Azərbaycanlı deputatın məruzəsi Avropada ali təhsilin gələcəyinə töhfə kimi qiymətləndirilmişdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının son iş günündə bir sıra mühüm ümumavropa səciyyəli məsələlərlə yanaşı, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun da məruzəsi müzakirəyə çıxarılmışdır. "Avropa ali təhsil məkanının birliyi və beynəlxalq açıqlığı" adlanan bu məruzə əvvəllər "Bolonya prosesi" adlanmış, hazırda isə "Avropa Ali Təhsil Məkanı" deyilən problemə həsr olunmuşdu.
Məruzə getdikcə Avropa sərhədlərini də aşaraq ümumdünya xarakteri alan prosesin bir qədər də sürətləndirilməsi və mükəmməlləşdirilməsi üçün vacib istiqamətlər verən bir tədqiqat kimi 2 ilə yaxındır ki, Avropa Şurasının diqqətindədir və Assambleyanın payız sessiyasında plenar iclasa çıxarılanadək bir neçə dəfə geniş müzakirə edilmişdir. Avropa Şurasının qaydalarına uyğun olaraq əvvəlcə məruzəçi Rafael Hüseynov hazırladığı hesabatla əlaqədar ətraflı məlumat vermişdir. Deputat R.Hüseynov Assambleya üzvlərinə araşdırmanın mahiyyəti ilə əlaqədar demişdir: "Müzakirəsinə toplaşdığımız bu mövzu bir neçə gün ərzində Assambleyada ətrafında diskussiyalar apardığımız məsələlərin hamısından seçilir. Çünki bu mövzu hər birimizə, Avropa qitəsinin hər ailəsinə, dünyanın bütün insanlarına aiddir. Təhsil hamımızın indimiz və gələcəyimiz deməkdir və bu sahə nə qədər mükəmməl olarsa, cəmiyyət də ona müvafiq olaraq daha artıq tərəqqi edər, daha kamil olar. Ortaq Avropa evini yaratmaq, ölkələrimizin bir-birinə daha çox yaxınlaşmasını, birliyini təmin etmək siyasi fəaliyyətlərimizin təməlində dayanır. Bu baxımdan, təhsil ən vacib qovuşdurucu elementlərdən sayılmalıdır. Avropada ortaq təhsil məkanının formalaşdırılması yolunda ilk addımlar hələ XX əsrin ortalarında atılmağa başlamışdır. Universitetlərin verdiyi diplomların və universitet təhsili müddətlərinin ekvivalentliyi, universitet kvalifikasiyalarının akademik tanınması haqqında 1953, 1956, 1959-cu illərdə Parisdə imzalanmış 3 konvensiya bu istiqamətdə etibarlı zəminə çevrilmiş, müştərək təhsil fəzasının formalaşdırılması yolunda səylər durmadan artırılmış və indiyə qədər də davam etməkdədir. 2001-ci ildən indiyə qədər - əvvəlcə Bolonya prosesi adlanmış, hazırda isə Avropa Ali Təhsil məkanı deyilən cərəyana qoşulan ölkələrin sayı başlanğıc dövrə nisbətən 3 dəfə artaraq 50-yə yaxınlaşırsa, yeni ölkələr bu sıraya qoşulmaq istəklərini ardıcıl olaraq ifadə etməkdədirsə, bu, Avropa və dünya ölkələrinin ali təhsil sahəsindəki müştərək maraq və çalışmalarının real ifadəsi hesab edilməlidir. Əlbəttə, dünyamız 50-60 il əvvələ nisbətən daha kiçik olub, ölkələri ayıran sərhədlər şəffaflaşıb, siyasi sistemlərdə dəyişikliklər baş verib və tələbə üçün təhsil məkanı anlayışı da bu qloballaşma proseslərinə müvafiq olaraq dəyişib. 1997-ci ildə imzalanmış Lissabon konvensiyası ali təhsil sahəsində məkan vahidliyini və yaxınlaşmanı, tələbə mübadilələrini əks etdirən başlıca hüquqi sənəd kimi yalnız Avropa ölkələrini hədəf götürürdüsə, indi Avstraliya, Kanada, İsrail, Qazaxıstan, Amerika Birləşmiş Ştatları, Yeni Zelandiya və geniş coğrafiyanı əhatə edən digər ölkələrin də həmin sənədə imza atması bir tərəfdən bu sənədin necə böyük beynəlxalq əhəmiyyət kəsb etdiyini göstərirsə, digər tərəfdən ali təhsildəki qloballaşmanı əyani şəkildə nümayiş etdirməkdədir".
Daha sonra məruzəçi özünün də təhsil işçisi olduğunu bildirərək uzun illik təcrübə və müşahidələr əsasında mövcud təhsil sistemində olan boşluqlar, onları necə aradan götürmək, Avropa və dünyada müştərək təhsil sistemini daha da cilalamaq üçün nələri etmək lazım gəldiyindən bəhs etmişdir. R.Hüseynov demişdir: "Mən 25 ildən çoxdur ki, ali təhsil sahəsində çalışıram, öz Vətənimdə və olduğum bir çox Avropa universitetlərində yaxınlaşma proseslərini bilavasitə içəridən izləyirəm. Lakin məruzə üzərində işlədiyim son 2 ildə problemin təfərrüatlarına daha yaxından diqqət yetirmək zəruriyyəti və imkanları yarandı. İlk növbədə qətiləşən inam bundan ibarət oldu ki, bu qayıdışsız və uğurlu gələcəyi olan prosesdir. Lakin yaxından müşahidələr bu prosesin daha rəvan davam etməsi üçün bir sıra problemlərin aradan qaldırılmasını da tələb edir.
