İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Lənkəran rayonunda olmuşlar

Oktyabrın 6-da İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından 54 nəfəri Lənkəran rayonuna gəlmişdir. AzərTAc xəbər verir ki, Lənkəran Hava Limanında qonaqları rayonun rəhbər işçiləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri qarşılamışlar.
Qonaqlar arasında ABŞ, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Pakistan, Çin, Türkiyə, İspaniya, İran, Ukrayna, Belarus, Avstriya, Moldova, Tacikistan, İndoneziya, Monqolustan, Macarıstan və Misirin, o cümlədən UNESCO-nu təmsil edən tanınmış ictimai-siyasi xadimlər, elm adamları və bir nəfər Nobel mükafatı laureatı vardır.
Rayonla tanışlıq xarakteri daşıyan səfər zamanı Beynəlxalq Forumun iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində, Həzi Aslanov Parkında, Göyşaban Turizm və İstirahət Mərkəzində, Xanbulan İstirahət Mərkəzində, Hirkan Milli Parkında olmuşlar.
AzərTAc-ın müxbiri Beynəlxalq Forumun iştirakçısı, Nobel mükafatı laureatı Edvard Presokt və Belarus Milli Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Aleksey Yevgenoviç Dainekadan müsahibə almışdır.
Nobel mükafatı laureatı Edvard Presokt demişdir: "Azərbaycan çox möhtəşəm bir ölkədir. Mən uzun müddət iqtisadi artım sahəsində işləmişəm. Azərbaycanın inkişafı çox sürətlə gedir və inanıram ki, bu sürət davam edəcəkdir.
İkinci dəfədir ki, Azərbaycandayam. Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü qeyd olunanda ölkənizdə olmuşam".
Amerikalı qonaq müxbirimizin " İqtisadiyyat sahəsində Nobel mükafatına sahib olmuş iqtisadçı kimi dünyanı bürüyən iqtisadi böhranın səbəblərini nədə görürsünüz və bu böhranı necə aradan qaldırmaq olar" sualını belə cavablandırmışdır: "Hər bir ölkə bu sahədə düzgün siyasət aparmalıdır. Bunun üçün ölkədə sabitlik lazımdır, bütün sahələrə investisiyalar cəlb olunmalıdır. Cənub-Şərqi Asiya, Meksika və Latın Amerikası ölkələri buna misal ola bilər. Ümid edirəm ki, dünyadakı hazırkı iqtisadi böhran ötən əsrin 30-cu illərində baş vermiş və Yaponiyada 1992-2002-ci illərdə 10 il davam edən böhran kimi olmayacaqdır. Avropa ölkələri bu böhrandan çıxmaq üçün ciddi fəaliyyət göstərirlər.
Mən ABŞ-da 25 ildən artıq bir dövrdə iqtisadi böhranları araşdırmışam. İqtisadi böhranın səbəblərindən biri istehlakla əhalinin gəlirləri arasında tarazlığın pozulmasıdır. Bunun baş verməməsi üçün istehsal və istehlak arasında olan status-kvonu qoruyub saxlamaq lazımdır.
Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumunda iqtisadi böhranla bağlı Cənubi Avropada yaranmış vəziyyəti müzakirə etdik. Şimali Avropada, xüsusən Pribaltika ölkələrində iqtisadi inkişaf sürətlə davam edir".
Beynəlxalq Forumun belaruslu nümayəndəsi Aleksey Yevgeniviç Daineka demişdir: "İlk dəfədir ki, Azərbaycanda oluram. Lənkəran çox gözəl şəhərdir, Avropasayağıdır. Sizdə dəniz, gözəl hava vardır. Bunlar Minskdə yoxdur. Ən başlıcası odur ki, insanlarınız, xalqınız çox gözəldir.
İkinci Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, bütün iqtisadi modellərdə humanitar aspektlər nəzərə alınmalıdır.
İqtisadiyyat təkcə biznesin inkişafına deyil, insan amilinə, insan kapitalına yönəldilməlidir. Azərbaycanlılar bunu yaxşı başa düşürlər. Ona görə də xeyirxahdırlar".
Lənkəranla tanışlıqdan sonra II Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları oktyabrın 7-də Lerik rayonunda olacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında