M.F.Axundzadə adına Milli Kitabxananın Xarici ədəbiyyat və Beynəlxalq kitab mübadiləsi şöbəsinin müdiri Xəyalə İsmayılova və AMEA-nın Əlyazmalar İnstitutunun Fars ədəbiyyatı şöbəsinin müdiri Möhsun Nağisoylu Çexiya Milli Kitabxanasında ezamiyyətdə olmuşlar. Ezamiyyətin məqsədi Çexiya Milli Kitabxanasının Şərq fondunda qorunan Azərbaycan ilə əlaqədar XVII-XVIII əsrlərə aid qədim əlyazmanın öyrənilməsi və araşdırılması olmuşdur.
Ezamiyyə zamanı Çexiya Milli Kitabxanasının Əlyazmalar və qədim kitablar şöbəsində ərəb, fars, türk (Osmanlı) qədim əlyazmaları tədqiq edilmiş və araşdırılmışdır.
Məlum olmuşdur ki, Çexiya Milli Kitabxanasında 1200 yunan, ivrit, ərəb, fars, türk, şərq və s. dillərində əlyazmalar qorunub saxlanılır. Bunlardan 680 əlyazma ərəb (196), fars (149) və osmanlıcadır (335).Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı (mct.gov.az) məlumat yayıb.
Məlumatda deyilir ki, kataloqda əlyazmalar dillərə ayrılaraq XVIII əsr B fars, XVIII əsr A türk, XVIII əsr G ərəb inventar nömrələriylə kataloqlara salınmışdır. Fars dilində 149 əlyazmanın 22-si Azərbaycana aiddir. Azərbaycanın görkəmli şairləri Nizami Gəncəvinin "Xəmsə"si, Məhəmməd Fizulinin "Hədiqətül süəda"sı, Xaqani, Nəsimi, Saib, Məğribi Təbrizinin divanları ilə bağlı maraqlı məlumatlar əldə edilmişdir. Əlyazmalar XIV-XIX əsrləri əhatə edir. Fars dilində Nizami Gəncəvinin "Xəmsə" (XVI), "İsgəndərnamə", "Xosrov və Şirin", "Külliyate Nizami", Fizulinin "Hədiqətül süəda", məşhur şərhçi Şadi Abadinin "Xaqani divanının şərhi", "İksire təvarex" və "Ziynətül təvarix" adlı kitabları araşdırılmışdır.
Nizami Gəncəvinin XIV əsrə aid olan yarımçıq qalmış qədim əlyazması olan "Yeddi Gözəl" poeması öyrənilərkən məlum olmuşdur ki, "Xosrov və Şirin" poeması məhşur Çex şərqşünası Yan Ripkaya hədiyyə verilib. "Külliyate Nizami" XVII əsrə aid əlyazma 62 rəngli miniatürləri ilə diqqəti cəlb edir. Çexiya Milli Kitabxanası üçün fars mütəxəsissləri tərəfindən işlənib hazırlanan elektron katoloqda XVIII B 86 şifrəli əlyazma Nizami Gəncəvinin "Xəmsə"si kimi təsvir olunmuşdur. Əlyazmaya baxarkən aşkar olmuşdur ki, bu, məhşur fars şairi Əbdürrəhman Caminin poemalar toplusudur. Bu yanlışlıq Çexiya Milli Kitabxanasının əməkdaşlarına bildirilmiş, kitabın düzgün təsviri Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Xəyalə İsmayılova tərəfindən işlənmişdir.
XIX əsrə aid "Ziynətül təvarix" və Əli Qulu ibn Xosrov Fətəli şah Qacar tərəfindən yazılmış "İksiri təvarix" adlı əlyazmalarda geniş olaraq Səfəvi, Qacar, Ağqoyunlu, Qaraqoyunlu, İraq və fars tarixinə aid materiallar verilmiş, Azərbaycanın Gəncə, Göyçə mahallarının adı çəkilmiş, görkəmli sərkərdələri haqqında məlumat yer almışdır.
Türk dilində (osmanlıca) 335 əlyazmanın 15-i Azərbaycana aiddir. Füzulinin "Həqiqətüs-süəda"sı, Nəsimi və Fizulinin divanları, Əbdül Məcid Fereştenin 2300 sözdən ibarət lüğəti, Mahmud ibn Məhəmməd əl Təbrizi tərəfindən yazılmış ovçuluğun sirlərindən bəhs edən "Baznamə" kitabları öyrənilmişdir. Bununla yanaşı, türk dilində tibbə aid müalicəvi reseptlər verilmiş "İlace şərbət", şəkilli hərbi memarlıqdan bəhs edən "Şərhə nosxeyi fənne hərb" kitabları tədqiq edilmişdir.
Ərəb dilində 196 əlyazmanın 2-si Azərbaycana aiddir. Kitablar Sührəvərdi və Tusi haqqındadır. Səfər çərçivəsində Çexiya Şərqşünaslıq İnstitutunun kitabxanasında olan mütəxəsislərimiz oradakı əlyazmaları araşdırmış, bir neçə türk əlyazması ilə-Əhməd Əfəndi, İbrahim Çələbi, Əhməd Paşa, Suzi kimi şairlərin şeirlər toplusu və Qurani Kərimin türk dilinə tərcüməsiylə yaxından tanış olmuşlar. Burada XVII əsrə aid Nəsiminin divanına, Nizami Gəncəvinin "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə"sinə baxılmışdır. Qövsi Təbrizinin "Küllüyyate divane Qövsi" adlı əlyazması diqqəti daha çox çəkmişdir. Məlum olmuşdur ki, kitabda "Dişin ağrıyorsa çək qurtul", "Ağac nə qədər bar gətirərsə başın aşağı dutar" və s. kimi qədim atalar sözləri, haşiyədə Fizulinin şeirləri və "Söz" qəzəlinə Q.Təbrizinin yazdığı nəzirə yer almışdır.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.