Məşhur fransız alimi Lui Paster (1882-1895) bir vaxtlar "Elmin Vətəni yoxdur, alimin Vətəni var" söyləmişdi. Bu aforizmi öz tədqiqat sahəmizə, təhsilə tətbiq etsək söyləməliyik ki, Avropa Ali Təhsil Məkanına qoşulmuş və qoşulmaq niyyətində olan ölkələr, onların təmsil etdiyi dillər, xalqlar fərqlənsə də, hər müəllimin və tələbənin öz Vətəni varsa da, təhsilin vətəni yoxdur. Lakin burası da var ki, hər xalqın da tarixən formalaşmış müəyyən təhsil ənənələri mövcuddur. Ona görə də bu müştərək prosesə qoşularkən orta qızıl həddi itirməmək, köhnə ənənələrin mütərəqqi tərəfləri ilə qoşulduğumuz yeni prosesin əsas şərtlərini üzvü şəkildə uyğunlaşdırmaq, dəqiq balanslaşdırmaq tələbi də ortaya çıxır.
Avropa Ali Təhsil Məkanı ideyası gələcəyə yönəlmiş bir məqsəd, təhsil memarlığının fəlsəfəsini daşıyan bir xətt olduğundan daim inkişaf siyasəti barədə düşünməyə çağırır. Üzv ölkələr və prosesə qoşulmaq istəyən ölkələr arasında inkişaf siyasəti ilə bağlı daimi dialoq çox əhəmiyyətlidir. Mütəmadi keçirilən nazirlər konfransları və qeyri-üzv ölkələrin də bu toplantılara qatılması, dialoq prosesinin intensivləşdirilməsi, yaxınlaşmanın artması ilə yanaşı, problemlərin müəyyənləşdirilib aradan qaldırılmasına ciddi yardım edir.
Təhsil özü də bir siyasətdir və qlobal siyasətin ayrılmaz parçasıdır, ölkələrin inkişafını təmin edən mühüm amillərdəndir. Təbii ki, təhsilin inkişafı, Avropa Ali Təhsil Məkanı prosesinin daha müvəffəqiyyətli olması üçün dövlətlərin, xüsusən parlamentlərin daimi və ciddi dəstəyinə ehtiyac vardır. Düşünürəm ki, Avropa Şurası da öz növbəsində üzv və qeyri-üzv dövlətlərin parlamentləri arasında bu sahədə əməkdaşlığın daha da dərinləşməsi işinə mümkün töhfələrini vermək üçün səyləri artırmalıdır".
Avropada Ali Təhsil Məkanının coğrafi baxımdan konsolidasiyası və beynəlxalq nöqteyi-nəzərdən şəffaflığını daha geniş ölçüdə təmin etmək, bu istiqamətdəki təcrübələri tədqiq və təhlil edərək daha artıq inkişafa nail olmaq üçün müəyyən ideyalar təklif edən məruzənin müəllifi hesabatın hazırlandığı dövr ərzində keçirilən çoxsaylı müzakirələrdən söz açmış, mövzu ilə bağlı 2011-ci ildə Zaqrebdə, 2012-ci ilin martında Parisdə - UNESCO-da, 2012-ci ilin mayında Buxarestdə dünyanın bir sıra tanınmış təhsil mütəxəssisləri, ekspertlər, universitet professorları ilə keçirilmiş 3 kollokviumun təfərrüatlarını diqqətə çatdırmışdır.
Daha sonra R.Hüseynovun təqdim etdiyi məruzə ətrafında müzakirələr başlanmışdır. Əvvəlcə siyasi qrupların mövqeləri dinlənilmişdir. Avropa Demokratları qrupunu təmsil edən Böyük Britaniyadan olan deputat Devid Davies, Avropa Xalq Partiyası qrupu adından söz söyləyən italiyalı Luka Valonte, Sosialistlər qrupunun nümayəndəsi avstriyalı Stefan Şennax, Avropa Naminə Liberal Demokratların Alyansı qrupunun üzvü moldovalı Ana Qutu çıxışlarında məruzəni yüksək qiymətləndirmiş, siyasi qrupların bu hesabatın Avropada ali təhsilin gələcək inkişafına sanballı töhfə olması barədə mövqeyini bəyan etmişlər.
Müzakirələrdə R.Hüseynovun əvvəlki illərdə müxtəlif komitələr xətti ilə Assambleyada hazırladığı məruzələrdə olduğu kimi, bu hesabatda da yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirən fransalı Jan Deo, irlandiyalı Maykl Maknamara, türkiyəli Gülsün Bilgehan və digərləri təklif olunan ideyaların Avropada ali təhsilin daha yüksək tərəqqisi üçün mötəbər zəmin yaratdığı barədə qənaətlərini bölüşmüşlər.
Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, Elm, Təhsil, Media komitəsinin təqdimatı ilə ingilis və fransız dillərində tam mətnləri nəşr edilərək yayılmış məruzənin ayrıca kitab halında buraxılması da nəzərdə tutulur.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında