov çıxış edərək tarix, dil və mədəniyyət yaxınlığına, dostluq, bərabərlik və qarşılıqlı faydaya əsaslanan, bütün sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrin və əməkdaşlığın əhəmiyyətindən danışmışlar. Qeyd olunmuşdur ki, 2009-cu il oktyabrın 2-3-də Naxçıvanda keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısı çərçivəsində imzalanmış "Naxçıvan bəyannaməsi"nə və "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinə əsasən ticarət, investisiyalar, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində səylər artırılmışdır.
Görüşdə ölkələr bir-birlərinin gömrük işi sahəsində təcrübə və yenilikləri ilə yaxından tanış olmuş, ticarət və sərhəddən keçmə prosedurlarının sadələşdirilməsi ilə bağlı layihələrinin təqdimatı keçirilmişdir. Qazaxıstan gömrük xidməti tranzit potensialın inkişaf etdirilməsini nəzərdə tutan "Silk Wind" layihəsini, Azərbaycan "bir pəncərə" prinsipinin tətbiqi, Qırğız Respublikası gömrük xidməti "İnformasiya texnologiyaları", Türkiyə isə "İpək Yolu" təşəbbüsü - "Karvansaray" layihəsini təqdim etmişdir. Təqdim olunmuş layihələr üzrə türkdilli dövlətlərin töhfə və dəstəyinə dair fikir mübadiləsi aparılmışdır.
Görüş çərçivəsində İpək Yolu ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi işində gömrük orqanlarının rolu mövzusunda V forum keçirilmişdir. Bu istiqamətdə gələcək fəaliyyət planı müəyyənləşdirilmişdir.
Azərbaycan gömrük xidməti gömrük hüquqpozmalarına qarşı fəaliyyət sahəsində əməkdaşlıq təşəbbüsü ilə çıxış etmiş, bu məqsədlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə layihə təqdim olunmuşdur. Qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozmalara qarşı birgə mübarizə, təlim və texniki yardım sahəsində əməkdaşlıq, gömrük laboratoriyaları, həmçinin gömrük tarifi, malın mənşə ölkəsi və sair kimi texniki gömrük məsələləri üzrə tədris proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur. Gömrük xidmətləri arasında əlaqələrin inkişafı və şaxələndirilməsi üçün Gömrük Ekspert Qrupu yaradılmış, gömrük xidməti rəhbərlərinin növbəti görüşünün gələn il Türkiyənin İstanbul şəhərində keçiriləcəyi qərara alınmışdır.
Görüşün sonunda türkdilli dövlətlərin gömrük xidməti rəhbərləri tərəfindən "Naxçıvan bəyannaməsi" qəbul olunmuşdur.
Tərəflər ticarətin və sərhəd keçidinin sadələşdirilməsi, buraxılış məntəqələrinin infrastrukturunun təkmilləşdirilməsi, potensialının gücləndirilməsi, mal və nəqliyyat vasitələrinin, sərnişinlərin sərhəddən keçidinin sürətləndirilməsi, məlumat və qabaqcıl təcrübə mübadiləsi ilə narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə sahələrində əməkdaşlığa dair razılıq əldə etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında