Bakı Beynəlxalq Humanitar Forumunun B Ə Y A N N A M Ə S İ

Biz, 2012-ci il oktyabrın 4-5-də Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün müxtəlif ölkələrin Bakıda toplaşmış siyasət, elm, təhsil, mədəniyyət və kütləvi informasiya vasitələri nümayəndələri 
Birləşmiş Millətlər Təşkilatının "Minillik Bəyannaməsi"ni rəhbər tutaraq və qloballaşma prosesinə ədalətli xarakter verilməsinin vacibliyini qəbul edərək,
siyasi və elmi elitanı, nüfuzlu beynəlxalq strukturları dinamik qloballaşan cəmiyyətdə humanitar problemlərə xüsusi diqqət yetirməyə çağıraraq,
müasir dövrdə elmin və texnikanın tərəqqisinin insanı, cəmiyyəti və bütövlükdə sivilizasiyanı dərin dəyişikliklərə məruz qoyduğunu qeyd edərək,
- İqtisadi inkişafın humanitar aspektləri
- Konvergent texnologiyalar və gələcəyin konturları
- Müasir kütləvi informasiya vasitələri və yeni çağırışlar
- Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi
- XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar
- Müasir səhiyyəyə baxışları dəyişən texnologiyalar və molekulyar biologiya
- Multikulturalizm və mədəni özünüdərk
- Cəmiyyətin həyatında multikulturalizm
kimi humanitar problemlərin nəzərdən keçirilməsinin vacibliyini vurğulayaraq,
dayanıqlı iqtisadi inkişafın insan kapitalının yeni keyfiyyətlərini tələb etməsini və bütövlükdə insan amilini nəzərə almadan onun gerçəkləşdirilməsinin qeyri-mümkünlüyünü dərk edərək,
qlobal dəyişikliklər və elmin, konvergent texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə yaşadığımızı nəzərə alaraq,
bugünkü texnologiyaların nəinki dünya siyasətini, cəmiyyətləri, milli mədəniyyətləri, hətta insan fenomeninin özünü belə köklü şəkildə dəyişmək iqtidarında olduğunu etiraf edərək,
müasir cəmiyyətin həyatında kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin rolunun getdikcə artması ilə bağlı meydana çıxan problemlərə yeni yanaşmaların tələb olunduğunu nəzərə alaraq,
yaranmış şəraitdə mədəniyyətin hər bir insan üçün və bütövlükdə bəşəriyyət üçün taleyüklü əhəmiyyət kəsb etdiyini vurğulayaraq,
postmodern dövrünə xas yeni mədəni kontekstin ənənəvi dəyərləri, stereotipləri və yanaşmaları alt-üst etməsinin yaşadığımız zamanın xüsusiyyətlərindən birinə çevrilməsini qeyd edərək,
qloballaşmanın yeni-yeni aspektlərini, onların ictimai və sosial-mədəni proseslərə təsirini nəzərə alaraq,
müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən bio-, nano-, info- və digər texnologiyaların yeni humanitar etikanın formalaşdırılması məsələsini son dərəcə aktuallaşdırdığına diqqəti yönəldərək,
qloballaşma şəraitində multikulturalizm konsepsiyasına yeni həyat verilməsinin zəruriliyini anlayaraq və onun mədəni müxtəlifliyin, mədəniyyətlərarası dialoqun formalaşması üçün ən sanballı vasitə olduğunu qəbul edərək,
Forumda qloballaşma proseslərinin nəticəsi olaraq yaranan, elmin, texnikanın inkişafı və informasiya cəmiyyətinin bərqərar olması ilə meydana çıxan çox sayda humanitar problemlərlə bağlı aparılmış müzakirələrin yüksək dərəcədə səmərəli olduğunu vurğulayırıq;
Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində aparılmış hərtərəfli və müxtəlif səviyyəli dialoqun zamanımızın aktual çağırışlarına adekvat olduğunu düşünürük;
multikulturalizm konsepsiyasına yeni yanaşmanın və onun müasir cəmiyyətdə getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyirik;
dövlət siyasətinin tərkib hissəsi kimi multikulturalizmin imkanlarından istifadənin vacibliyini və onun həm müxtəlif mədəniyyətlərin inkişafı, həm də bütün bəşəriyyətin əldə etdiyi mədəni nailiyyətlərin qorunması və zənginləşməsində əhəmiyyətini qeyd edirik;
multikulturalizm problemlərinin fəlsəfi və etik aspektlərinin bundan sonra tədqiqinin ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısını almaq üçün kütləvi informasiya vasitələrində lazımınca işıqlandırılmasının vacibliyinə xüsusi diqqət yetiririk;
dünya ictimaiyyətini, siyasətçiləri və alimləri Azərbaycanın dünyada multikulturalizm problemlərinin tədqiqi üzrə xüsusi mərkəzin yaradılması ilə bağlı təşəbbüsünü hamılıqla müdafiə etməyə çağırırıq;
dünyanın müxtəlif regionlarında getdikcə artan qarşıdurma meylləri ilə yanaşı əməkdaşlığa və qarşılıqlı anlaşmaya zəmin yaradan hazırkı proseslərin universitetlərdə, elmlər akademiyalarında və ayrı-ayrı fondlarda elmi fəaliyyətin diqqət mərkəzində dayanmalı olduğunu düşünürük;
elmin sürətli inkişafının yeni elmi paradiqmanın təşəkkülünə yol açdığını və onun təhsildə öz əksini tapmasının zəruri olduğunu etiraf edirik;
konvergent texnologiyaların gələcək üçün rolunu və əhəmiyyətini vurğulayırıq;
nano-, bio-, info- və koqnitiv texnologiyaların inkişafına və onlardan lazımınca istifadəyə böyük diqqət yetirilməsini vacib sayırıq;
hər bir cəmiyyətin ənənəvi xüsusiyyətlərini nəzərə alaraq onun inkişaf prosesinin özünəməxsusluğunu və müxtəlifliyini dərk edirik;
tarixdə analoqu olmayan fenomen kimi informasiyanın formalaşması və yayılması prosesində yeni texnologiyaların və sosial şəbəkələrin rolunun artmasını etiraf edirik;
beynəlxalq qurumları və müxtəlif humanitar təşkilatları dövlətlər, vətəndaş cəmiyyətləri və konfessiyalar arasında tolerantlıq mühiti yaratmağa və sivilizasiyalararası münaqişələrin qarşısını almağa xidmət edən əsl mədəniyyətlərarası dialoqun gerçəkləşdirilməsi məqsədi ilə forumlar, konfranslar, müzakirələr və dəyirmi masaların təşkilinə davamlı olaraq təşəbbüs göstərməyə çağırırıq;
Bu kimi forumların hər il keçirilməsinin zəruriliyinə əminliyimizi ifadə edərək Azərbaycan Prezidentinə və hökumətinə, Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına bu günlərdə Bakını humanitar problemlərin müzakirəsi mərkəzinə çevirən belə mötəbər tədbiri keçirdiklərinə görə dərin minnətdarlığımızı bildiririk.
Bu Bəyannamənin qəbul edilməsini və beynəlxalq humanitar əməkdaşlığın inkişafı istiqamətində istifadə olunmasını vacib sayırıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında