Cəmiyyətin həyatında multikulturalizmin rolu məsələsi ilə bağlı geniş diskussiyalar aparılmışdır

İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Cəmiyyətin həyatında multikulturalizm" mövzusunda "dəyirmi masa" keçirilmişdir. 
"Dəyirmi masa"ya moderatorluğu Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Avropa Parlamentinin üzvü, Parisin 7-ci rayonunun meri Raşida Dati, Malayziya Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Ku Caaffar Şaari etmişlər.
"Dəyirmi masa"nı açan Kamal Abdulla Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışmış, müzakirə olunacaq məsələlər barədə məlumat vermişdir.
Raşida Dati və Dato Ku Caaffar Şaari də müzakirə olunan mövzuların aktuallığı baxımından Forumun böyük nəticələr verəcəyinə əminliklərini bildirmişlər.
Bu "dəyirmi masa" çərçivəsində üç bölmə iclası keçirilmişdir.
Moderatoru İSESCO baş direktorunun şəxsi nümayəndəsi Əhməd Səil Oldbah olan "Dinlərarası dialoq problemi: dəyərlər və hüdudlar" mövzusundakı birinci bölmə iclasında Koreya Respublikasının Hankuk Xarici Araşdırmalar Universitetinin Türkiyə-Azərbaycan üzrə tədqiqatlar şöbəsinin professoru Çonq Jin Oh "Multikulturalizmin təkamülü və Koreya müsəlman icmalarının inkişafı", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov "Azərbaycan multikulturalizm modeli: tolerantlıqdan qarşılıqlı hörmətə", Pakistanın Milli Müasir Dillər Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri Zülfüqar Əl-Qureşi "Multikulturalizmin İslamda yeri", AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva "Qloballaşan dünyada dinlərarası dialoq" və Türkiyədəki Mərmərə Fondunun prezidenti Mehmet Akkan Suver "Multikultural fərqliliklərdə dinlərarası dialoq" mövzularında çıxışlar etmişlər.
Çıxışlarda bütün mədəniyyətləri və dinləri özündə ehtiva edən multikulturalizmin təmin olunmasında mədəni, siyasi, etnik və sair hüdudların, eləcə də müxtəlif dəyərlər arasındakı fərqlərin və ziddiyyətlərin aradan qaldırılmasının zəruriliyi vurğulanmışdır.
"Multikultural cəmiyyətdə etnik, sosial, dini fikir ayrılıqlarının idarə olunması metodları və onların müxtəlif identikliklərə uyğunluğu" mövzusundakı ikinci bölmə iclasının moderatorları Estoniyanın sabiq Prezidenti Arnold Rüütel, Berkli Kaliforniya Universitetinin Slavyan, Şərqi Avropa və Avrasiya Araşdırmaları İnstitutunun direktoru Yuri Slyozkin, Türkiyə parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Mövlud Çavuşoğlu, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, Bakı Slavyan Universitetinin professoru Etibar Nəcəfov və İndoneziya parlamentinin deputatı xanım Nurhəyati Əli Assegaf olmuşlar.
İclasda UNESCO-nun daimi nümayəndələri klubunun fəxri üzvü, Hondurasdan olan xanım Sonia Mendieta-de-Badaru "Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərin dialoqu və sülhün səmərəli inkişafı vasitəsi kimi", UNESCO-nun daimi nümayəndələri klubunun fəxri üzvü Məhəmməd Zahir Əziz "Multikulturalizm cəmiyyətin həyatında - multikulturalizm cəmiyyətin güc və birlik mənbəyi kimi", İtaliyanın Trento Universitetinin fəxri professoru Cianfranko Pocci "Ölkə daxilində müxtəlif mədəniyyətlərarası konfliktlərin qarşısının alınmasına yanaşma", Pakistanın Kaydi-Əzəm Universitetinin tarix fakültəsinin müdiri Razia Sultana "Multikulturalizm və cəmiyyət", İtaliyanın Siena Universitetinin professoru Robert de Vita "Multikulturalizmdən cəmiyyətdə intermədəni plüralizmə doğru", Fransanın Nitsa Universitetinin hüquq və siyasi elmlər fakültəsinin dekanı, professor Kristian Vallar "Fransa Respublikası multikulturalizmə uyğunlaşırmı?", BSU-nun professoru Rəhilə Qeybullayeva "Sacrifice və onun kulturoloji qatları", BSU-nun professoru Etibar Nəcəfov "Multikulturalizm kontekstində milli və dini dəyərlərin rolu", İtaliyanın Trento Universitetinin professoru Cüzeppe Şortino "Multikulturalizm uyğunsuzluqdurmu? Son müzakirələrdə empirik və normativ iddiaların vəhdəti", Ukrayna mədəniyyət nazirinin müavini Timofey Kokan "Ukrayna cəmiyyətinin həyatında multikulturalizm", Fransanın Sofia-Antipolis Universitetinin hüquq və siyasi elmlər fakültəsinin beynəlxalq əlaqələr üzrə direktor müavini Ugo Bellagamba "Multikulturalizm və hüquqi plüralizm. Fransa cəmiyyətində erkən orta əsrlər (V-VIII əsrlər)", Siena Universitetinin professoru Fabio Berti "Milli və yerli immiqrasiya siyasəti: Toskananın regional immiqrasiya hüququ" mövzularında məruzələrlə çıxış etmişlər.
Bu bölmə iclasında çıxış edənlər etnik, sosial, dini fikir ayrılıqlarının idarə olunmasında mühüm əhəmiyyət daşıyan multikulturalizmi cəmiyyətin inkişafına təkan verən və münaqişələrin qarşısını alan amil kimi qiymətləndirmiş, onun danılmaz və fasiləsiz davam edən proses olduğunu vurğulamışlar.
"Qərbdə və Şərqdə multikulturalizm və inteqrasiya proseslərinin analogiyaları və fərqləri" mövzusundakı üçüncü bölmə iclası ABŞ-ın Demokratlar Partiyasından sabiq konqresmeni Maykl Eduard Mak-Mahonun moderatorluğu ilə keçmişdir.
İclasda İtaliyadakı Florensiya-CNR-in tədqiqat direktoru Mahmud Salem Elşeyx "Tarixi yanlışlıqların aradan qaldırılması", Pakistanın "Balochistan Today" gündəlik qəzetinin baş redaktoru Yar Muhammad Badini "Pakistan multikulturalizm cəmiyyəti kimi (Belucistan məsələsi)", BSU-nun kafedra müdiri İrina Kunina "Multikulturalizm şəraitində konfessional dinamika və Azərbaycan", "The Korea Times" qəzetinin rəhbəri və naşiri Park Moo-Jong "Cənubi Koreya: Multikultural cəmiyyət", Sidney Universitetinin professoru Frank Salter "Qərb multikulturalizminin humanitar aspektləri" mövzularında çıxışlar etmişlər.
Çıxışlarda son dövrlərdə bəzi Qərb ölkələrində mədəniyyətlərarası və sivilizasiyalarası dialoq baxımından gərginliyin artdığı, multikulturalizmə təhlükə yarada biləcək etnik, dini dözümsüzlük hallarının ortaya çıxdığı təəssüfdoğurucu hal kimi qiymətləndirilmişdir. Bildirilmişdir ki, bu halların qarşısının alınmasında dövlətlərlə bərabər, beynəlxalq qurumlar da səylərini artırmalı, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının səylərini ciddi dəstəkləməlidirlər. Bildirilmişdir ki, müxtəlif mədəniyyətlərin sintezindən ibarət olan multikulturalizmin təşviqi fərqli dini, etnik, mədəni kimliyə sahib xalqlar arasında ziddiyyətlərin aradan qaldırılmasında, ortaq dəyərlərin inkişaf etdirilməsində yeganə və ən təsirli vasitədir.
"Dəyirmi masa"nın yekununda aparılan müzakirələrdə İkinci Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan məsələlərin həlli istiqamətində yeni ideya və çağırışların müəyyən edilməsi baxımından uğurlu keçdiyi vurğulanmışdır.
Tədbir iştirakçıları, həmçinin belə mötəbər Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafındakı misilsiz xidmətlərinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
* * *
Bütün "dəyirmi masa"larda İkinci Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi müzakirə olunaraq səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir.
Bununla da ikigünlük Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında